RU

Gürcüstanın yeni parlamentinin ilk iclası bu tarixdə olacaq

Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas baş tutacaq.

Oxu24.com ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan parlamentinin spikeri vəzifəsini icra edən Şalva Papuaşvili açıqlayıb.

Onun sözlərinə görə, bu iclasda parlament komitələri yaradılacaq və onların sədrləri seçiləcək. Bununla yanaşı, parlament sədrinin də seçilməsi baş tutacaq. Bu vəzifəyə isə ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası tərəfindən yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb.

Beş faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.

Buna baxmayaraq, müxalif partiyaların deputatları mandatlarını götürməkdən imtina edir, yeni seçkilərin keçirilməsini tələb edirlər. Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqan işə başlamaq səlahiyyətinə malikdir.

Onu da qeyd edək ki, müxalifət nümayəndələri noyabrın 25-də parlament binası önündə kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır.

Избранный
24
3
oxu24.com

4Источники