RU

Yeni Azərbaycan Partiyasının yaranması müasir tariximizin ən parlaq səhifələrindən biridir

Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 32 ilin təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, “91-lər”in müraciəti məsuliyyətli addım və doğru qərar oldu

“91-lər”in hər biri Azərbaycanın gələcəyinə görə böyük cəsarət göstərib

21 noyabr 1992-ci ildən bizi  32 illik zaman ayırır. Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə səsləndirdiyi bu fikirlər partiyanın yaradılmasını zərurətə çevirən amillərin, “91-lər”in rolunun, bu məsuliyyətli addımın və qərarın ölkəmizin bugünü üçün açdığı imkanların aydın mənzərəsini təqdim edir: “Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.”

“91-lər”in üzvü kimi  belə güclü, qüdrətli, ölkədə gedən proseslərin mərkəzində dayanan bir partiyanın yaradılması prosesinin  iştirakçısı olmağımdan  böyük qürur hissi keçirirəm. Ümummilli Lider Heydər Əliyev, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev “91-lər”in fəaliyyətini daim yüksək dəyərləndirib və dəyərləndirir. Ulu Öndər Heydər Əliyev  Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunan yubiley mərasimində “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm” söyləyərək onu da bildirmişdir ki, ona görə yox ki, 91-lərin müraciəti mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular. Yəni 91-lərin müraciəti olsaydı da, olmasaydı da,  1993-cü ildə Azərbaycana gələcəkdim. Ancaq o vaxt müraciətin altına imzasını qoyan insanların hər biri  Azərbaycanın gələcəyinə görə böyük cəsarət,  qəhrəmanlıq göstərib. Biz onları partiyamızın əsasını qoyan veteranlar kimi öz sıralarımızda daim saxlayacağıq.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayındakı çıxışında   adı Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasından, fəaliyyətindən geniş bəhs edərkən “91-lər”in rolunu xüsusi olaraq qeyd etdi.  Bildirdi ki, onları Azərbaycan xalqı unutmamalıdır: “Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.

Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüş nöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı və bundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsi zərurətinin təqdimatı idi. Həmin müraciətdə belə bir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə qadir olan yeganə  mütləq lider Heydər Əliyev ola  bilər.  Yalnız bu halda  yaranmaqda olan partiya  öz qarşısına qoyduğu  məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək  Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan  boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər.  Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev  kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun  illər  xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və  fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində  müraciətdə göstərilən  Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv  zərurətdən doğur.  Belə bir partiya  Azərbaycanın siyasi-ictimai həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında  tarixi rol  oynaya bilər.

Tarixi zərurətdən yaranan partiya

Faktiki olaraq 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra  bir il keçmədi 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir. Müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövləti böyük fəlakətlə üz-üzə idi. Ölkədə gedən proseslər idarəolunmaz hal almışdı. Siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni uçurumun kənarına gətirmişdi.  Torpaqlarımız əldən gedir, ərazi bütövlüyümüz pozulur, soydaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. O vaxt hakimiyyəti zəbt etmiş bədnam AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Bu reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığı xüsusi vurğulanır. Partiyanın yaranması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını şərtləndirdi.

Artıq o vaxtdan illər keçib. Hər dövrün, zamanın  öz tələbi var. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Lider partiyanın gələcəyinə daim böyük inamla yanaşırdı. Onun məşhur “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri də bu inamdan və etimaddan irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının  parlaq gələcəyinə böyük inam bəsləyir və bildirirdi ki, YAP  daim yaşayacaqdır. Partiyaya yeni-yeni gənc üzvlər gələcək və  partiyanın  prinsiplərini  gündən-günə yüksəklərə qaldıracaqlar.

Xalqa, dövlətə, dövlətçiliyə xidmət nümunəsi

Ümummilli Liderin böyük inamla səsləndirdiyi bu fikirlər hazırda reallıqda öz əksini tapıb. YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı.  O tarixi hadisədən ötən 32 il  Yeni Azərbaycan Partiyasının həyatında  xalqa, dövlətə və dövlətçiliyə xidmət kimi səciyyələnir. Eyni zamanda,  32 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, ötən  müddət ərzində Azərbaycan dövləti qarşıya qoyulan   bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik  ölkə kimi tanınır. Təbii ki,  bu uğurlar  Ulu Öndər Heydər Əliyevin  əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Bu gün  partiyamız öz sıralarında 800 minə yaxın   üzvü biləşdirir. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədər insanın birləşməsi özündə bütün məqamları ehtiva edir. Xalqın bu partiyaya inamı sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçki prosesləri də təsdiqləyir. Bu gün ölkədə  hər hansı   siyasi  hadisə Yeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz. Yeni Azərbaycan Partiyasının mövcudluğu, fəaliyyəti Azərbaycanda sabitliyin  təməl prinsiplərindəndir.  Ümummilli Lider Heydər Əliyevin   müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini  qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz naminə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: “Heydər Əliyevin siyasəti  Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan  beynəlxalq aləmdə  özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla  hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün  beynəlxalq, irimiqyaslı  layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə  həyata keçirilir.”

Bu, bir danılmaz faktdır ki, Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. Bu gün Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm bu gün yaşadığı rəvan həyatı, həm də beynəlxalq qurumların  hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır.

Mən Ona özüm qədər inanıram …

Bu xoşbəxtliyi davamlı edən  əsas amil isə Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində  xalqa tarixi müraciəti oldu. 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev  bildirdi ki, üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Böyük Yolun davamı…

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırdı. Bu gün dünyada nadir Azərbaycan inkişaf modelinin mövcudluğu düzgün qurulan siyasətin, zərgər dəqiqliyi ilə müəyyənləşdirilən inkişaf strategiyasının təqdimatıdır. Bu gün Azərbaycan Zəfəri  və suverenliyinin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradıb.  Artıq tarixi Zəfərimizin dördüncü  ildönümünü qeyd etdik. Hazırda azad edilmiş bütün torpaqlarımız cənnət məkana çevrilir. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkanlar sırasında bu torpaqlarımızın xüsusi vurğulanması hər birimizi qürurlandırır.

Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda  2021-ci il martin 5-də keçirdiyi VII qurultay partiyanın həyatında  böyük tarixi hadisə oldu. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də  1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu hədəfləri reallığa çevirməsinin təqdimatı oldu. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin proqram xarakterli çıxışında qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır.

Ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyasının VII  qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 5 mart 2021-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin Birinci müavini təyin edildi. Mehriban xanım Əliyeva  ictimai-siyasi həyatda, davamlı xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərinin  reallığa çevrilməsinə böyük töhfələr verir.

Prezident İlham Əliyev qurultaydakı geniş məzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.

YAP  partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun  inkişafı  dövlət siyasətinin  prioritet fəaliyyət  istiqamətlərindən biridir.  Ölkəmizdə mövcud olan siyasi dialoq təcrübəsi  YAP-ın təşəbbüsləri ilə  zənginləşir.  VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını  nümayiş etdirdi. Qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı milli həmrəyliyin gücləndirilməsinin təqdimatı oldu.

Hakim partiya daim irəli baxır

Yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan YAP ölkədə baş verən islahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylər göstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəli sürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. VII qurultayın tarixi hadisə kimi dəyərləndirilməsi də özündə mühüm məqamları ehtiva edir.

Şübhəsiz ötən 32 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Lakin əsas olan budur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Partiyanın ölkədə keçirilən seçki proseslərinə qatıldığı devizləri nəzərdən keçirmək kifayətdir.  Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən Yeni Azərbaycan Partiyası bu gün Zəfərimizin diktə etdiyi vəzifələri uğurla həyata keçirmək üçün yumruq kimi birləşməyə çağırışlar edir. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında ictimaiyyətə təqdim edilən yeni Proqramında qarşıdakı dövrün hədəfləri öz əksini tapıb.

Son prezident və parlament seçkiləri  Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzuna işıq saldı

Suverenliyimizin tam bərpa edilməsi ilə qalib, bütövləşən Azərbaycan yeni dövrə qədəm qoydu.  Yeni dövrün mühüm hadisələri sırasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən  prezident və parlament seçkilərini qeyd edə bilərik. Hər iki seçki Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzuna, xalqın partiyası kimi mövqeyini daha da möhkəmləndirməsinə işıq saldı. “Qalib xalqın qalib Lideri!” çağırışı ilə  7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə  1 sentyabr parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifələrini yazdı. Cənab İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində bildirdi ki,  əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvə

Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim  yeniləşməyə  maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevin çıxışının sonunda söylədiyi fikirlər  gələcəyimizin aydın mənzərəsini təqdim edir: “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”

Yeni Azərbaycan Partiyasının 32 ildə keçdiyi çətin və şərəfli yol  Ümummilli Lider Heydər Əliyevin partiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində səsləndirdiyi fikirləri bu gün  bir daha xatırlamağa çağırış edir: “Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq.” Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası daim irəli baxır, zamanı qabaqlayır, yeni-yeni hədəfləri reallığa çevirməklə cəmiyyətdə nüfuzunu artırır. 32 illik çətin və şərəfli yolda qazanılan zəngin təcrübə həm ölkəmizə, həm də Yeni Azərbaycan Partiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlər qazandıracaq.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı, “91-lər”dən biri

Избранный
15
6
editor.az

10Источники