RU

Yeni Azərbaycan Partiyasının 32 illik inkişaf yolu

Yeni Azərbaycan Partiyasının (YAP) yaranması, müstəqil Azərbaycan dövlətinin güclənməsinə və inkişafına böyük töhfələr verən əhəmiyyətli bir hadisədir. Partiya  Milli Qurtuluşdan – Tarixi Zəfərimizə qədər çətin, lakin şərəfli bir yol keçmişdir. “Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində  xüsusi yeri var. Ulu Öndər Heydər Əliyev demişdi: "YAP dünənin, bu günün və sabahın partiyasıdır." Bu sözlər, partiyanın yalnız keçmişin dəyərlərini deyil, gələcəyin hədəflərini də nəzərdə tutaraq fəaliyyət göstərdiyini təsdiqləyir.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi və sosial böhran içərisində idi. O dövrün mürəkkəb şəraitində, xalqın gələcəyini düşünən ziyalılar və Heydər Əliyev ətrafında birləşərək, müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün yeni bir siyasi qüvvə yaratmağa qərar verdilər. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsisi, ölkə üçün mövcud olan böyük zərurəti əks etdirərək, dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi üçün atılmış mühüm bir addım oldu.

Heydər Əliyev, YAP-ı yalnız siyasi qüvvə olaraq deyil, həm də milli birlik, dövlətçilik və sabitlik üçün fəaliyyət göstərən bir təşkilat kimi qurdu. Partiyanın ideyası, vətənə sadiq və ümummilli maraqlara xidmət edən bir siyasi platforma formalaşdırmaq idi. Bu gün də YAP, Ümummilli Liderin ideyalarına əsaslanaraq Azərbaycanın ən böyük və ən güclü siyasi təşkilatına çevrilib.

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra, İlham Əliyev partiyanın rəhbərliyini öz üzərinə götürdü və bu təşkilat daha da gücləndi. Cənab Prezidentin liderliyi, partiyanın inkişafına və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına böyük təsir göstərdi. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkənin gələcək strateji hədəflərini elə planlaşdırıb ki,  uzunmüddətli dayanıqlı və davamlı  inkişaf təmin edilsin.  Vaxtı ilə Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.”  Artıq bu arzu deyil, biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatların çox böyük əhəmiyyəti var. Bu həm də ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da  öz əksini ifadə edir. Vətən müharibəsində parlaq Qələbə qazanaraq,  Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Tarixi torpaqlarımız erməni işğalından azad olundu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri öz töhfələrini verməklə, canları, qanları bahasına  qəhrəmanlıq göstərərək tarixi Qələbəni qazandı. Bu Qələbə hər bir azərbaycanlıya  stimul verdi, ləyaqətini qaytardı, əyilmiş qamətini dikəltdi.  Əlbəttə bu həm də aparılan uzaqgörən, düşünülmüş, müdrik siyasətin nəticəsi idi.   

 Yeni Azərbaycan Partiyası islahatlar açıq bir siyasi təşkilatdır. 2021-ci ildə YAP-ın VII qurultayında qəbul olunan Nizamnamə dəyişiklikləri və struktur islahatları partiyanın daha da güclənməsinə və müasir dövrün çağırışlarına cavab verməsinə imkan yaratdı. Həmçinin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP-ın sədrinin birinci müavini təyin edilməsi, qadınların siyasi iştirakçılığının daha da güclənməsi,   onlara olan böyük etimadın və dəstəyin əlaməti oldu. Mehriban xanım Əliyeva, Azərbaycan siyasi həyatında mühüm rol oynayaraq, partiyanın güclənməsinə və ölkə daxilindəki islahatlara öz dəstəyini verir.

Bugün, Yeni Azərbaycan Partiyası, yalnız ölkə daxilində deyil, həm də beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edərək müstəqil xarici siyasət yürüdür. Partiya, həmçinin sosial ədalət, vətəndaş hüquqları və iqtisadi inkişaf sahələrində geniş islahatlar apararaq ölkə daxilindəki siyasi, iqtisadi və sosial proseslərə rəhbərlik edir. Yeni Azərbaycan Partiyasının bu 32 illik tarixi, onun Azərbaycan xalqı və dövlətinə olan sadiqliyini, vətənə və dövlətə bağlılığını, həmçinin xalqın etimadını qazandığını bir daha sübut edir. Partiyanın gələcəkdəki məqsədi, Azərbaycanın siyasi gücünü artırmaq, sabitliyi qorumaq və xalqın rifahını yüksəltməkdir. YAP-ın yaranmasından bu günə qədər əldə etdiyi uğurlar, xalqın rifahı və dövlətin güclənməsi istiqamətində atılan hər bir addım, partiyanın Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağına əminlik yaradır.  Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ətrafında bundan sonra da daha sıx birləşərək, Ona dövlətimizin dinamik inkişafı naminə həyata keçirdiyi bütün islahatlarda var gücümüzlə salışmalıyıq.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

Избранный
5
1
sabahinfo.az

2Источники