RU

İctimai fəalın təcridxanada intihara cəhd etdiyi bildirilir

Nicat İbrahim həyat yoldaşına "ya buradan sağ çıxacam, ya da cəsədim çıxacaq” deyib

İctimai fəal Nicat İbrahimin noyabrın 20-də saxlandığı Bakı İstintaq Təcridxanasında intihara cəhd etdiyi bildirilir. 

Həyat yoldaşı Pərvin İbrahimlinin Meydan TV-yə verdiyi məlumata görə, o, qanunsuz həbsinə etiraz olaraq bu addımı atıb.

Bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirən və 4 il öncə Prezidentə istefa tələbindən sonra koronavirusu yayma ittihamı ilə ilyarım həbsdə saxlanılan ictimai fəal Nicat İbrahim 2 ay yarımdır ki, yenidən həbs edilib: "İstintaqın gedişinə, saxta ittihamla qanunsuz həbsdə saxlanmasına etiraz olaraq, güzgü parçası ilə boynunu, qulağını kəsib. Daha dözə bilmir. Necə dözsün, göz görə-görə şərləyirlər ki, bu adamı bıçaqlamısan. Bu qədər insafsızlıq, vicdansızlıq olar? Keçən dəfə şərləyib 15 ay həbsdə saxladılar. Deyir ki, bir də 15 ay burada qalmayacam, ya buradan sağ çıxacam, ya da cəsədim çıxacaq. İstənilən halda, çıxacam”.

Pərvin İbrahimli bildirib ki, həyat yoldaşının vəziyyəti hazırda ağırdır. Buna baxmayaraq, onu istintaq təcridxanasından Müalicə Müəssisəsində hələ də köçürməyiblər: "Yaralarını dərhal elə Kürdəxanıda (Bakı İstintaq Təcridxanası nəzərdə tutulur-red.) kor-kobud şəkildə tikiblər. Bizə Nicat özü xəbər verdi. Bu gün (noyabrın 21-də) zəng eləmişdi. Səsi çox pis gəlirdi. Halsız idi. Vəziyyəti çox pisdir. Bizimlə vidalaşırdı sanki. Dedi ki, mənə bir şey olsa, sarsılmayın. Təsəvvür edirsiniz, bizim üçün bunu eşitmək nə deməkdir? Onu şərləyənlərin heç ailəsi, övladı yoxdurmu? Onlar öz övladlarının üzünə necə baxırlar?”

Nicat İbrahimin intihara cəhd etməsi barədə həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Nicat İbrahim sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürülüb. 

İctimai fəal bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Lakin o, özünü təqsirli bilmir, bu ittihamın yalan olduğunu bildirir.

Bənzər ittihamla həbsdə olanlar arasında keçmiş diplomat Emin İbrahimov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəal Afiəddin Məmmədov da var.

Zamin Salayev məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. 

Onun sözlərinə görə, görüntülərə baxılsa, kimsəyə xəsarət yetirmədiyi, əlində bıçaq olmadığı, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyi məlum olacaq. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.

Избранный
13
arqument.az

1Источники