RU

İranın “müdafiə qalxanı" məhv edildi – “Hücum üçün "qızıl fürsət" yaranıb”

İsrail oktyabrın 26-da İranın nüvə obyektlərinə hücum etməsə də, bunu gələcəkdə, xüsusən də ABŞ-ın yeni seçilmiş Prezidenti Trampın yeni administrasiyası dövründə edəcəyi ehtimalı əvvəlkindən daha yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadla “Yerusəlim Post” məlumat yayıb.

Hərbi rəsmilərin sözlərinə görə, uzun illər ərzində ilk dəfədir İranın nüvə obyektlərinə hücumla bağlı şərtlər formalaşıb: “Yəni belə bir hücum lazımdır və mümkündür”.

Mənbə bildirib ki, 2009-cu ildə Baş nazir Benyamin Netanyahunun Tehranın nüvə proqramını vurmaq təkliflərinə hərbi qurumların əksəriyyətinin qarşı çıxdığı dövrdən fərqli olaraq, bu gün bütün müdafiə qurumu bu barədə konsensusdadır:

“Bu o deməkdir ki, müdafiə qurumu həmişəkindən daha çox belə hücuma hazırlaşmaq və həyata keçirmək üçün praktiki məsələlər üzərində işləyir”.

Nəşrin mənbəsi bu planın həyata keçirilməsi üçün “qızıl fürsət”in yarandığını vurğulayıb:

“Bu qızıl fürsət hələ də qalır və bir müddət qalacaq. Çünki İranın ən yaxşı hava hücumundan müdafiə sistemləri məhv edilib, “Hizbullah” və HƏMAS kimi etibarlı “müdafiə qalxanı” böyük ölçüdə zədələnib”.

Müdafiə Nazirliyinin rəsmisi Trampın gələcək administrasiyasının İsrailin İranın nüvə obyektlərinə hücumuna dəstək verəcəyini deyib. O, artıq Netanyahunun noyabrın 18-də Knessetdəki çıxışında buna eyham vurduğunu qeyd edib.

İsrail müdafiə naziri Yisrael Katz bundan öncə söyləmişdi ki, İranın nüvə obyektlərinə hücum üçün diplomatik, operativ və taktiki vəziyyət heç vaxt indiki kimi həyata keçirilə bilən və real olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
18
teleqraf.com

1Источники