RU

Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır  - RƏY

Bitdi bu iş... 

“İrəvan hökuməti nəhayət anladı ki, vaxtı ilə Azərbaycan ərazisində mövcud olan ermənilər üzərindən təzyiq cəhdləri səmərəsiz olacaq"


  Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir. Ermənistan hakimiyyəti onların geri qayıtmaq istəmədiklərinə tam əmin olub. Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, ermənilər sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər. Vurğulanıb ki, bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır: "Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız".
  Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan dəfələrlə o vaxt ölkə ərazisində qalan ermənilərə vətəndaş statusunda mövcudluqlarını davam etdirə biləcəklərini söyləmişdi. Deputatın sözlərinə görə, ermənilər könüllü şəkildə Azərbaycan ərazilərini tərk edərək Ermənistana getdilər: 

"Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində o zaman qalmış ermənilərin böyük əksəriyyətində Ermənistan pasportları var idi. Onlar 30 il boyunca Azərbaycan ərazisində qanunsuz mövcud olmuşdular. Separatizmlə məşğul idilər. Amma antiterror əməliyyatını keçirdikdən sonra ermənilər könüllü şəkildə Azərbaycan ərazilərini tərk etdilər. Bakının çağırışlarını qiymətləndirə bilmədilər. Sözsüz ki, bu prosesin arxasında başqa qüvvələr dayanırdı. Məqsəd o idi ki, gələcəkdə bu amildən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə olunsun. Biz həqiqətən də, bunun belə olduğunu gördük. Həm Ermənistan rəsmiləri, həm də Avropa strukturları dəfələrlə Azərbaycana qarşı bu məsələdən təzyiq aləti kimi istifadə etdilər. Azərbaycan siyasi və diplomatik cəhətdən kifayət qədər güclü dövlətdir və öz haqlı mövqelərini qorumaq imkanlarına sahibdir". 
  E.Mirbəşiroğlu əlavə edib ki, bu məsələ üzərindən manipulyasiya cəhdləri olsa da, Azərbaycan tərəfi bu təzyiq alətinin təsirinin qarşısını ala bildi: "Azərbaycana qarşı spekulyasiyalar, təxribatlar cəhdi heç bir nəticə vermədi. Bu mənada Azərbaycan növbəti dəfə özünün haqlı mövqeyini qorudu. Ermənistan tərəfi reallıqları dərk edərək ona uyğun qərarlar vermək məcburiyyətində qaldı. İrəvan hökuməti nəhayət anladı ki, vaxtı ilə Azərbaycan ərazisində mövcud olan ermənilər üzərindən təzyiq cəhdləri səmərəsiz olacaq".

Избранный
12
sherg.az

1Источники