RU

Fransa erməni lobbisinin "əsarətində"

Makron kələfin ucunu   o dərəcədə itirib ki...

Azərbaycanla Fransa arasında olan soyuq münasibətlər pik həddə çatıb. Hazırda hər iki dövlət diplomatik vasitələrdən yararlanaraq öz iddialarını ortaya qoymaqdadır. Məlumat üçün qeyd edək ki, tarix boyu Fransanın ölkəmizə qarşı münasibəti səmimi olmayıb. Hələ ötən əsrin əvvəllərindən Azərbaycanı "yağlı tikə" hesab edən Fransa ənənəvi siyasətindən əl çəkməyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə rəsmi Parisin ölkəmizə qarşı gizli planlarını üzə çıxardı. "Dağlıq Qarabağ münaqişəsinin" dinc yolla nizama salınması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa 30 il ərzində Ermənistanın hamisi rolunda çıxış etdi. Hansı ki, ümummilli lider Heydər Əliyev Fransanın ölkəmizə qarşı mövqeyini bildiyi üçün sözügedən qrupda təmsil olunmasının qəti əleyhinə idi. Beləliklə, 30 il ərzində Fransa birmənalı şəkildə Ermənistanın mənafeyini müdafiə edərək beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə bir sıra qərar və qətnamələrin qəbul olunmasında fəallıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi isə Fransanın yuxusunu ərşə çəkdi. ATƏT-in Minsk qrupu tarixin arxivinə qovuşduğundan Fransa Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda ölkəmizə qarşı hücuma keçdi. Azərbaycanın Zəfərini həzm edə bilməyən Fransa bilərəkdən, yaxud bilməyərəkdən erməni diasporasının maşasına çevrildi. Azərbaycanın beynəlxalq qanunlara istinad edərək BMT Təhlükəsizilik Şurasının qətnaməsini icra etməsi Fransanın qarşısında sipər çəksə də insan hüquqları, söz və fikir azadlığı kimi qondarma ittihamlar rəsmi Parisin silahına çevrildi. Yeri gəldi-gəlmədi, erməni mənbələrinə istinad edərək heç bir həqiqətə söykənməyən iddialarla ölkəmizi ittiham etmək artıq Fransanın xarici siyasətinin ənənəvi istiqamətinə çevrilib. Ermənidən çox erməni olmağa çalışan Fransa prezidenti Emmanuel Makron kələfin ucunu  o dərəcədə itirib ki, Ermənistanın razılaşdığı sülh müqaviləsinə qarşı çıxır. Təsəvvür edək ki, Ermənistan Qarabağı könüllü tərk edən ermənilərə vətəndaşlıq verir, Fransa bunu Azərbaycanın insan hüquqlarını pozması kimi dəyərləndirir, rəsmi İrəvan delimitasiya və demorkasiya prosesinin həyata keçirir, Fransa isə Azərbaycanı Ermənistan ərazisinə təcavüz etməkdə ittiham edir. Bununla kifayətlənmyən Fransa hazırda Ermənistanı ən müasir silahlarla təmin etmək yolunu tutub. Birmənalı şəkildə qeyd edilməlidir ki, Fransanın Ermənistanı silahlandırması təkcə Ermənistan-Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək, sülh müqaviləsinə əngəl törətmək yox, bütövlükdə Cənubi  Qafqazda təhlükəsizliyə təhdiddir. 
Ümumiyyətlə Fransa  Azərbaycanın əldə etdiyi uğurları, beynəlxalq aləmdə artan nüfuzunu qəti şəkildə həzm edə bilmir. Azərbaycanın hər bir uğuru rəsmi Parisdə matəm gününə çevrilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilən andan bu ölkənin sərgilədiyi mövqe bütün məsələlərə aydınlıq gətirir. Fransa əvvəlcə BMT-nin belə mötəbər tədbirinin Azərbaycanda keçirilməsinin əleyhinə şıxdı, ardınca quruma üzv dövlətlərin rəhbərlərinin COP29-u baykot etməsibə çağırış etdi. Əslində Fransanın bu addımı BMT-yə qarşı sayğısızlığın bariz nümunəsi idi. Lakin Makronun məkrli siyasəti bumeranq effekti verdi. Belə ki, Azərbaycanın evsahibliyi etdiyi COP29-a 196 ölkədən 72 mindən artıq iştirakçı qatıldı. Üstəlik tədbir iştirakçıları Fransanı müstəmləkəçilik siyasəti yürütməkdə, dənizaşırı ərazilərdə törətdiyi cinayətlər, insan hüquqlarının pozulması kimi məsələlərdə  ittiham  etdilər. Görünür, Fransanın xətrinə dəyən də elə onun kiçik ada dövlətlərində törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyət tərəfindən qınanılması olub. Bu səbəbdən də Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu çağırış Azərbaycan COP29-da Fransanın yaşıl keçid, enerji və iqlim üzrə naziri Agnes Pannier-Runacher sammitdə iştirakını ləğv etməsini tənqid etməsi ilə bağlı olub. 
Görünür, Fransa hələ də dərk edə bilmir ki, Azərbaycan artıq suveren  dövlətdir, müstəqil xarici siyasət yürüdür və ona qarşı olan əsassız ittihamları cavabsız qoymur. Rəsmi Parisin atdığı addımın üstündən bir gün keçməmiş Azərbaycan öz mövqeyini ortaya qoydu. Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəfə alınmasına etiraz bildirildi. Səfirlə görüşdə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub. Etiraf eilməlidir ki, Azərbaycanın Fransa dövləti ilə heç bir ədavəti, həlli mümkün olmayan problemi yoxdur. Söhbət Makron hakimiyyətindən gedir ki, o, erməni lobbisinin rəğbətini qazanmaqdan ötrü ölkəsinə ləkə gətirən hər cür aşağılayıcı siyasətə əl atır. Amma dərk etmir ki, Azərbaycan artıq güclü, qalib dövlətdir, yalan, iftira, sərsəm ittihamlarla onu yolundan döndərkək mümkün deyil.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники