RU

Biz reallıqları yaradan ölkəyik

Dövlət başçısı İlham Əliyevin daim səsləndirdiyi bu fikir hazırda COP29 reallıqları çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapır

“Biz bütün işləri ardıcıllıqla edirik…Qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.” Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, biz reallıqları yaradan ölkəyik.

Azərbaycanın dünyada təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınması reallıqdır. Gerçəklik budur ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi. Uğurlu enerji və nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaradılmasına gətirib çıxardı. Bu gün bu layihələr ətrafında birləşən və onları Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır.

Ölkəmizdə ümumi iqtisadi artımdan bəhs edərkən enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq prioritetdir. Bu reallıq da inkaredilməzdir ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Qeyd etdiyimiz kimi, Azərbaycan öz enerji təhlükəsizliyini çoxdan təmin edib və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu günbəgün artırır. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Əsas yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir. Bu gün həm bölgədə, həm də dünyada maraqlarımız təmin edilir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi dayanır. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda, Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələr reallaşdırmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib.

Dövlət başçısı İlham Əliyev bu günlərdə COP29-un Liderlər Sammitindəki çıxışında da Azərbaycanın enerji siyasətindən, neft və qaz gəlirlərinin idarə edilməsində şəffaflığın yüksək səviyyədə təminatı sayəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən bəhs etdi. Azərbaycan hər dövrün çağırışına uyğun atdığı addımları ilə daim dünyanın diqqətindədir. Hazırkı dövrün əsas hədəfi yaşıl enerjiyə keçiddir. Cənab İlham Əliyev çıxışında vurğuladı ki, yaşıl keçidin güclü çarçısı olacağıq və bunu edirik. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, neft, qaz, külək, günəş, qızıl, gümüş və mis, bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. Dövlətimizin başçısı dünyada sənaye üsulu ilə ilk neftin hasil olunduğu ölkəmizə qarşı qarayaxma kampaniyasını məqsədli, eyni mənbədən qaynaqlanan təxribat adlandıraraq bu qüvvələrə ədalət meyarını unutmamağı tövsiyə etdi: «Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir.»

Azərbaycanda işsizliyin səviyyəsinin 5,4, yoxsulluğun 5,2 faiz təşkil etdiyini, ölkə üzrə xarici borcun ÜDM-in cəmi 7,5 faizini təşkil etməsi kimi uğurlu nəticələri unudan, ölkəmizə qarşı kütləvi qarayaxma kampaniyası aparan Qərbin, ABŞ-ın ikili standartlardan qaynaqlanan təxribatlarının heç bir nəticə verməyəcəyini vurğulayan cənab İlham Əliyev iki il bundan əvvəl Avropa Komissiyasının sədri ilə imzalanan və qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatına töhfə olan Memorandumu diqqətə çatdırdı: «Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub.” 

Azərbaycan zəngin bərpaolunan enerji potensialına malikdir. Hazırda bu potensialdan səmərəli istifadə yeni əməkdaşlıq əlaqələrinin yaradılmasını şərtləndirir. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin “Masdar” şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Dövlətimizin başçısı bildirir: “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.” Onu da qeyd edək ki, yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.

Azərbaycanın nəqliyyat inkanlarına gəldikdə isə son illərdə ölkəmiz özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Davos Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerlər düşünülmüş siyasətin, böyük səylərin nəticəsidir. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni reallıqlar yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur.

Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımaları həyata keçirmək deyil. Eyni zamanda, Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. Cənab İlham Əliyev COP29-un Liderlər Sammitində qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu körpülər, reallıqlar bütün sahələrdə yaradılır. Azərbaycanın müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi bunun təsdiqidir. Azərbaycanın musiqi festivalına, idman tədbirlərinə ev sahibliyi də diqqətdən kənarda qalmır. 2015-ci ildə keçirilən ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən ölkə kimi tanınır və nüfuz qazanır. Hazırda Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkandan dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq mesajları ünvanlanır.

Dünyanı narahat edən problemlərin, məsələlərin ölkəmizdə müzakirəsi də Azərbaycanın yeni reallıqları ilə diqqətdə olmasından irəli gəlir. Hazırda 72 mindən artıq iştirakçının qatıldığı COP29 bu imkanlarımızı dünyaya çatdırır. Azərbaycana hansı sahədən baxsaq yeni reallıqları ilə diqqətdə olduğunu görərik. Bütün bunlar düşünülmüş siyasət, lider amillərinin roluna işıq salır. Azərbaycanın bu gününü, müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bütün məqamlar açıqlanır.

Azərbaycan hər bir sahədə davamlı inkişafa nail olmaqla 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Bu uğurumuz, Zəfərimiz regionda və dünya siyasətində yeniliklərə yol açdı. Azərbaycan əməkdaşlıq çağırışları ilə yenə də dünyanın diqqətindədir. COP29 tədbiri fonunda ölkəmizin yaratdığı reallıqlar gələcəkdə atılacaq addımların təqdimatını edir.

Yeganə Əliyeva, “İki sahil”

Избранный
81
ikisahil.az

1Источники