RU

Azərbaycanda 30 il sonra bəstəkar QALMAYACAQ

Mən həmişə demişəm ölkəmiz necədirsə, mədəniyyətimiz də, sənətimiz də, ədəbiyyatımız da elədir. Bunlar ölkədən ayrı ola bilməz. Ölkənin ictimai-siyasi həyatı necədirsə, o sənətə də yansıyır.

 

Bunu Modern.az-a müsahibəsində bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

 

O qeyd edib ki, dövlət son 10 ildə bəstəkarlara, rəssamlara, yazıçılara dövlət qonorar vermir, əsərlərini almır:

 

"Bədii əsərlərin alınması üçün büdcədən pul ayrılmır. Baxın, mən skripka və fortepiano üçün sonata yazmaq istəyirəm, belə əsərlər bəstəkarın olmazsa-olmazıdır. Məsələn Bethoveni dünyaya tanıdan onun sonataları olub. Amma bu əsərləri gedib yeni il şənliklərində ifa edə bilməzsən. Belə olan halda bu cür əsərlərə pulu kim verəcək? Əvvəl bəyənmədiyimiz Sovet İttifaqı verirdi. İndi dövlət bəstəkara heç nə vermir,deyir bazar iqtisadiyyatıdır. Məndə yarızarafat edirəm ki, gedib bazara notalarımı satacam. Mənim əsərim internet üçün deyil. Keçən il Filarmoniyada 1 saatlıq əsərim -“Müşfiq ağıları” oratoryosu ifa edildi, onu 1 ilə yazmışam. Kənardan 5 solist əsəri ifa etmək üçün dəvət edilmişdi. Oratoriyanı ifa etmək üçün 1 ay hazırlaşdılar, konsertdən sonra Mədəniyyət nazirliyindən maraqlandım ki, bunların zəhmət haqqını verəcəksinizmi, mənə dedilər ki, bizdə elə pul yoxdur. Bu faciənin başıdır. Getdikcə, Cavanşir oratoriya yazmayacaq. Mənim heç qonorarımı verən yoxdur, düz 1 il işləmişəm o əsərin üstündə, deyəcəksiniz ki, vətən borcundur. Məndə cavab verəcəm ki, vətənin bəs borcu yoxmu? Təkcə biz vətənə borcluyuq? Keçdi o romantik zamanlar. Əgər vətən istəyirsə, bəstəkar peşəsi olsun, o zaman bu sahəyə diqqət ayırmalıdır".

 

Cavanşir Quliyevin sözlərinə görə, İndi bəstəkarlıq peşə sayılmır, bu, daha çox özfəaliyyət hesab edilir.

 

"Peşə odur ki, işləyəsən pul qazanasan. Kimsə bunu düşünmür, çünki hələlik bayramlarda ifa edilən musiqilər var. Amma gələcəkdə olmayacaq. Keçən il konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmaq üçün cəmi 1 nəfər müraciət etmişdi. Cavanlar arasında bəstəkarlıq peşəsinə maraq azalıb, baxırlar sağa-sola görürlər acından ölür indiki bəstəkarlar. Mənim evimə baxın elə. Ömür boyu işləmişəm, 1000 dən çox elə mahnım olub. İndiən deyirəm ki, Azərbaycanda təxminən 30 il sonra bəstəkar peşəsi olmayacaq. Özünə bəstəkar deyən olacaq, mahnı qoşanlar. O da desən heç not yaza bilməz. Mən nazirlə də görüşdüm, dedi mənə nə deyirlər onu edirəm", - tanımış bəstəkar qeyd edib.

 

Müsahibənin tam versiyasına bu linkə keçid edərək baxa bilərsiniz 

Избранный
79
35
modern.az

10Источники