RU

“Qarabağ”ın futbolçusunun giley-güzarı: “Ahəng pozulur, zamana ehtiyac duyulur”

Milli komandaların oyunları ilə bağlı yaranmış iki həftəlik fasilənin “Qarabağ”a necə təsir edəcəyini zaman göstərəcək.

Səfərdə “Budyo Qlimt” üzərindəki qalibiyyətlə Avropa Liqasında ilk qələbəsini əldə edən ağdamlıların əksər futbolçuları müxtəlif yığmalarda çıxış etməklə yadda qaldı.

Onların düşərgəyə necə qayıdacağı, xüsusən Azərbaycan millisinin üzvlərinin psixoloji durumu hansı səviyyədə olacağı sual doğurur. Qarşıda isə “Lion” və “Elfsborq”la önəmli matçlar var.

“Qarabağ”ın kolumbiyalı legioneri Kevin Medina Sportinfo.az-a yaranmış fasilənin komandasının xeyrinə, yoxsa ziyanına işləməsi ilə bağlı açıqlama verib:

“Milli fasilələrinin mənfi və müsbət tərəfləri var. Mənfi tərəfi odur ki, komanda istədiyi futbolu oynayıb, uğurlu nəticələr qazanmağa başlayanda, araya fasilə girir və əksər oyunçular millilərə qoşulur.

Qayıdandan sonra bəzilərindən zədə olur, bəziləri psixoloji baxımdan sarsıntı keçirir. Belədə ahəng pozulur ki, onu yenidən bərpa etmək üçün müəyyən zamana ehtiyac duyulur.

Son vaxtlar “Qarabağ” yüksəliş dövründə idi. Zədəlilərimiz nisbətən sıraya qayıdıb, xətlərarası anlaşma yaxşılaşıb və ən əsası, nəticələr ürəkaçandır.

Belə bir vəziyyətdə fasilənin yaranması... Amma nə etməli? Milli komandalar da oynamalıdır. Ona görə də bunu anlayışla qarşılamalıyıq.

Ümid edirəm ki, fasilədən sonra da istədiyimiz nəticələri qazanmaqda davam edəcəyik. Bu məsələdə pozitiv olmağa çalışıram”.

“Qarabağ” Premyer Liqanın 14-cü turu çərçivəsində noyabrın 23-də “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq. Noyabrın 28-də isə Avropa Liqasında Bakıda “Lion”u qəbul edəcək.

HƏBİB

Избранный
23
sportinfo.az

1Источники