RU

“Bayern”in baş direktoru Kompani və Keyn haqda razılıq etdi

Almaniya nəhəngi “Bayern”in baş direktoru Yan-Kristian Drezen Münhen klubunun iki uğurlu sövdəsi haqda razılıqla söhbət açıb.

Arena.az məlumat verir ki, alman mütəxəssis “Bayern”in belçikalı baş məşqçisi Vensan Kompaninin və ingilis mərkəz hücumçusu Harri Keynin əldə edilməsinin bu klub üçün çox uğurlu sövdə olduğu qənaətindədir.

Drezenə görə, Kompani çox baxımlı futbol ortaya qoyur ki, bu da azarkeşlərin “Bayern”in oyununa gəlməsini şərtləndirir:

“Biz yenidən, azarkeşlərin stadiona getməkdən məmnun olduğu futbolu görürük. “Bayern” bir il əvvəl olduğu kimi, mütəmadi olaraq fərqli oyunçulardan istifadə etmir. Bu baxımdan, Vensan bizim üçün əlbəttə ki, çox yaxşı bir tapıntıdır. Biz cəlbedici futbol oynayırıq və çoxlu qollar vururuq. Düşünürəm ki, biz düzgün bir yoldayıq”.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 16 oyuna çıxarıb, 12 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət yaşayıb.
10 turdan sonra “Bayern” 26 xalla Almaniya Bundesliqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb.

“Keyn bizim ona olan ümidlərimizi tam doğrultdu”

Alman mütəxəssis həmçinin münhenlilərin ingilis mərkəz hücumçusu, “qolçu centlmen” Harri Keyn haqda fikrini ifadə edib:

“2023-cü ilin yayında Harri Keynin transferi baş direktor vəzifəsində mənim üçün parlaq məqam oldumu? “Tottenhem”dən bu keçid çox çətin bir qoz idi (gülür). Bizə çox səbr gərək oldu.

Ancaq bu imzalanma, əlbəttə ki, bizim, dünyanın ən yaxşı oyunçuları uğrunda İngiltərə Premyer Liqasının ən yaxşı klubları ilə rəqabət apara biləcəyimizə dair böyük bir ifadə idi. İngiltərə yığmasının kapitanının Münhenə gətirilməsi qeyri-adi, mütləq parlaq hadisədir.

Harri də bizim ona olan ümidlərimizi və gözləntilərimizi tam doğrultdu”, – “Bayern”in rəsmi “X” sosial şəbəkə hesabı Drezendən sitat gətirir.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 16 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 61 oyun, 61 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Избранный
19
arena.az

1Источники