RU

Üçüncü Dünya müharibəsi rəsmən başladı?

Rusiya-Ukrayna müharibəsinin yeni fazaya keçməsi, Tayvan ətrafında gərginliyin davam etməsi, İsrailin Livan və Qəzzada əməliyyatları intensivləşdirməsi va İsrail-İran gərginliyi dünya miqyasında narahatlıq yaradıb. Ekspertlər iddia edirlər ki, Üçüncü Dünya müharibəsi artıq başlayıb.

Son 3-4 gündə baş verənlər qlobal müharibənin startı sayıla bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, 19 noyabr tarixində ABŞ, Britaniya, Fransanın Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsi artıq müharibənin coğrafiya və radiusunun genişlənəcəyini göstərən siqnallar idi:

“Son vaxtlar biz dəfələrlə Rusiya rəhbərlərinin, Qərb siyasətçilərin dilindən “xüsusi hərbi əməliyyat” deyil, “qloblal müharibə” ifadələrini eşitmişik. 53 dövlət Ukraynaya 300 milyard dollardan artıq humanitar, hərbi, maliyyə yardımı edib.

Zahid Oruc

Bu gün Ukraynadakı hərbçi sadəcə əlini pultun düyməsinə qoyur, idarəetmə kənardandır. Bu, prosesin faktiki Üçüncü Dünya müharibəsi fazasında olduğu görsənir.

Bəşəriyyətin bir qədər fərqli yanaşmaları var. Müasir kommunikasiya sistemləri elə bir durum yaradıb ki, bir tərəfdən müharibə gedir, digər tərəfdən həyat öz axırında davam edir. 20-21 noyabr tarixində Rusiyanın cavab zərbəsi qərarı verib ballistik raketlərini işə salması, Putinin dünən dünyaya müraciəti, qarşıdakı günlərdə vurulacaq zərbə ilə bağlı insanlara məlumat verməsi, nüvə doktrinasının yenilənməsi vəziyyətin ciddiliyini göstərir. Fikrimcə, bu, Üçüncü Dünya müharibəsidir”.

Səməd Seyidov

Deputat Səməd Seyidov da hesab edir ki, dünyada çox gərgin vəziyyət yaranıb:

“Vəziyyət o dərəcədə pisdir ki, öncədən nə isə demək çox çətindir. Yəni hər ehtimal mümkündür. Hər iki hal üçün də kifayət qədər arqument, əsas var.

Deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi yeni və daha dəhşətli mərhələyə keçib. Tərəflər daha amansız formada üzə-üzə gəlib. Bu da tələfat və itkini artırır”.

Politoloq Elxan Şahinoğlu deyib ki, Suriyada vətəndaş müharibəsi başlayanda, Ərəb baharı geniş vüsət alanda, İran-İsrail gərginliyi pik həddə çatanda da Üçüncü Dünya müharibəsinin başladığına dair iddialar səslənirdi:

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı da bu gün bu iddiaların ortaya çıxması başadüşüləndir. Hesab edirəm, Üçüncü Dünya müharibəsi riski yoxdur. Soyuq müharibə dövründə bunun olması daha real idi. 1945-ci ildən SSRİ dağılana qədər bu ehtimal gündəmdə qaldı. Amma SSRİ-nin dağılması ilə Üçüncü Dünya müharibəsinə dair iddialar da gündəmdən çıxdı.

Elxan Şahinoğlu

Bəşəriyyət belə dəhşətli müharibənin olmasına izin verməyəcək. Məşhur alim Albert Eynşteynin dediyi kimi, “Üçüncü Dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma Dördüncü Dünya müharibəsində dəyənək və daşlardan istifadə ediləcək”.

Ağ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, Üçüncü Dünya müharibəsi anlayışı 21-ci əsrdə dəyişikliyə məruz qalıb:

“Yeni dövrün reallıqlarında hazırkı prosesləri Üçüncü Dünya müharibəsi kimi qiymətləndirə bilərik. Misal üçün Rusiya-Ukrayna müharibəsində konkret tərəflərin yanında döyüşən ölkə olmasa da, silah, maliyyə yardımı edən ölkələr var.

Tural Abbaslı

Bundan sonra Birinci və İkinci Dünya müharibəsi kimi bir savaşın olacağı inandırıcı deyil. Çünki müasir dövrün reallıqları fərqlidir. Müharibə reallıqları, metodları dəyişib. Yəni əgər kimsə Üçüncü Dünya müharibəsi ilə maraqlanırsa, belə bir müharibə onsuz da gedir. Amma klassik mənada bir dünya müharibəsindən danışmaq olmaz”.

Избранный
24
turkustan.az

1Источники