RU

General: Sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

“Məqsədimiz keçirilən mediaturda jurnalistlərə dövlət sərhədlərimizin mühafizəsi və müdafiəsi haqqında təsəvvür yaratmaq və bu sahədə mövcud vəziyyətlə onları tanış etməkdir. Bu baxımdan, Azərbaycan Sərhəd Mühafizəsinin inkişaf tarixi, son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə qısa məlumat vermək zəruridir”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.

Dövlət Sərhəd Xidmətinin, Sərhəd Qoşunları Komandanlığının yaradılması tarixi barədə danışan general-leytenant Araz Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilib. Dövlət başçısı İlham Əliyevin sərhədçilərə göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 17 halda DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçuları ilə görüşü olub. İlk görüş 2004-cü il iyulun 21-də “Xudat” sərhəd dəstəsinin şəxsi heyəti ilə olub və bununla da sərhəd mühafizəsi salnaməsində yeni səhifə açılıb.

Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisi olaraq 2017-ci ilin iyunun 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi ilə onun tarixindən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Həmin il Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib. “Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz olub. Qazax-Ağstafa rayonları ərazisində - Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırılıb. Bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də, daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı”, - deyə A.Məmmədov bildirib.

DSX rəisinin müavini vurğulayıb ki, Azərbaycan quruda 5 ölkə – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran ilə həmsərhəddir. DSX Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiəsini və mühafizəsini təmin edir. DSX Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir. Sərhəd Qoşunları Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrlarının hazırlanır, həmçinin digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar keçirilir. Bunun nəticəsində DSX Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib. Eyni zamanda, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkarlanaraq götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

DSX Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü ildə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 sərhəd pozucusu, 134 rejim pozucusu saxlanılıb. Eyni zamanda, ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 38 psixotrop həb aşkarlayaraq qeyri-qanuni dövriyyədən çıxarılıb, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib.

Mətbuat konfransında bildirilib ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub. DSX tərəfindən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı DSX Sərhəd Qoşunlarının 13 hərbi qulluqçusu şəhid olub. Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Sərhəd Qoşunlarının komandanı diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlayan “Dəmir yumruq” döyüş əməliyyatlarında DSX Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib. İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi DSX-nin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunub.

Şanlı Vətən müharibəsində isə DSX-nin 10 hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib.

Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət göstərmiş bütün 1843 hərbi qulluqçu təltif olunub. Onlardan 719 hərbi qulluqçu dövlət başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Qırx dörd günlük müharibədən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində DSX Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb.

İşğaldan azad edilmiş ərazilərdə DSX Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə Ali Baş Komandan İlham Əliyevin səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olub, sərhədçiləri xidməti uğurlara ruhlandırıb.

“Azərbaycan xalqının böyük sərkərdəsi İlham Əliyevin uzun illərdir apardığı siyasətin nəticəsi olaraq, Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) 2024-cü il aprelin 19-da Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımızı ucaldaraq şərəflə xidmətə başlayıblar, - deyə DSX rəisinin müavini bildirib.

O deyib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığı COP29 beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib.

“Hazırda DSX–nin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Biz əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malikdir və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”, - deyə Araz Məmmədov əlavə edib.

Избранный
18
6
xezerxeber.az

10Источники