RU

Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT

Lerik rayonu, Piran kənd sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2021-ci ilin aprel ayından əlilliyə görə müavinəti səsəbsiz yerə kəsilib:

“Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdayam. 03.06.1998-ci ildə Füzuli istiqamətində ön xətdə odlu silahla yaralanmışam.

Hərbi şəhadətnamə ilə mənə əlillik vermişdilər. Əvvəl 3-cü qrup, sonra isə, rəhmətlik atamın şikayəti ilə 2010-cu ildə 2-ci qrup əlillik ilə əvəz etdilər. Çünki vəziyyətim daha da ağırlaşmışdı.

2021-ci ilin aprel ayına kimi əlillik üçün müavinət aldım. 2021-ci ildən indiyə kimi müavinətimi qanunsuz olaraq kəsiblər. Travmatologiya şöbəsində də olmuşam. Ayaqlarım ağrısından yeriyə bilmirəm. Lakin mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir, üstəlik müavinətimi də kəsiblər”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Sultanov Rizvan Səməd oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma-88” göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni “Forma-88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Aynurə İSMAYIL

Hurriyyet.az

 

Избранный
9
hurriyyet.az

1Источники