RU

Uşaqlıq insan həyatının ən həssas dövrüdür

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu dövrdə uşaqların psixoloji, sosial və intellektual inkişafı düzgün yönləndirilməzsə, gələcəkdə ciddi problemlərə səbəb ola bilər


  Dünyaya göz açan körpənin ilk mühiti onun ailəsindən ibarət olur. Üç yaşından etibarən isə uşaqların həyatında növbəti sosial mühit, təhsilin başlanğıc pilləsi hesab olunan bağça əsas yer tutur. Burada uşaq ilkin biliklərlə yanaşı, həmyaşıdları ilə ünsiyyət qurmağı, güzəştə getməyi, ətraf aləmlə tanış olmağı, öz dünyasını kəşf etməyi öyrənir. Bunların düzgün öyrənilməsində bağçadakı pedaqoji heyət, psixoloq və loqoped xüsusi rol oynayır.
  Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında "uşaq psixoloqu" və "erkən inkişaf üzrə mütəxəssis" ştatlarının əlavə edilməsini təklif edib.
  S.Əliyeva bildirib ki, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir. Ombudsman eyni zamanda bir sıra təkliflərlə də çıxış edib: “Aztəminatlı ailələrin və həssas qrupların uşaqlarına məktəblərdə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə dövlət hesabına verilməsi yaxşı olardı. Həmçinin körpələr evi, bağça-körpələr evi və uşaq evlərində qida normalarının müasir standartlara uyğunlaşdırılmalıdır.
Bundan başqa, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbə yaradılmalıdır”.
  ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru  Kamran Əsədov hesab edir ki, uşaq bağçalarında psixoloq və erkən inkişaf üzrə mütəxəssislərin olması, erkən yaş dövründə uşaqların sağlam inkişafını təmin etmək baxımından çox vacibdir. Ekspertin sözlərinə görə, bu mərhələ insan həyatının ən həssas dövrüdür və bu dövrdə uşaqların psixoloji, sosial və intellektual inkişafı düzgün yönləndirilməzsə, gələcəkdə ciddi problemlərə səbəb ola bilər: “Hazırda ölkədə 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib. Uşaqlarımızın təlim-tərbiyəsi ilə uşaq bağçalarında 18 minə yaxın pedaqoji tərbiyəçi və texniki heyət məşğul olur. Bu, ölkə ərazisində ümumi uşaqların yalnız 25 faizi deməkdir. Yəni ölkə ərazisində uşaq bağçaları və körpələr evinin sayı, onların uşaq tutumu ümumi uşaqların yalnız 25 faizə qədərini qarşılamağa imkan verir. Bu, o qədər də böyük rəqəm deyil. Buna baxmayaraq, bağçalarda pedaqoji heyətin bilik və bacarıqları da elə yüksək səviyyədə deyil. Paralel olaraq uşaq bağçalarında digər xidmətlər - psixoloq, həkim xidmətləri də qənaətbəxş deyil”. 

  K.Əsədov hesab edir ki, Azərbaycanda bu sahədə mövcud vəziyyəti təhlil etdikdə, ciddi çatışmazlıqların olduğunu görmək mümkündür. Onun sözlərinə görə, uşaq bağçalarında psixoloji xidmətlərin və erkən inkişaf proqramlarının məhdud olması həm uşaqların, həm də valideynlərin inkişaf ehtiyaclarına tam cavab vermir: “Hazırda Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyətində psixoloq və ya erkən inkişaf üzrə mütəxəssis ştatı yoxdur. Bu, həm dövlət bağçalarında, həm də özəl bağçalarda müşahidə olunan ümumi bir problemdir. Nəticədə, uşaqların sosial, emosional və intellektual inkişafının fərdi izlənməsi və dəstəklənməsi sistematik şəkildə aparılmır. Psixoloji və erkən inkişaf dəstəyi olmadan, bağça mühitində bəzi uşaqların adaptasiya problemləri yaşadığı və onların potensialının tam reallaşdırıla bilmədiyi qeyd olunur. Statistik məlumatlara əsasən, Azərbaycanda 2023-cü ildə uşaq bağçalarının sayı 1800-dən bir qədər çoxdur, lakin bu bağçaların yalnız cüzi bir hissəsində psixoloq və ya erkən inkişaf mütəxəssisləri fəaliyyət göstərir. Məsələn, Bakı şəhərindəki bəzi özəl bağçalar bu xidmətləri təmin etsə də, dövlət bağçalarında bu resurslara çıxış çox məhduddur. BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatlarına əsasən, erkən yaş dövründə inkişafın düzgün idarə olunmaması gələcəkdə uşaqların akademik performansında və sosial inteqrasiyasında ciddi problemlərə gətirib çıxarır.
  Dünya təcrübəsinə baxdıqda, inkişaf etmiş ölkələrdə uşaq bağçalarında psixoloq və erkən inkişaf mütəxəssislərinin fəaliyyəti geniş şəkildə təmin edilir. Məsələn,  Finlandiyada bağçalarda hər 20-25 uşağa bir psixoloq və bir erkən inkişaf mütəxəssisi təyin olunur. Onlar uşaqların emosional və sosial inkişafını izləyir, təlim proqramlarını fərdi ehtiyaclara uyğun tənzimləyir.
  Almaniyadakı  bağçalarda psixoloji xidmətlər dövlət tərəfindən maliyyələşdirilir və uşaqların davranış, nitq və emosional inkişafı üzrə xüsusi proqramlar tətbiq olunur. ABŞ-də bağçalarda psixoloji dəstək sistemi erkən müdaxilə proqramları çərçivəsində həyata keçirilir. Burada uşaqların fərdi bacarıqlarını aşkar etmək və onların inkişafında maneələri aradan qaldırmaq üçün xüsusi qruplar fəaliyyət göstərir. Kanadada bağçalarda erkən inkişaf üzrə mütəxəssislər uşaqların tədrisə hazırlığını təmin etmək üçün çalışır. Eyni zamanda valideynlərlə sıx əməkdaşlıq həyata keçirilir və ailə dəstəkləri proqramları təşkil edilir. Bu təcrübələr göstərir ki, erkən müdaxilə və inkişaf dəstəyi uşaqların gələcək həyatlarında mühüm fərq yaradır. Erkən yaş dövründə inkişaf problemlərinin aşkarlanması və onların həlli uşaqların məktəb və cəmiyyətdə daha yaxşı uyğunlaşmasını təmin edir”.
  Ekspertin sözlərinə görə, Azərbaycanda uşaqların fiziki-mənəvi inkişafına töhfə vermək məqsədilə psixoloq və erkən inkişaf mütəxəssislərinin ştatlarının yaradılması, dövlət bağçalarında bu mütəxəssislərin mövcudluğu qanunvericiliklə təmin edilməli və bunun üçün xüsusi təlim proqramları təşkil edilməlidir: “Bağçalarda psixoloji və erkən inkişaf xidmətləri üçün xüsusi resurslar ayrılmalı, həmçinin bu sahədə çalışan mütəxəssislər üçün rəqabətqabiliyyətli maaşlar təmin edilməlidir. Eyni zamanda uşaqların inkişafına psixoloji dəstəyin əhəmiyyəti barədə valideynlərə məlumat verilməli, onların bu prosesə fəal iştirakını təmin etmək üçün proqramlar təşkil edilməlidir.  Pilot layihələrin həyata keçirilməsi də məqsədəuyğundur. Müxtəlif regionlarda seçilmiş bağçalarda psixoloji və erkən inkişaf dəstəyinin təmin olunması üçün pilot layihələr həyata keçirilərək onların nəticələri qiymətləndirilməlidir. Bir sözlə, Finlandiya, Almaniya və digər ölkələrin müvafiq modelləri öyrənilməli və yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilməlidir”.
  K.Əsədov onu da qeyd edib ki, uşaq bağçalarında psixoloq və erkən inkişaf mütəxəssislərinin olması uşaqların təhsil prosesinə hazırlığını artırmaqla yanaşı, onların emosional və sosial sağlamlığını qorumaq üçün zəruri bir addımdır. Bu istiqamətdə görülən tədbirlər yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin ümumi rifahına müsbət təsir göstərə bilər. Azərbaycanın bağça sistemi bu islahatları həyata keçirməklə gələcək nəsillərin daha sağlam və uğurlu inkişafına zəmin yarada bilər.

Избранный
11
sherg.az

1Источники