RU

İşsizliklə mübarizə

Milli Məclisdə büdcə müzakirələri davam edərkən 2018-2024-cü illərdə 624 min yeni iş yerlərinin yaradıldığı söylənmişdir. Lakin deputatlardan Əli Məsimli buna şübhə ilə yanaşdığını açıqlayıb. Sitat: “2018-ci ildəki statistikaya görə Azərbaycanda 300 min işsiz olub. Son dövrlərin rəqəmi də 385 minin ətrafında idi. Bu il sentyabrda isə rəsmi rəqəm təxminən 283,5 min işsiz oldu. O baxımdan, 624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istəyirəm”. 

Doğrudan da, əgər vəziyyət düzəlibsə, niyə işsizlərin sayı azalmır? Əli bəyin məntiqi budur ki, əgər bu ətdirsə, pişik hanı, pişikdirsə ət hanı? Əhali artımında da ciddi irəliləyiş yoxdur ki, işsizlik rəqəmindəki stabilliyi bazara təzə işsizlərin çıxmasıyla bağlayaq. 

Sözgəlişi, bizdə əhali artımı, doğum faizi hər il aşağı düşür və ölüm faizi artır. Məsələn, bu ilin yayındakı artım rəqəmi, ilk 6 ay üçün, cəmi 0,2 faiz idi. Fertillik əmsalı, yəni hər qadının orta hesabla uşaq doğması rəqəmi bizdə 1,8-ə düşübdür. Əhali artımı olması üçün bu faiz 2-dən yuxarı, minimum 2,1 olmalıdır. Bu gedişlə biz yaxın zamanda Almaniyanın, İspaniyanın-filanın gününə düşəcəyik. Bəlkə də o zaman “Bild” kanalında “Azərbaycan dağılır!” deyə reportaj veriləcək. 

Bizə bu lazımdırmı? Qətiyyən. Bəs nə etməli? Məncə, doğum əmsalına mənfi təsir edən amillərin başında ölkəmizdə cürbəcür beynəlxalq konfransların keçirilməsi durur. Yollar bağlanır, stress artır, toyxanalar işləmir, camaat evlənmir. Mən hesabladım, 9 ay sonra, yəni 2025-ci ilin iyul-avqust aylarında Azərbaycanda əhali artımı mənfi balansda olacaqdır.

Özünüz baxın: 1 ay Ramazan, 40 gün Məhərrəmlik, 25 gün iqlim konfransı, 1 ay hansısa beynəlxalq idman yarışı, 1 ay manıs festivalı və sairə. Üstünə gəl may ayını. Daha millətə toy eləməyə vaxt qalmır axı. Toy olmasa, necə çoxalmalıyıq? Toysuz çoxalmaq yaxşı qəbul edilmir. Bəlkə də Məclis yeni qanun qəbul etməli, əhaliyə toysuz, şadlıq evinə yığışmadan, “Ay eyvandakı” oynamadan və manqal salatı gövşəmədən çoxalmağa rəsmən icazə verilməlidir. 

Əlbəttə, bəzi toyxana ekspertlərinin fikrincə, beynəlxalq tədbirlərin artıma neqativ təsiri yoxdur, çünki camaat noyabrdakı toyların əvəzini dekabrda artıqlamasıyla çıxır. Bu barədə rəylər var, özüm baxmışam, “Qudalar qudası” şadlıq sarayının administratoru Şənlik Toyoğlu (sovet “satirik” publisistikası kimin yadına düşdü?) dedi ki, dekabr ayında toy sifarişi üzrə basabasdır. Bəzi günlərə 3 toy yazdırıblar. Səhər sünnət, günorta nişan, axşam toy, ya da tərsinə. Ancaq belə basabas, sıxlıq toy gecəsi uğursuzluğu sindromunu artırırsa, əhali artımı yenə şübhə altına düşür. 

Söhbət konfransdan düşmüşkən, bəzi jurnalistlərimizin savadsızlığına təəccüblənirəm. Məsələn, onlar deyirlər ki, Ermənistan COP29 tədbirində iştirak etmədi, söz verib gəlmədilər və sairə. Bəs Frenk Pallone? Nə olsun amerikalı konqresmendir? Biz onu tanıyandan ABŞ-dan çox Ermənistanın mövqeyindən danışıb. O, COP29-da elə Ermənistanın nümayəndəsi idi, lakin bizimkilər qovdular. (Bunun özü də başqa absurddur: erməniləri dəvət edirdik, lakin ermənipərəsti qovduq. Yəni bu saat Bakıda erməni olmaq məqbuldur, ermənipərəst olmaq yox. Kimsə bu məntiqi izah eləsin).   

Qayıdıram Əli Məsimlinin çıxışına. Məncə, onu AXC-Müsavat cütlüyü dövründə baş nazirin müavini olması danışdırır. İstər-istəməz həmin qılafdan çıxa bilmir. Uğurlarımızı görmək istəmir. Axı işsizlikdən necə danışırsan ki, hər gün xəbər lentində oxuyuruq: “Filan generalın oğlu vəzifəyə qoyuldu”, “Behman icra başçısının oğlu general oldu” və sairə. Bunlar hamısı insanların işlə təmin edilməsi deyildirmi? 




Избранный
16
2
musavat.com

5Источники