RU

Aliment artır, evlilik azalır: SOS siqnalı verilir

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manat olacaq.

Alimentin məbləğinin artırılması gündəm mövzusu olub. Bəzilıri düşünürlər ki, aliment məbləğinin artırılması boşanmaların sayının artmasına, evliliklərin azalmasına səbəb ola bilər.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Məsələ ilə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, aliment şəxslərə, yox uşağa ödənilir:

"Bu məbləğ doğru olaraq hazırki tələbat zənbilinə uyğunlaşdırılır. 

Alimentin məbləğinin artması boşanmaların qarşısını almaq kimi bir təsirə də malik ola bilər. Hərçənd ki, ictimai müzakirələrdə alimentin artırılmasının boşanmalara əks təsir etdiyi və ya marağın artmasına gətirib çıxardığı da deyilir. Hətta bir çoxları qadınların məhz alimentə görə boşanmaya müraciət etdiyini deyir. 

Məncə, bu məsələni  belə də həll etmək olar ki, aliment uşaqların adına kart açılıb ora köçürülməklə  istifadə edilsin. Yaxud uşağın adına kapital kimi yığıla da bilər. Lakin bu, bəzən  mümkün olmur. Çünki qadınların bir çoxu ya işləmir, ya da aşağı məvaciblə işlədiyinə görə uşağın ehtiyaclarını məhz alimentdən ödəməli olur".

O qeyd edib ki, alimentin artırılması evliliyə ciddi münasibət kimi baxılmasına səbəb ola bilər:

"Yəni, düşünülmüş, ölçülüb-biçilmiş ailə modeli formalaşar. Məsuliyyət  və öhdəlik anlayışları kimə də qəbul etmək olar. Belə ki, digər tərəfdən evlənmək istəyənlər ənənəvi tələbləri (qızıl almaq, toy xərcləri, cehiz məsələləri və s.) yerinə yetirməkdə çətinlikləri olduğu üçün evlənə bilmirlər. Düşünürəm ki, bu problemlər də öz həllini tapacaq. Lakin ən əhəmiyyətli məsələ ailələrə dəstək proqramlarının olmasıdır. Mütləq şəkildə ailələr üçün sosial dəstək proqramları yaradılmalı və Ailə Məcəlləsinə ailələrlə bağlı təkcə formal olaraq qaydalar yox, dəstək proqramları ilə bağlı maddələr də əlavə edilməlidir".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə məsələyə münasibətində "Cebheinfo.az"-a bildirib ki, belə bir addımın atılması müsbətdir:

"Çünki şikayətləri, narazılıqları görürdük. Alimentin miqdarı müəyyən ehtiyacların qarşılanması üçün artırılır. Lakin problem budur ki, doğumun sayı getdikcə azalır. Düşünürəm ki, bu proseslə yanaşı, ailələrin dağılmasının qarşısının alınması, doğum nisbətinin artması istiqamətində addımlar atmalıyıq. Xüsusilə də maddi vəziyyətli yaxşı olmayan ailələrə bu istiqamətdə dəstək mexanizminin düşünülməsinə ehtiyac var. Bu, edilmədiyi təqdirdə gələn il biz daha ciddi problemləri müşahidə edəcəyik. Məsələyə ciddi yanaşılmalıdır ki, bu problem öz həllini tapsın".

Избранный
14
cebheinfo.az

1Источники