RU

Bizim “gizli imza”mız

2 insan varmı ki, barmaqlarının izləri eyni olsun?

Baxmaq ayrıdır, gördüklərini anlaya bilmək tamam başqa məsələdir. Biz çox şey görürük, ancaq bu, azdır, gərək gördüklərimizi anlamağa çalışaq.

Böyük adamların fərqi də gördüklərini anlamaqdan başlayır. Gəlin uzağa getməyək, sağımıza-solumuza baxaq. Ağacların niyə yerdən göyə ucaldığına diqqət yetirək.Yazda ağacların yarpaq açmasını, payızda isə tökməsini izləyək. Yaxud, əlimizi qarşımıza qoyub diqqətlə baxaq və bu yaradılışın mənasını anlamağa çalışaq. Bir əldə beş barmaq, işləmək üçün hər barmaq da buğumlara bölünüb. Bundan gözəlini, daha mükəmməlini fikirləşmək mümkün deyil. Arayıb-axtarsaq, mənasını da anlayacağıq.

Siz dostunuzu, doğmanızı minlərlə insan arasında görsəniz, yəqin ki, tanıyacaqsınız. Çünki onun üzü, sifət cizgiləri, boy-buxunu, səsi təkrarsızdır. Ola bilsin ki, oxşarları olsun, amma tam eyni ola bilməz. Təkrarsız olan təkcə səsimiz, gözlərimiz, baxışlarımız, mimikalarımız deyil, eyni zamanda, əllərimizdəki cizgilər, naxışlardır. Siz elə iki insan tapa bilməzsiniz ki, barmaqlarının ucundakı naxışlar eyni olsun. Barmaqucu nədir, heç əllərinin içindəki naxışların da eyni olduğu iki adam tapa bilməzsiniz.

Barmaq izləri təkrarsızdır

İslam dünyası əsrlər boyu Qurani-Kərimlə təmasda olsa da, oradakı “barmaqların ucu” ifadəsinin fərqinə varmayıb. Amma ingilislər müqəddəs kitabımızı oxuyan kimi maraqlanıblar və həmin ifadənin möcüzəsi üzə çıxıb. İngilislər bu gerçəyi öyrənəndən sonra barmaq izlərindən kriminalistikada istifadə etməyə başlayıblar. İnsanın barmaq izlərinin hər hansı obyektdə qaldığını və bunun vasitəsilə bir çox cinayətin üstünün açıla biləcəyini isə ilk dəfə Tomas Taylor irəli sürüb.

“Gizli imza”

Yəqin çoxları bilir ki, hələ XX əsrin əvvələrində yazıb-oxuya bilməyən soydaşımız hər hansı sənədə imza atmaq istəyəndə barmaq basardı. Onun barmağına əvvəlcədən bir damla mürəkkəb damızdırardılar. Əvvəlcə də demişdik ki, hər kəsin barmağının ucundakı naxışlar özəldir və onun barmaq imzasını təkrarlamaq mümkün deyil.

Kimliyi tanıyan cihazlar

Elm və texnologiya artıq elə bir səviyyəyə çatıb ki, bir çox cihazlar sizin barmaq izlərinizi tanıdıqdan sonra işə düşür. Məsələn, əgər barmaqla qapıya toxunsanız, qapı sizi “tanıyır” və üzünüzə açılır. Sizdən başqa min insan gəlsə də, o qapını aça bilməz. Qapı ona görə sizə açılır ki, barmaq izlərinizə alışıb. Bəzi avtomobillər də sahibinin barmaq izini tanıdıqdan sonra işə düşür. Kompüterlər də eləcə.

Bəli, indi dünyada müxtəlif sahələrdə müasir texnologiyalardan istifadə olunur və illər ötdükcə daha yeniləri istehsalata ayaq açır, həyatımıza qovuşur. Artıq kimsə yanında yarım kiloluq açarlar, pultlar gəzdirmək istəmir. İnsanın barmaq izləri bunları bacarıqla həll edir.

Barmaq izləri necə götürülür?

Biz çılpaq əllə toxunduğumuz hər yerə “möhür” vururuq və orada barmaq izlərimiz qalır. Həmin izləri görünən hala gətirib şəkillərini çəkə bilmək üçün bəzi üsullardan istifadə edilir. Ən köhnə üsullardan biri barmaq naxışları üzərinə toz pudra səpməkdir. Bunun üçün hidrokarbonların istilik ilə pozulmasından əldə edilən çox nazik qara karbon barmaq izinin olduğu yerə səpilir, nəticədə karbon zərrəcikləri barmağın əşya üzərində buraxdığı tərə yapışaraq izi görünən hala gətirir. Bu üsulun daha təkmilləşdirilmiş formasında isə florans pudralardan (parıldayan) istifadə edilir.

Bu işdə istifadə olunan ikinci üsul, yod üsuludur. Yod qızdırıldıqda buxarlanaraq yağların quruluşundakı karbon-karbon arasındakı cüt bağlar ilə reaksiyaya girir və qabartma formasındakı barmaq izi naxışını sarımtıl qəhvəyi rəngə çevirir.

Tətbiq olunan üçüncü üsul isə ninhidrin üsuludur. Əvvəlki üsullar dəliksiz səthlərdə, bu üsul isə kağız və taxta kimi dəlikli yerlərdəki barmaq izi nümunələrində daha yaxşı nəticə verir. Bu üsulun təməli, amin turşuları ilə ninhidrin arasındakı mürəkkəb bir reaksiyadan ibarətdir. Qızdırıldıqda mühitdəki bir əsas ilə reaksiyaya girərək bənövşəyi rəngdə təsvirə çevrilir. Tərdəki amin turşuları kağız və ya taxtanın əsas maddəsi olan selluloz ilə hər hansı bir reaksiyaya girmədiyi üçün, bu texnika çox köhnə izlərin müəyyən olunmasına da imkan verir.

Hazırda cinayət axtarışı işlərində bu üsullardan geniş istifadə edilir.

Səməd MƏLİKZADƏ

Избранный
43
xalqqazeti.az

1Источники