RU

Berlin Parisi bloklayır...

Berbokun İrəvana səfəri Qərbin sülhlə bağlı yeni mövqeyinə işarədirmi?

Almaniya və ABŞ yeni siyasi nizamın əsas müttəfiqinə çevrilə biləcəkmi?

Avropa yeni siyasi situasiyanın astanasındadır. 2025-ci ilin əvvəlindən etibarən dünyada yeni siyasi münasibətlər sisteminin formalaşdırılması gözlənilir ki, bunun da ən böyük ölçüdə məhz Qərbin siyasi davranışlarına təsir edəcəyi proqnozlaşdırılır. Başqa sözlə, yeni nizam Qərbdə “tərəzinin çəki daşlarını” dəyişəcək.

Bu prosesə hazırlığın getməsi isə müəyyən ştrixlərlə diqqəti cəlb edir. Xüsusilə, ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələri yeni siyasi proseslərin inkişafına yön verən hadisə kimi qiymətləndirilir. Bu fonda isə:

- Avropada son bir neçə ildə ön plana “sıçradılmış” Makron hakimiyyəti və ümumilikdə Fransa ikinci plana keçir;

- Almaniya yenidən avrosentrist Qərbin əsas dövləti statusunu qazanır;

- ABŞ-ın Avropa və Asiya siyasətində, eləcə də digər regionlardakı siyasi-hərbi qarşıdurmaların həlli prosesində ən yaxın “müttəfiqi” kimi rəsmi Berlin çıxış edəcək. Məsələnin ən açıq arqumentləri Almaniyanın XİN başçısının oktyabrın sonunda Çinə, bu günlərdə isə Ermənistana səfər etməsidir.

- ABŞ yeni yanaşması ilə Avropanın daxilində yeni siyasi prosesləri başlatmaq niyyətindədir.

Beləliklə, Makronun Aİ üzərindəki hegemoniyası başa çatır. Paris xüsusilə, narahatdır - Makronun fürsət düşdükcə ABŞ-ın yeni hakimiyyətinə və Almaniyaya qarşı “cəbhə” açması da bunu təsdiqləyir...

Ermənistana “sirli səfər”...

Almaniyanın aktivləşməsi məsələsinə bir neçə aspektdən yanaşaq - ilk olaraq Almaniya XİN başçısı Berbokun Ermənistan səfərinə toxunmaq gərəkir. Səfər çərçivəsində Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan da daxil olmaqla, bəzi rəsmi şəxslərlə görüşən Annalena Berbokun keçirdiyi bu görüşlərin mahiyyəti haqqında geniş məlumatlar verilmir - erməni KİV-ləri də məsələni yalnız “ikitərəfli və regional görüşlər” müstəvisində “qapadır”. Amma paralel olaraq bəzi məsələlərin gündəmə gətirilməsi müəyyən fikir yaradır:

- Ermənistanın Azərbaycanın artıq uzun müddətdir ki, səsləndirdiyi tələblərə “qulaq verməsi”;

- Uzun müddətdən sonra erməni KİV-ində Fransanın patronajlığı altında olan Aİ-nin Monitorinq Missiyası haqqında “fəaliyyətsiz qurum” kimi təqdimatın verilməsi;

- Ard-arda bəzi erməni saytlarında sülh müqaviləsi ilə bağlı yaxın zamanda mühüm irəliləyişlərin olmasına işarələrin vurulması...

Beləliklə, Berbokun səfərini ilk növbədə regionla bağlı “xüsusi ambisiya”lara malik ölkələrin bu günə qədər apardıqları fəaliyyətin bloklanması kimi də qəbul etmək olar.

O ki qaldı, Çin səfərinə, burada vəziyyət tam başqadır - ABŞ-ın yeni admin?strsiyasının Çin ilə münasibətləri ilıqlaşdırmaq istəməsi sirr deyil. Bu mənada da Berbok Pekin ziyarətini Trampın “elçisi” statusunda etməsi düşünülür...

Almaniya Cənubi Qafqaza “yad” deyil...

Hazırda əsas diqqət Cənubi Qafqazdadır - əslində, Almaniyanın birdən-birə Cənubi Qafqaza “maraq” göstərməsi faktı təsadüf də sayıla bilməz. Hətta 1994-cü ildə artıq mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun yaradılması zamanı Azərbaycan Türkiyənin və ya Almaniyanın həmsədr olmasını təklif etmişdi - bu mövqe Azərbaycan tərəfindən regional və tarixi yaxınlıq baxımından irəli sürülmüşdü. Ancaq Fransa prezidenti Fransua Mitteran şəxsən Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşərək Fransanın həmsədrlik etməsini dəstəkləməsini xahiş etmişdi. O, həm Ermənistan ilə Fransanın yaxınlığının məsələnin həllinə kömək göstərəcəyini, həm də Fransa ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıdığını bildirmişdi.

Bu gün artıq yeni mərhələdə, sülhə bir addım qalmış Fransa yenə də özünün mənfi xarakterli addımlarından çəkilmir - Bayden adminstrasiyası ilə birgə “çirkin cütlük” mahiyyəti yaradan “koalisiya” Cənubi Qafqazda sülhə açıq şəkildə mane olur. Görünən isə budur ki, Bayden adminstrasiyası kimi Makron hakimiyyəti də artıq özünün qürub çağını yaşayır. ABŞ-ın yeni hakimiyyəti məhz Almaniya ilə daha çox həm siyasi yaxınlıq nümayiş etdirir, həm də iki ölkənin tezisləri bir çox məsələlərdə uzlaşır.

Arqumentlər nəyi göstərir?

Almaniya “Bayden-Makron” koalisiyasından uzaq dayandı. Yeni reallıqlarda bu mövqe Berlini Avropanın yenidən ön sırasına daşıyacaq. Almaniyanın Avropanın lideri statusunu qazanmaq üçün bir çox siyasi addımları atması və ABŞ-ın yeni hakim komandası ilə paralel hərəkət etməsi ortadadır:

1. Bayden administrasiyası və Fransa da daxil olmaqla bəzi ölkələr Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmaq üçün “icazə” və raket verdiyi halda Almaniya bundan imtina etdi. Kansler Olaf Şolts Braziliyada keçirilən G20 liderinin Sammitində Almaniyanın mövqeyini açıq şəkildə çatdırdı: Almaniya Ukraynaya uzun mənzilli “Taurus” raketlərinin verilməsindən imtinası ilə bağlı mövqeyini dəyişməyəcək;

2. Həmin iclasda Fransa prezidenti Makron ABŞ-ın yeni dövlət başçısı Donald Trampı hədəfə aldığı halda, Almaniya bu məsələdə Parisi dəstəkləmədi;

3. Nəhayət, Şoltsun rəhbərlik etdiyi komanda açıq şəkildə Fransanın Aİ daxilində apardığı qeyri-stabil oyunlardan “doyduqlarını”, Avropa məkanındakı dövlətləri qarşı-qarşıya qoymaq cəhdlərini tənqid etdilər.

Beləliklə, Almaniya uzun müddətdir ki, dözdüyü və Avropanı pis situasiyaya daşıyan “Paris oyunlarını” başa çatdırır. Ekspertlər güman edir ki, Cənubi Qafqaz da daxil olmaqla Bayden-Makron cütlüyünün siyasi-hərbi narahatlıqlar yaratdığı bölgələrin əksəriyyətində vəziyyətin stabilləşməsi üçün genişmiqyaslı planlar hazırlanır...

Şoltsun Bakıya zəngi...

Almaniyanın bölgəyə münasibətdə tutduğu mövqe isə Fransaya nəzərən daha fərqlidir - düzdür, bəzi məqamlarda bu ölkəni təmsil edən rəsmi şəxslər dövrün konyukturası baxımından qeyri-stabil mövqe sərgiləsələr də, bu, epizodik şəkildə nəzərə çarpıb. Almaniya Fransa qədər regionun gələcəyinə “çubuq uzatmaq” fikrində olmayıb. Hətta noyabrın 9-da kansler Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib - Telefon danışığı əsnasında kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib. Söhbət əsnasında kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib. Bu fakt da özlüyündə Almaniyanın məsələnin sülh yolu ilə həll olunmasına Fransadan daha səmimi şəkildə can yandırdığını deməyə əsas verir.

Almaniya ABŞ ilə Rusiya arasında körpü yaradır...

Almaniya liderinin bir neçə gün öncə Kremlə zəngi də əsaslı arqumentlərdən növbətisi kimi qarşıya çıxır - Olaf Şolts ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş telefon zənginin detalları bir sıra yeni məqamlara işarədir. Hətta Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, əsas mövzu Ukrayna müharibəsi oub - prezident Putin Rusiyanın danışıqlardan heç bir zaman imtina etmədiyini və danışıqlara açıq olduğunu bildirib. “Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır”, - deyə Kremlin telefon zəngi ilə bağlı açıqlamasında qeyd olunurdu.

Həmin vaxt Almaniya mətbuatı 2 il yarımdan sonra edilən bu zəngi Qərbin, xüsusilə ABŞ-ın yeni administrasiyasının Almaniyanın əli ilə Rusiyanın “reaksiyasını yoxlamaq” cəhdi adlandırmışdı. Zəngin ABŞ-ın yeni rəhbərliyi tərəfindən “təşkil olunması” versiyası ilə ağlabatan sayıla bilər - çünki, Rusiyaya edilən zəngdən öncə Şolts ilə yeni prezident Tramp arasında analoji telefon danışığı aparılmışdı. “Reuters” Almaniya hökumətinin nümayəndəsinə istinadən məlumatına görə, söhbət zamanı geosiyasi çağırışlar və ikitərəfli münasibətlər müzakirə olunubmuş. “Kansler Almaniya hökumətinin iki ölkə arasında onilliklər boyu davam edən uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğuladı. Onlar həmçinin Avropada sülhün bərqərar olması üçün birgə işləmək barədə razılığa gəliblər”, - Nazirlər Kabinetinin nümayəndəsi bildirib. Beləliklə, Berlin Vaşinqton ilə Moskva arasında siyasi körpü yaradır.

Bu isə əsaslı arqumentdir. Beləliklə, bütün faktlar yeni dövrdə Qərbin siyasi səhnəsində iki “aktyorun” oyununu daha aktiv şəkildə görəcəyimizə işarə edir - Almaniya ilə ABŞ-ın yeni hakimiyyəti ötən 4 ildə kollektiv Qərbin buraxdığı  səhvləri kompensasiya etməklə məşğul olacaq

P.SADAYOĞLU

Избранный
16
yeniazerbaycan.com

1Источники