RU

Azərbaycan- Ermənistan əlaqələri çoxşaxəli olmalıdır – AÇIQLAMA

 “Sülh müqaviləsi nə qədər vacib olsa da, öz-özlüyündə iki ölkə arasında real və uzunmüddətli sülhün, əməkdaşlığın yaranmasının təminatçısı ola bilməz”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspertin sözlərinə görə, tərəflər arasında imzalanacaq saziş baza sənədi olacaq:

"Əsas sülh sazişindən əlavə digər sənədlər, anlaşmalar da labüddür. Bu baxımdan Azərbaycan-Ermənistan arasında danışıqlar müxtəlif mövzuları əhatə edir. Yol-nəqliyyat infrastruklarının deblokada olunması ilə bağlı danışıqlar, sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr, diplomatik əlaqələrin qurulması və bununla bağlı ilkin razılaşmalar olduqca əhəmiyyətlidir”.

Müsahibimizə görə, bunları nəzərə alsaq, deyə bilərik ki, normal şəraitdə Azərbaycan və Ermənistan arasında əlaqələr çoxşaxəli olmalıdır. Bunun üçün isə əvvəlcə baza sənədi, yəni əsas sülh sazişi imzalanmalıdır. Sonrakı mərhələlərdə isə digər müxtəlif sahələrlə əlaqədar əlavə sənədlərin müzakirəsi, anlaşma əldə olunması ehtimalı mümkündür.

İlqar Vəlizadə: istənilən danışıq, anlaşma, sənəd və sazişlər strateji xarakter daşımalıdır

Analitik qeyd edib ki, Paşinyan müəyyən dərəcədə hadisələri tələsdirir, gələcəkdən danışır:

"Amma gələcəyə doğru getmək üçün addımlamaq lazımdır. Bütün hallarda istənilən danışıq, anlaşma, sənəd və sazişlər strateji xarakter daşımalıdır, uzunmüddətli və qalıcı olmalıdır. Azərbaycanın təklifləri ortadadır, Ermənistan da şərtlərə və öhdəliklərinə əməl edərsə, bu, mümkündür".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının dekabr ayında davam etdiriləcəyi deyilir. Prezidentin köməkçisi Hikmət Hacıyev də vurğulayıb ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar. Onun sözlərinə görə, hazırda Azərbaycanın gündəmindəki əsas mövzu COP-29-dur. Yəni dekabr ayı ərzində ən azından XİN rəhbərləri səviyyəsində müəyyən görüşlərin baş tutacağı ehtimalı var. Ötən ay Kazanda iki ölkənin rəhbərləri nazirlərə danışıqları intensivləşdirməyi tapşırıb. Buna baxmayaraq, ilin sonunadək razılaşdırılmamış bəndlərlə bağlı ortaq məxrəcə gəlmək ehtimalı zəif görünür. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə vaxtında cavab vermir və prosesi uzadır. Sülhü yubadan digər amillərdən biri də Nikol Paşinyanın açıqlamalarıdır. Bu mənada Paşinyanın sonuncu bəyanatı da müzakirə predmetidir. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, "strateji sövdələşməyə" də ehtiyac var. Paşinyan Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxın olduqlarını da iddia edib və yenidən "sülh qovşağı"nın önəmindən danışıb.

Aydın Baxış

Избранный
26
bakivaxti.az

1Источники