RU

Heyətdə İspaniya və Almaniyada oynayan futbolçular var – bəs nəticə?

Futbol üzrə əsas millimizi uğursuz nəticələrinə görə tənqid edirik, amma bu komandanın gələcəyi - yeniyetmə futbolçular da bizi sevindirmir.

İdman.biz xəbər verir ki, Azərbaycanın həm U-19, həm də U-17 yığmaları növbəti Avropa çempionatı seçmə mərhələsini bir xalla başa vurublar. 0:4 (U-19 İrlandiyaya, U-17 Macarıstana) və 0:3 (U-17 Yunanıstana) kimi hesablar komandalarımızın rəqiblərindən aşkar zəif olması anlamına gəlir.

Xüsusilə püşkatma zamanı üçüncü səbətdə yer alan U-19 millimizin Moldova ilə qrupda “üçüncülük” mübarizəsində onlardan geri qalması təəssüf doğurur. Amma digər tərəfdən də artıq üç seçmə mərhələdir qələbə nə olduğunu bilməyən komandadan bundan artığını gözləməyə də dəyməz. 19 yaşlılar rəsmi turnirlərdə sonuncu dəfə 2021-ci ildə Lüksemburqa 2:0 hesabı ilə qalib gəliblər.

Axırıncı yarışa gəlincə, Azərbaycan komandasının heyətində cəmi bir legioner – “Ankaragücü”lü Həsən Nəzərli yer alıb ki, Moldova ilə oyunda (2:2) hər iki qolu da məhz o vurub.

Vaxtilə əsas millidə müxtəlif baş məşqçilərin köməkçisi işləmiş, “Qarabağ” və “Neftçi” kimi komandaları çalışdırmış Elxan Abdullayev U-19-un oyununda heç cür dönüş yarada bilmir. Yoldaşlıq görüşləri də nəzərə alınmaqla yığmamızın qələbəsiz seriyası artıq on oyuna çatıb.

Abdullayevin U-17 millisindəki həmkarı İlham Yadullayevin məşqçi kimi təcrübəsi böyük olmasa da, futbolçu karyerasında 37 dəfə milli komandanın formasını geyinib.

17 yaşlıların heyətinə gəlincə, komandada İspaniya, Almaniya, İsveçrə və Serbiya klublarında oynayan futbolçular var. Buna baxmayaraq, yarışda yeganə qolumuzu “Sabah”ın üzvü Əlibəy Mahmudov vurub.

U-17 millisi də iki seçmə turnirdir qələbə nə olduğunu bilmir. Komandamız sonuncu dəfə 2022-ci ildə çox zəif Lixtenşteynə qalib gələ bilib – 8:0.

U-19 və U-17 səviyyəsində uğurlu nəticələr qazana bilməyən, qalib psixologiyasına malik olmayan bu futbolçuların bir neçə ildən sonra çıxış edəcəkləri əsas millinin aqibətini təsəvvür etmək çətin deyil.

Halbuki əsas millidə elə indidən yaşla bağlı dəyişikliklərə, yenilənməyə ehtiyac var. Fernandu Santuşun dövründə bəzi oyunlarda komandanın orta yaşı 27-dən çox olub. Aparıcı futbolçulardan Bədavi Hüseynov (33 yaş) və Emin Mahmudovun (32) yaşları 30-u keçib, Coşqun Diniyev, Abbas Hüseynov, Aleksey İsayev (hər üçü - 29), Ramil Şeydayev, Rahil Məmmədov (hər ikisi - 28), Bəhlul Mustafazadə və Mahir Emrelinin (hər ikisi - 27) yaşları da 30-a yaxınlaşıb.

Fernandu Santuşun qapıçı mövqeyini 32 yaşlı Mehdi Cənnətovdan alıb 21 yaşlı Rza Cəfərova həvalə etməsi bir qədər gözlənilməz, amma gələcəyə hədəflənən addım saymaq olar. “Neftçi”nin qapıçısı ilə eyni yaşda olan hücumçu Nəriman Axundzadə də portuqaliyalının gələndən bəri şans verdiyi ən gənc futbolçulardır.

Rasim Mövsümzadə
İdman.biz

Избранный
15
idman.biz

1Источники