RU

Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?


Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan Meydanda ilk mitinqləri “KQB”-nin təşkil etdiyini söylədi?..

“...Nemət Pənahlının istintaqa ifadələrindən də bəlli olur ki, 1988-ci ilin fevral-may aylarından bəri Vəzirov başda olmaqla o da, Əbülfəz Əliyev də dəfələrlə hökumət rəhbərləri ilə görüşlər keçirib, onların qoyduqları tələblərlə razılaşıblar. Mən isə cəmi bircə dəfə Vəzirovla görüşdə iştirak etmişdim...”
 
1988-ci il noyabrın 17-də başlanan və sonradan Meydan Hərəkatı adlanacaq hərəkatın ilk mitinqlərinin təşkilatçısı  Ənvər Əliyev “Meydan sirləri” kitabında(səh.100-101) yazır ki, hələ 1988-ci il oktyabrın axırında yaşadığı aspirantların yataqxanasında gənc alimlərlə görüş zamanı sonradan AXC lideri və ölkə prezidenti olacaq və “Elçibəy” ləqəbi ilə məşhurlaşacaq Əbülfəz Əliyev “mitinq kimi çətin bir işin öhdəsindən yalnız sizin gələ biləcəyinizi” deyərək ona dəstək verib. Amma cəmi 4 il sonra 1992-ci ilin aprelində Əbülfəz bəy Zərdüşt Əlizadənin təsisçisi və baş redaktoru olduğu “İstiqlal” qəzetinə verdiyi müsahibədə özünün “Meydana ilk dəfə gələnləri mitinqlərə kim gətirmişdi? sualının qarşılığında “DTK(rusca- “KQB”-S.L.) gətirmişdi?” deyə soruşan müxbirə “Bəli, sonradan bəlli oldu ki, bunun başlanğıcını DTK başladıb...” cavabını verir və bu minvalla dolayısıyla ilk mitinqlərin təşkilatçısı kimi Ənvər Əliyevi də sovet “KQB”-si ilə əməkdaşlıqda ittiham edir?  Bunu necə izah etmək olar?.. Ənvər Əliyev həmin müsahibəsindən sonra Əbülfəz Elçibəylə görüşüb məsələyə aydınlıq gətirməyə çalışıbmı?
 
Hazırda hazırda AMEA-nın Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru  kimi çalışan Ənvər Əliyev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: 
 
“Doğrusu, mənim üçün də bu məsələ tam aydın olmadı. Əbülfəz Əliyev bizim aspirantların yataqxanasındakı “qırmızı guşə”dəki görüşdə dedi ki biz Moskvanın dediyi ilə oturub-durmalıyıq, hesablaşmalıyıq. Mən ona etiraz etdim ki bəlkə Azərbaycanda vəziyyətin bir az başqa cür olmasına çalışmalıyıq. O, cavab verdi ki, yox biz belə işləri bacarmarıq. Bu fikirlərə etiraz edən bir neçə şəxs  iclası tərk etdi. Amma bununla belə, Əbülfəz müəllim həmin vaxt bizim meydanda  mitinq təşkil etmək təşəbbüsümüzü dəstəklədi və mənə dedi ki, mitinq kimi çətin işin öhdəsindən yalnız sən gələ bilərsən.  Lakin 4 il sonra nədənsə meydan hərəkatındakı ilk mitinqlərin guya DTK tərəfindən təşkil olunduğunu deməsi məni çox təəccübləndirdi.  Sonra mən onunla heç görüşmədim,  düzü, heç görüşmək də istəmədim. Amma Zərdüşt Əlizadə ilə görüşəndə ona iradımı çatdırdım ki, sizin müxbir Əbülfəz Əliyevlə müsahibədə səhv mövqe tutub.  Soruşdu ki, niyə. Cavab verdim ki, o gərək Əbülfəz Əliyevin “ilk mitinqləri DTK təşkil edib” söyləməsinə cavab olaraq deyəydi ki, əgər ilk mitinqləri o boyda  güclü təşkilat olan DTK təşkil etmişdisə, niyə iki gündən sonra Nemət Pənahlı və digərlərinin dəstəsi tribunanı ilk təşkilatçıların əlindən aldı. Özü də sonradan istintaq zamanı onu gördükdən sonra mənə bəlli oldu ki, ilk gündən başlayaraq tribunanın yaxınlığında duran şəxslərdən biri məhz Azərbaycan SSR DTK-nın sədri Qorolevski olub...  
 
Bir məqamı da nəzərinizə çatdırım ki, mitinqlərin ikinci günü, yəni 1988-ci il noyabrın 18-də Əbülfəz Əliyev və Nemət Pənahov etiraz etdilər ki, mitinq düzgün təşkil olunmur, niyə respublikanın hazırkı I katibi Əbdürrəhman Vəzirovun istefası tələbi qoyulmur. Mən onlara izah etdim ki, hazırda əsas problem ermənilərin Qarabağdakı təxribatçı hərəkətlərinin qarşısının alınmasıdır və hakimiyyət dəyişikliyini tələb etmək zamanı deyil. O zaman Əbülfəz bəy “Məsələ məlumdur” cavabını verdi. Və sonradan mən düşündüm ki, onun ilk mitinqlərin guya “KQB” tərəfindən təşkil olunduğunu söyləməsi məhz bu məsələ ilə bağlıdır. Halbuki, Nemət Pənahlının istintaqa ifadələrindən də bəlli olur ki, 1988-ci ilin fevral-may aylarından bəri Vəzirov başda olmaqla o da, Əbülfəz Əliyev də dəfələrlə hökumət rəhbərləri ilə görüşlər keçirib, onların qoyduqları tələblərlə razılaşıblar. Mən isə cəmi bircə dəfə Vəzirovla görüşdə iştirak etmişdim...”

Избранный
10
1
nuh.az

2Источники