RU

“Hər ad günümdə qəbirstanlığa bir addım da yaxınlaşıram, nəyə sevinim?”-ÖZƏL

“Mən heç vaxt xüsusi olaraq doğum günlərimi qeyd etmirəm. Sonuncu dəfə doğum günümü 10 yaşım olanda valideynlərim qeyd edib. Ondan sonra doğum günü keçirmirəm. Səbəbi çox sadədir. Sevinməyə bir səbəb deyil axı doğum günü. Sevinmək üçün bir səbəb olmalıdır. Biz isə hər il qəbirstanlığa bir addım da yaxınlaşırıq. İnsan gördüyü işin zəhmətini alanda sevinir, başqa insanları sevindirəndə sevinir. Bu gün doğulmuşam, çalıb-oynayaq və s. bütün bunlar mənim üçün sevinc səbəbi deyil, heç vaxt da olmayıb”
 
Bunu Moderator.az-a özəl açıqlamasında bəstəkar, Əməkdar İncəsənət xadimi Cavanşir Quliyev deyib. O daha sonra yaradıcılıqla bağlı arzularından danışıb:
 
“Hələ də yazılası əsərim var. Böyük bir “Dədə Qorqud” baletləri silsiləsi yazmağa başlamışam. Bilirsiniz ki, bu dastanın 12 boyu var, onun iki baleti artıq bitmək üzrədir. Amma irəlidə çox böyük, uzun iş var. Arzum budur ki, Allah bu baletləri bitirməyə mənə möhlət versin. Yaradıcılıqla bağlı ən böyük arzum hələ ki, budur” deyə o bildirib.
Cavanşir Quliyev deyir ki, gənc bəstəkarlara kömək etməsək bəstəkarlıq məktəbi tükənə bilər:
“Bizim bəstəkarlıq məktəbimiz hələ ki, yaşayır. Gənc bəstəkarlar var. Onlar kifayət qədər savadlı, istedadlıdır. Amma onların başının üzərində böyük bir təhlükə var. Çünki bizim cəmiyyət bəstəkarlıq peşəsi ilə bağlı irəli getmək istəmir. Köhnədən yapışır, dünya bəstəkarlıq məktəbində baş verən yenilikləri qəbul etmək istəmir. Bir az konservativ cəmiyyətimiz var. Ona görə də bu gəncləri görmürlər. Bizim təbliğat vasitələrimiz də o gəncləri görmür. İnsanların heç xəbəri də yoxdur ki, kimlər var? Amma biz bilirik ki, var. Sadəcə onları təbliğ etmək, həvəs vermək lazımdır. Bu da yoxdur. Həmin gənclərin bir çoxu heç iş də tapa bilmirlər. Vəziyyətləri elədir. Ona görə belə olan halda bəstəkarlıq məktəbi bir müddətdən sonra yox ola bilər, yeni nəsil gəlməyə bilər. Mən bunu bir neçə dəfə demişəm, heç kəs reaksiya vermir. Hər kəs hesab edir ki, bu məsələ ona aid deyil. Bəs kimin məsələsidir? Heç kəsin işi deyilsə o zaman bu uşaqları niyə belə yardımsız, köməksiz buraxırıq? Onlar da gedib başqa işlə məşğul olacaqlar, musiqi bəstələməyəcəklər. Bəstəkarlıq məktəbinin davam etməsi üçün yeni nəsilə yardım lazımdır. Sonradan özləri hamısını edəcəklər. Bizə də zamanında bu yardımlar olub. Onlar yazdıqları əsərləri belə sata bilmir, qonorar ala bilmirlər” deyə bəstəkar bildirib.
Избранный
8
moderator.az

1Источники