“Biz ali təhsil müəssisələrinə bir fakültə yanaşmasından qaçmağa çalışırıq". Mətbuatın yaydığı məlumata görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, digər qaldırılan məsələ elmlə bağlıdır: "Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürülüəcək".
Nazirin bu fikrinə alimlərin münasibəti necədir?
Məhərrəm Zülfüqarlı: “Mən nazirin fikirlərini həm qəbul edirəm, həm də tənqidi yanaşıram”
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə “Mən nazirin fikirlərini həm qəbul edirəm, həm də tənqidi yanaşıram. Ona görə qəbul edirəm ki, adamlar var, elmlər doktoru adı alandan sonra fəxrlə “mən elmi ad alandan sonra heç bir kitab yazmamışam” deyir. Nazirin bu baxımdan qeydləri ilə razıyam ki, bəli, alim öz üzərində işləməlidir, nəticə göstərməlidir, ona buna uyğun əməkhaqqı verilməlidir, hətta artırılmalıdır. Amma nazir onu qeyd etmir ki, hələ də ali məktəblərdə, elmdə qohumbazlıq, dostbazlıq məsələsi qalmaqdadır. Onun dedikləri hər il kitabları çıxan, nəticə göstərən insanlara ünvanlanmayıb. Elmi dərəcəsi olmayan, kimlərə görəsə vəzifəyə qoyulan, yaxud kimlərinsə köməyi ilə elmi ad alıb sonra fəaliyyət göstərməyənlərə daha çox dəyər verilir. Bu cəhətdən nazirlə razıyam. Amma nazirin bir sözü qəbul olunmur ki, elmi dərəcəyə görə yox, elmi nəticəyə görə maaş verilməlidir. Nazir bir komissiya yaratmalı və o komissiya araşdırma aparmalıdır, elmi ad alıb onu doğrultmayanlar tənqid olunmalıdır. “Elmi dərəcəyə görə yox, elmi nəticəyə görə” fikri işlədir, bu düzgün deyil. Elmi dərəcə elə elmi nəticədir. Burada elə bil nazirin elmi dərəcəsi olanlara bir qısqanclığı v0ar. Çünki onun özünün elmi dərəcəsi yoxdur. Elə hər müsahibəsində elmi dərəcəsi olanları aşağılamağa çalışır. Bununla razı deyiləm. Öz zəhməti, öz savadı, öz mübarizəsi ilə elmi dərəcə alan alimlər çoxdu, saxta alimlər də. Amma nazirin sözündən belə çıxır ki, elmi dərəcə almağın heç bir əhəmiyyəti yoxdur, kiminsə vasitəsilə gəlib böyük bir post tutursansa artıq bu hamsını üstələyir. Nazirin bu cür yanaşması gəncləri elmi işlə məşğul olmaq məsələsində ruhdan sala bilər...” –deyə bildirdi.
Vüsalə Ağabəyli: “Çox yanlış yanaşmadır”
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə şərhində “Bəyəm islahatlar aparmaq, yeniliyə nail olmaq üçün maaşların kəsimi lazımdır? Çox yanlış yanaşmadır. Maddi rifah, iqtisadi durum hər bir elmi tədqiqatçının motivasiyası üçün önəmlidir. Bəlkə hansısa alimin tədqiqatı 10 il öncə aktual olub, bu il deyil. Bu o deməkdir ki, həmin elm adamını çıxdaş etməliyik? Onsuz da, getdikcə elmə maraq azalır. Şou-biznes nümayəndələrinin, bloggerlərin, influencerlərin xoş yaşayışını görən hansı gənc elmin arxasınca düşsün ki? Elmi dərəcə və elmi ad alanlara hansı yüksək əməkhaqqı verilir ki? Elmi ad və dərəcəyə görə verilən 50-60-80 manat böyük məbləğ hesab edilir?”-deyə bildirdi.
V.Ağabəyli onu da vurğuladı ki, əslində doğrudur, illərlə lazımsız və layiq olmayanlara da elmi adlar və elmi dərəcələr paylanıb, bu gün bu məsələlər nisbətən azalsa da, yox deyil: “Elmin inkişafı üçün belələrinin qarşısını almaq lazımdır, real elm adamlarının motivasiyasını öldürmək yox”.
Elyar İslamoğlu: “Mən cənab nazirin fikirləri ilə razıyam, o çox doğru qeyd edir”
Filogiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlunun nazirin fikrinə mövqeyi belə oldu: “Mən cənab nazirin fikirləri ilə razıyam, o çox doğru qeyd edir. Son zamanlar müdafiə edənlərin arasında məmurların özlərinin, həyat yoldaşlarının, ailə üzvlərinin, övladlarının da olduğunu müşahidə edirik. Həmin şəxslər il boyu elmlə məşğul olmadığı, Azərbaycan elminə fayda vermədiyi halda sırf şöhrətpərəstlik üçün müdafiə edirlər. Amma onlar da canını elmə fəda edən alimlərlə bərabər elmi dərəcəyə görə pul alırlar. Buna görə də, cənab nazirin bu halda doğru yanaşma sərgilədiyini düşünürəm. Hamıya eyni məbləğin verilməsi düzgün deyil. Elmlə məşğul olan, Azərbaycan elminə fayda verən alimlərə yüksək maaş verilməlidir”.
İradə SARIYEVA