Bilirik ki, Fernando Santuşun uzunmüddətli müqaviləsi var. Portuqaliyalı mütəxəssis AÇ-2028-in final mərhələsinə vəsiqə qazana biləcək komanda formalaşdırmaq hədəfinin olduğunu deyib. İlin sonuna qədər AFFA İcraiyyyə Komitəsinin iclası keçiriləcək. Fernando Santuşun müqaviləsinə yenidən baxılmasına ehtiyac varmı, yoxsa ona daha bir şans vermək lazımdı? Bu sualı AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanova ünvanladıq:
“Siz Avropada, dünyada elə şanslı məşqçi görürsüzmü ki, Azərbaycanı AÇ-28-in final mərhələsinə çıxarsın? Ancelotti, Klopp, Qvardiola gəlsə belə, hədəfə çatmaq şansı minimumdu. Millinin problemləri məşqçidə deyil, milli futbol təsərrüfatının tam iflic vəziyyətində, yararsız olmasındadı. İcraiyyə Komitəsi yaxşı olardı ki, səmimiyyət nümayiş etdirib öz tərkibinə yenidən baxsın, AFFA-nın fəaliyyəti üzrə yeni inkişaf konsepsiyası hazırlasın, ölkənin müvafiq qurumlarını cəlb etməklə bütün yaşayış məntəqələrini əhatə edən şəbəkəli fəaliyyət proqramı tərtib etsin. Nədənsə bizim futbol məmurları da, jurnalist korpusu da futbolumuzun total fiaskosunun günahını yalnız məşqçi vəzifəsini tutmuş Fətiş kişi obrazında görürlər. Bugünkü durumun ən az günahkarı məşqçidi. Ən böyük günahkarları legioner limitinin 8-ə qaldırılması ideyasını ortaya atanlar və bu kimi ideya müəllifləridi. Ölkə futbolu reanimasiyada, klinik ölüm vəziyyətindədi. Bu vəziyyətdə məşqçinin dəyişməsi ideyasını ortaya atmaq əsl günahkarları məsuliyyətdən yayındırmaqdı. Rus demişkən, “коней на переправе не меняют”. Yoxsa sel aparacaq…”.
ƏSƏD SEYİDOV