RU

Kəlbəcərin yeni dirçəliş dövrü

Şanlı Zəfərimizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan edilib

Kəlbəcər rayonu Azərbaycanın tarixi torpaqlarından biridir və burada yaşayan azərbaycanlıların hüquqları 44 günlük Vətən müharibəsi ilə bərpa olundu. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Kəlbəcərdən məcburi köçkün düşmüş minlərlə azərbaycanlı, müharibədən sonra geri dönmək imkanına sahib oldular. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Kəlbəcərin azad edilməsi, regionda sülhün bərqərar olması və insan hüquqlarının bərpası üçün vacib idi.

Kəlbəcər Ermənistana olan yaxınlığı ilə də önəmli idi. Kəlbəcərin azad edilməsi, Ermənistanın həm strateji, həm də iqtisadi təchizatını zəiflətdi. Bu ərazinin itirilməsi, Ermənistanın Qarabağa, habelə Azərbaycanın digər ərazilərinə təchizat və müdafiə mövqelərini qorumaq baxımından ciddi çətinliklər yaratdı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Kəlbəcərin azad edilməsi, Azərbaycan xalqı üçün simvolik bir qələbə oldu. Bu, həm də 1990-cı illərin əvvəllərində işğaldan sonra baş verən itkilərin və əzabların sonunda baş tutan bir əhəmiyyətli geri dönüş idi. Kəlbəcər, Azərbaycan üçün ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqların geri alınması baxımından xüsusi bir əhəmiyyətə malikdir.

Kəlbəcərin azad edilməsi, yalnız hərbi zəfər deyil, həm də Azərbaycan xalqının tarixi, milli və mədəni haqlarının bərpası idi. Bu hadisə, həm də regionda sülhün bərqərar olması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması baxımından mühüm bir mərhələ idi. 2020-ci il Vətən müharibəsinin nəticələri, Azərbaycanın bölgədəki geosiyasi mövqeyini möhkəmləndirdi və bu ərazinin strateji əhəmiyyəti bir daha təsdiqləndi.

Şanlı Zəfərimizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan edilib.  Hər il qeyd edilən bu gün zəfərimizn yaddaşlarda qalmasını təmin edir. Həmçinin zəfərimizin əbədiləşdirilməsi məqsədilə Kəlbəcərdə də Zəfər muzeyləri və tarixi ekspozisiyaların yaradılması nəzərdə tutulub. 2020-ci il müharibəsinin tarixi, xüsusilə də Qarabağda baş vermiş mühüm döyüşlər, bu muzeylərdə təfsilatlı şəkildə sərgilənir. Bu muzeylər həm də müharibə nəticəsində xalqımızın çəkdiyi əzabları və göstərdiyi qəhrəmanlığı dünya ictimaiyyətinə nümayiş etdirir.

Kəlbəcər rayonunun işğaldan azad olunması ilə əlaqədar olaraq, rayonun bərpası və inkişafı üçün Azərbaycan hökuməti bir sıra genişmiqyaslı planlar hazırlayıb. Bu planlar həm ərazi bərpasını, həm də sosial və iqtisadi infrastrukturun yenidən qurulmasını əhatə edir. Kəlbəcər rayonunun bərpası, yalnız fiziki infrastrukturu bərpa etməklə kifayətlənmir, həmçinin rayonda yaşayan və işğal zamanı məcburi köçkün düşmüş vətəndaşların geri dönüşü, tarixi və mədəni abidələrin qorunması kimi vacib məsələləri də əhatə edir.

Kəlbəcər, dağlıq və çətin keçilən bir ərazi olduğuna görə, burada mövcud olan yol infrastrukturu çox önəmlidir. Azadlıqdan sonra əsas məqsəd, Kəlbəcəri digər rayonlarla birləşdirən əsas yolların bərpasıdır. Bu, həm də Kəlbəcər rayonunun Azərbaycanın digər hissələri ilə, xüsusən də Ermənistanla sərhəd ərazilərlə əlaqəsini təmin edəcək.

1993-cü ildən etibarən Azərbaycanın məcburi köçkün düşmüş vətəndaşlarının geri dönməsi üçün əsas ərazilərdən biridir. Rayonun işğaldan azad edilməsi ilə məcburi köçkünlərə öz torpaqlarına geri dönmək imkanı yaradılacaq. Kəlbəcərə qayıdan əhalinin sosial xidmətlərə, yaşayış şəraitinə və təhsil müəssisələrinə çıxışı təmin ediləcək. Bölgədə məskunlaşmanın artırılması məqsədilə yeni yaşayış binalarının və kəndlərin inşası planlaşdırılır. Həmçinin, rayonun iqtisadi və sosial inkişafına dəstək vermək üçün kənd təsərrüfatı və xidmət sahələri inkişaf etdiriləcək. Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcərə səfərlərində bu və digər yaşayış massivlərinin təməlqayoma mərasimlərində iştiak edib.

Kəlbəcərin çoxsaylı su mənbələri və çayları vardır, buna görə də rayonun su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması və təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin elektrik enerjisi və təbii qaz şəbəkələrinin bərpası, həmçinin alternativ enerji mənbələrinin istifadəsi məqsədilə layihələr hazırlanır. Dövlətimizin başçısı bu kimi müəssisələrin də təməqoyma və açılışlarında iştirak edib.

Azərbaycan Qarabağda yeni bir dirçəliş dövrü yaşadır. İnsanlar geri dönərək, kənd və şəhərlərində yeni həyat qurur. Dövlət vətəndaşlara dəstək verərək, bu bölgənin inkişafını sürətləndirir. Qarabağda yaradılan yeni şəhərlər və qəsəbələr, həmin ərazilərin gələcək nəsillərə gözəl bir irs kimi qalmasını təmin edəcək.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

Избранный
24
35
heftelik.az

10Источники