RU

Parisin Bakıya "cırtdanlar"la hücumu - "Saman çöpündən yapışan" Makron

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Makron Fransası və erməni lobbisinin anti-Azərbaycan isterikası səngimir, erməni separatizminə son qoyan Azərbaycana qarşı hər cür vasitədən istifadə etməkdədir. BMT-nin ən ali və mötəbər tədbirlərindən biri - COP29 günlərində belə bu kampaniyaya son qoyulmur, əksinə, daha da genişləndirilir. Kampaniya uğursuz nəticələndikcə, daha da azğınlaşır, qərəz artır. Bu sıraya dünyada heç bir mövqeyə və nüfuza malik olmayan "cırtdan" dövlətlər də qoşulublar.
Söhbət Lüksemburq Deputatlar Palatasının Qarabağda separatçı hərəkətlərə yol verən və Azərbaycan torpaqlarında terror aktları törədilməsinə imza atan şəxslərin azad edilməsini tələb edən "qətnamə"dən gedir. "Sənəd" bütövlükdə terrorçuluqda ittiham olunan şəxslərin, separatçıların azad olunmasını nəzərdə tutur və ənənəvi köhnəlmiş fikirlər yığınıdır.
Qəbul edilən "qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" (persona non grata) elan etməsinə qarşı bənd də salınıb. Tələb də odur ki, rəsmi Bakı bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürməlidir.
Özünün milli dili olmayan Lüksemburqda fransız dili əsas dil kimi qəbul edilib. Bu səbəbdən palatanın separatizmə və terrorizmə dəstək verən qətnaməsini diqqətə almamaq da olardı. Heç bir siyasi çəkiyə və nüfuza malik olmayan "cırtdan" dövlətin özü nədir ki, onun parlamentinin çıxardığı qərar da nə olsun? Sadəcə, bir sıra məsələlərə görə sözügedən "qətnamə"nin üzərində dayanmağı zəruri saydıq.
Məsələ ondadır ki, noyabrın 1-dən etibarən Fransa bütün sərhədlərində nəzarəti bərpa edib. Müvəqqəti olan bu tədbir 30 aprel 2025-ci ilədək qüvvədə qalacaq.
Fransanın Baş naziri Mişel Barnier bildirib ki, ölkə noyabrın 1-dən altı Avropa dövləti ilə sərhədlərində nəzarətini bərpa edib. Və onların arasında Lüksemburq da var. Görünür, Lüksemburq Parisi "yola gətirmək" üçün bu addımı atıb.
Digər bir məsələ də ondan ibarətdir ki, ölkədə erməni lobbi və diaspor təşkilatlarının nüfuzu pik həddədir. Erməni lobbisinin və havadarlarının ümidləri artıq gərəksiz "cırtdan" dövlətlərə qalıb, növbəti mərhələdə San-Marino və Lix­tenşteyni görsək, təəccüb etmərik. Çox güman ki, erməni lobbisi Avropadan sonra Afrikaya, buradakı "cırtdan" dövlətlərə - Svazilend, Lesoto və digər ərazilərə üz tutacaq.
Ümumiyyətlə, Lüksemburqda anti-Azərbaycan əhvali-ruhiyyə çoxdan hiss olunur. Bundan əvvəl də ölkə parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Həmin sənəddə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri hədəfə alınmışdı. Bildirilmişdi ki, Azərbaycanın guya əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən çox erməni Qa­rabağdan köçmək məcburiyyə­tində qalıb. Orada Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırış da əks olunub. Tələb edilib ki, erməni hərbi əsir­lər dərhal azadlığa buraxılmalıdır.
Erməni lobbisindən yemlənən deputatlar anlamırlar ki, Azərbaycan tərəfi erməni əsirləri Ermənistan ərazisində saxlama­yıb.
Bundan əvvəl Lüksemburq parlamentinin sədri Klod Visler Ermənistana səfər edib. Şübhəsiz ki, bu, Fransanın göstərişi ilə baş tutub. O, Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın əleyhinə hədyanlar yağdırıb.
Lüksemburqda erməni lobbisinin təşkilatçılığı ilə azərbaycanlılara qarşı təxribatlar da törədilib. Məsələn, 2019-cu ildə "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində Lüksemburqda baş tutan oyunu zamanı keçmiş separatçıların drona bağlanmış qondarma bayrağının nümayişini yada salmaq kifayətdir.
Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Mədəniyyət Mərkəzinə müxtəlif qüvvələr tərəfindən hücumlar edilməsi, həmin şəxslərin kimlikləri məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməməsi də diqqətdən qaçmır.
Bir faktı da qeyd edək ki, Bakıda keçirilən COP29-da Lüksemburq ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmeslə təmsil olunur. Və ümid etmək olar ki, ölkəmiz haqqında əldə etdiyi məlumatlar əsasında onda obyektiv fikir formalaşacaq. Bunu da bədnam qərar qəbul edən ölkəsinin deputatlarına çatdıracaq.
Beləliklə, sözügedən "qətnamə" əvvəlkilər kimi ikrah doğurur.
Başda Fransa olmaqla, erməni lobbisinin Cənubi Qafqazda sülh prosesinə qarşı çağırışları fiasko ilə nəticələnəcək. İstər erməni lobbisi, istərsə də Fransa hökumətinin riyakar siyasəti "cırtdan" dövlətlərin əli ilə icra etmələri onların nə qədər aciz olduqlarından xəbər verir.
"Report" İnformasiya Agentliyi
Избранный
15
oxu.az

1Источники