RU

Dənizləri ram edən alim

Azərbaycanda Bayraq Günü idi. Zəfər bayramının 4-cü ildönümünün coşqusu davam edirdi. Görüş üçün həmin günə vədələşmişdik. Moskvanın cənubunda, maşınların gurultusundan uzaq çox sakit həyət evində görüşdük. Həmişəki təmkinli təbəssümü ilə qarşıladı məni. Bir stəkan pürrəngi çay içib iş otağına qalxdıq.

– Dilican müəllim, lap əvvəldən başlayaq. Uşaqlıq illərinə, məktəb dövrünə qısa bir nəzər salaq...

– Ermənistanın Dilican şəhərinin yaxınlığında Salah kəndində doğulmuşam. Adımı da ona görə belə qoyublar. Bəzən zarafatla deyirəm ki, şəhəri mənim şərəfimə belə adlandırıblar. O vaxt kəndimizdə orta məktəb yox idi. 4-cü sinfə qədər öz kəndimizdə, 5-dən 7-yə qədər Qaraqayada, 8-ci sinifdən 10-cu sinfə qədər Polad kəndində oxumuşam.

Məktəbi əla qiymətlərlə bitirdikdən sonra iki il kənddə mexanizator işlədim. Ali təhsil dalınca yollanmazdan əvvəl əsgərliyə getmək istəyirdim. Təbii ki, evdəkilər bunu istəmirdilər. Özbaşıma hərbi komissarlığa getməyim deyə, rayon mərkəzinə gedəndə bəhanə ilə yanıma müşayiətçi qoşurdular. Amma fürsət tapıb komissarlığa getdim və mütləq əsgər olmaq istədiyimi bildirdim.

Hətta açıqca bildirdim ki, valideynlərimin, qohumlarımın xahişinə görə məni saxlasalar, şikayət edəcəyəm. Nəhayət, 19 yaşında orduya çağırıldım və Riqada xidmət etdikdən sonra Bakıya gələrək Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olundum.

3-cü kursun sonunda instituta SSRİ Neft Sənayesi Nazirliyindən şelf problemlərinə rəhbərlik edən Viktor Samarski gəldi. Nazir müavini Sabit Orucovun tövsiyəsi ilə Bakıya gələn Samarski bu problemlə məşğul olacaq ilk mütəxəssisləri seçirdi. Çünki dənizdə neft hasilatı getdikcə sahildən uzaqlaşır, daha dərinliklərdən çıxarılmağı tələb edirdi. Ölkədə isə dənizdə neft və qaz hasilatı üçün hidrotexniki qurğular üzrə mütəxəssis qıtlığı vardı.

Problemi Sabit Orücov belə izah edirdi: “İnşaatçıları işə götürürük (o, sənaye və mülki tikinti üzrə mütəxəssisləri nəzərdə tuturdu), onlar inşa etməyi bacarırlar, amma dənizi görmədikləri üçün qorxurlar. Dənizçiləri götürürük, onlar da belə qurğuları yaratmağı bacarmırlar, üstəlik də, neftdən bixəbərdirlər. Moskva İnşaat Mühəndisləri İnstitutunda lazımi kafedraları və professorları olan hidrotexniki qurğular fakültəsi var. Gəlin, burada xüsusi qrup yaradaq. Qurğular, onların material müqaviməti, digər inşaat istiqamətləri üzrə mühazirələri o professorlar oxuyar, neft və qaz üzrə mühazirələri mən öz üzərimə götürərəm. Əsas olan odur ki, “kətilləri”, – stasionar platformaları Orucov zarafatla belə adlandırırdı, – peşəkarlar hazırlasın.”

Mən təhsilimi Moskvada davam etdirmək imkanını əldən vermək istəmədim. Beləcə Moskva həyatım başladı. Bizə mühazirə oxuyan professorlardan biri elə Sabit Orucov idi. O vaxt o həm nazir müavini, həm də su təsərrüfatı və dəniz limanları kafedrasının professoru idi. Sonra o, 1972-ci ildən 1981-ci ilə qədər SSRİ-nin qaz sənayesi naziri oldu. Onun mühazirələrini dinləmək üçün biz nazirliyin binasına gedirdik. Sabit Atayeviçin pəncərələri Kremlə baxan kabinetini çox yaxşı xatırlayıram. Xüsusən də onun keçdiyi dərsləri! Mühazirələri yazmağı bizə qadağan edib deyirdi: “Siz oturun, diqqətlə qulaq asın, başa düşmədiyinizi soruşun”. Mühazirələri onun stenoqrafçı köməkçisi Yelena Dmitriyevna yazırdı və dərsdən sonra çox qısa müddətdə tələbələrin hamısına mühazirələrin surətini paylayırdı. İnstitutda başqa tələbələr bizə həsədlə baxır, zarafata salıb “nazir qrupu”, – deyirdilər, – heç mühazirələri də yazmırlar. Bircə xidməti maşınları çatmır”.

– Siz yataqxana həyatı da yaşadınız, yəqin. Paytaxtda özünüzü əcnəbi kimi hiss edirdinizmi?

– Bakıda oxuyanda da, Moskvada da yataqxanada yaşamışam. O vaxt milli zəmində heç bir problem yox idi, əksinə, müxtəlif millətlərin nümayəndələrinin milli koloriti birgə yaşayışı zənginləşdirirdi. Paytaxtda öz üzərimə çoxlu ictimai vəzifələr götürməli oldum. Çünki hələ orduda xidmət edərkən partiyaya üzv olmuşdum. Partiyaçı tələbələr az olduğundan onlar, ilk növbədə, ictimai vəzifələrə irəli çəkilirdilər. Mən həm əlaçı, həm orduda xidmət etmiş partiya üzvü olduğumdan tələbə şəhərciyinin sədri seçildim və bu da mənim üçün böyük həyat təcrübəsi oldu. Hər həftə sonu rəqs axşamları təşkil olunurdu. Xasiyyətim elədi ki, ictimai məcburiyyət olmasa heç orada iştirak etməzdim. Amma hər hansı arzuolunmaz halların qarşısını almaq üçün nəzarət etməliydim. Dəliqanlı gənclər arasında da belə hallar az olmurdu...

– Dilican müəllim, keçən il “Qazprom VNİİQAZ” (Ümumittifaq Elmi Tədqiqat Təbii Qazlar İnstitutu) MMC özünün 75 illik yubileyi ilə birgə sizin də qaz sənayesi sahəsində əmək fəaliyyətinizin 50 illik yubileyini qeyd edib. Bu məqamda kollektivin sizə ünvanladığı təbrikdən bir hissəni oxumaq yerinə düşər: 1973-cü ildə SSRİ Qaz Sənayesi Nazirliyinin təşəbbüsü ilə VNİİQAZ-da dənizdə qazma işləri və neft-qaz hasilatı texnologiyalarını tədqiq etmək üçün laboratoriya yaradılmışdır. Moskva İnşaat Mühəndisləri İnstitutunun (MİMİ) məzunu, Qaz sənayesi naziri Sabit Orucovun tələbəsi Dilican Mirzəyev həmin laboratoriyanın rəhbəri təyin edilmişdir.

Geologiya, dəniz neft-qaz yataqlarının kəşfi və hasilata hazırlanması, dəniz şəraitində neftin və qazın çıxarılması və nəqli üçün mədən hazırlığı, texniki-iqtisadi əsaslandırmalar və işlərin normativ təminatı nəticəsində laboratoriya çoxsahəli korporativ elmi-texniki mərkəzə çevrilmişdir. Mərkəzin inkişafında və peşəkarlığının artmasında Dilican Allahverdi oğlunun şəxsən çox böyük rolu var.” Təbrik sizin həyat yolunuzu işıqlandıran başqa xoş sözlərlə və faktlarla doludur. Bu yolun bəzi mərhələləri haqqında bir az da özünüz məlumat verin.

– İnstitutu bitirən kimi aspiranturaya qəbul olundum. O vaxt bu, qeyri-adi addım idi, çünki ən az iki il işləmək tələb olunurdu. Aspiranturanı bitirib bir il 2 ay “Qazprom”un mərkəzi aparatında işlədim, sonra mənə yuxarıda dediyiniz laboratoriyaya başçılıq etməyi təklif etdilər. Laboratoriya Azov dənizindəki yataqlarla məşğul olmalı idi. Sonra mənim laboratoriyamın bazasında xüsusi texniki konstruktor bürosu yaradıldı. Şelf problemləri üzrə aparıcı institut büronun aid olduğu “Dənizneftqaz” Ümumuttifaq Elmi Tədqiqat Layihə İnstitutu idi. Orada şöbə müdiri, elmi axtarışlar üzrə direktor müavini, direktor əvəzi işlədim. 1995-ci ildə yenidən “VNİİQAZ”a “Dəniz neft-qaz yataqları” mərkəzinə direktor vəzifəsınə dəvət edildim. 2009-cu ildən isə qaz və neft sənayesi müəssisələri üçün avadanlıq hazırlayan əsas mərkəzi konstruktor bürosuna müdir müavini təyin edildim.

Əsas fəaliyyət sahələrimdən biri Qubkin adına Rusiya Dövlət Neft və Qaz İnstitutunda mühazirələr oxumaqdır. Dəniz neft yataqlarının istismara hazırlanması həmişə diqqət mərkəzində olan problemdir. Ona görə universitetdə işlədiyim 20 ilə yaxın müddətdə mühazirələrimi dinləməyə başqa kafedraların mütəxəssisləri və tələbələri də gəlirlər. Bu ixtisaslaşma üzrə yeganə əsaslı tədris materialı mənim hazırladığım 4 dərslik və 3 dərs vəsaitidir. Burada bir cəhəti qeyd etmək istəyirəm. Həyatımın ən bəxtəvər illərini həyat yoldaşım, iki övladımızın anası, həyatdan vaxtsız köçmüş Şəmsiyə xanımla keçirmişəm. Ona görə kitabın titul səhifəsində bütün uğurlarımın ilhamçısı kimi onun xatirəsinə həsr olunması təsadüf deyil.

Yeri gəlmişkən, Rusiya Federasiyasında kontinental şelfin yanacaq ehtiyatları xəzinəsini istifadəyə vermək öz mürəkkəbliyinə, çətinliyinə görə kosmosun fəth edilməsindən geri qalmır. Hətta neft-qaz mütəxəssisləri dünyanın məşhur şirkətləri arasında enerji müstəqilliyi baxımından Rusiyanın liderliyini təmin edən bu prosesi kontinental şelfin “kosmosunu fəth etmək” adlandırırlar.

Yenə qeyd edim ki, kontinental şelfin genişmiqyaslı istismarı birinci növbədə məhz həmyerlimiz, müəllimim Sabit Orucovun xidməti ilə bağlıdır. Ona görə də fəaliyyətimə verilən qiymətlər, təltiflər arasında ən dəyərli mükafat 2023-cü ilin avqustunda layiq görüldüyüm S.A. Orucovun adını daşıyan fəxri xatirə nişanıdır. Bir də xüsusi qeyd etmək istədiyim bir məqam var. Məşhur həmyerlimiz, uzun müddət SSRİ Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Konstantinoviç Baybakovun adına təsis edilmiş Beynəlxalq Yanacaq Energetika Kompleksi mükafatını mənə şəxsən Baybakovun özü digər məşhur həmyerlimiz Qərbi Sibirdə neft-qaz yataqlarını kəşf etmiş Fərman Salmanovun hüzurunda təqdim etmişdi. Onda Baybakov məni Salmanova belə təqdim elədi: “Baxın, Mirzəyev Sabit Orucovun tələbəsidir və hər zaman özünü bu ada layiq aparır.”

Haşiyə. Kontinental şelfin vəziyyəti və perspektiv problemlərinin müzakirəsi üçün 1993-cü ildə “Qazprom” səhmdar cəmiyyətinin təşəbbüsü ilə Arktika şelfində yanacaq ehtiyatlarının istismarı üzrə beynəlxalq konfrans (RAO/CİS Offshore) təşkil edilmişdir. İki ildən bir Sankt-Peterburqda keçirilən konfransın təşkil edildiyi vaxtdan indiyə qədər icraiyyə komitəsinin sədri texnika elmləri doktoru, professor Dilican Mirzəyevdir.

Onun nailiyyətlərini bir məqaləyə sığışdırmaq çətindir. Rusiyada və xarici ölkələrdə nəşr edilmiş 400-dən artıq elmi məqalənin, 15 kitabın, o cümlədən 4 cildlik dərsliyin, 3 cildlik dərs vəsaitinin və 8 monoqrafiyanın, müəllif şəhadətnamələri ilə təsdiq olunmuş 61 ixtiranın və patentin, dərs vəsaitlərinin və elmi-metodiki tövsiyələrin müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi, 3 elmlər doktoru dissertasiyaları müdafiə olunub. Fəaliyyəti dövlət mükafatları ilə qeyd olunub. Rusiya Su Təsərrüfatı və Texnoloji Elmlər Akademiyalarının həqiqi üzvüdür. RF Prezidentinin təqdirnaməsi ilə təltif edilib, elm və texnika sahəsində hökümətin mükafatına layiq görülüb.

Görkəmli alim 84-cü yaşını universitet kafedrasında, VNİİQAZ-dakı, evdəki iş otaqlarında fəal elmi axtarışlarla, tələbələrə mühazirələr oxumaqla qeyd edir. “Mən kiməsə lazım olduğumu dərk etdiyim zaman özümü xoşbəxt sayıram” deyir. Bu xöşbəxtliyin daha da uzunömürlü olması arzusu ilə gələn görüşlərə qədər, Dilican müəllim!

Söhbətləşdi:
Cəfər SADIQ
Moskva

Избранный
50
xalqqazeti.az

1Источники