RU

Çin möcüzəsi: dünən, bu gün və sabah

Dünya mədəniyyəti tarixinin ən qədim beşiklərindən biri olan Çin həmişə bəşər sivilizasiyasına verdiyi töhfələrlə insanlığı təccübləndirməyi bacarıb. Çin haqqında bildiyimiz ancaq fərqində olmadığımız birinci məlumat hələ dil açarkən məişətdə istifadə etdiyimiz çini qabların adını öyrənməyimizlə başlayır. Ancaq heç ağlımıza belə gəlmir ki, bu qabların adı elə onların vətəninin adı ilə bağlıdır. Çünki çini qablar əsrlər öncə qədim ipək yolu ticarəti vasitəsilə məişətimizə və mətbəx mədəniyyətimizə daxil olan Çin istehsalı olan mallardır. Çin mədəniyyətilə ikinci tanışlığımız birinci sinifə gedərkən kağız üzərinə yazı yazmağımızla başlayır. Ancaq yenə də ağlımıza gəlmir ki, bəşəriyyəti keyfiyyətcə tamamilə yeni inkişaf mərhələsinə qaldıran kağızın da vətəni Çindir. Bax beləcə Çin mədəniyyətilə ünsiyyətdə ola-ola yalnız müəyyən yaş həddinə çatdıqdan sonra bunu bilir və dərk edirik. Elə bu gün də Çin öz möcüzələri ilə insanlığı təəccübləndirməkdə davam edir. Dördüncü sənaye inqilabının, ən yeni texnika və texnologiyaların yarandığı coğrafiyalardan biri yenə də elə Çindir. Hazırda isə tarixin elə bir mühüm mərhələsinə qədəm qoymuşuq ki, sivilizasiyalararası dialoq təkcə mədəniyyətlər və ticarət əlaqələri vasitəsilə mümkün olmur. Yeni tarixi mərhələnin yeni dialoq vasitələrindən biri və bəlkə də birincisi siyasi mədəniyyət və düşüncə tərzidir. Ən yeni qlobal inteqrasiyanın hərəkətverici qüvvəsi də siyasi maraqlar və məqsədlərdir.

Çin Kommunist Partiyasından YAP-a dəvət

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin bu dost ölkəyə növbəti səfəri də Çin və Azərbaycan arasında yüksək səviyyəli siyasi-iqtisadi münasibətlərin mövcud olmasının göstəricilərindən biri idi. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi altında Çinə səfər edəcək nümayəndə heyətinə mənim də daxil edildiyimi eşidəndə doğrusu çox sevindim. Hər şeydən əvvəl bu, partiyamın mənə etimadı, sonra isə Çinə səfər etməklə bağlı arzumun çin olması ilə əlaqədar idi. Məsələ ondadır ki, Çini daha yaxından tanıdıqca bu ölkənin insanlarının əməksevərliyinə, istedadına, çalışqanlığına daha çox heyran olursan. Onları yaxından tanıdıqca tarix boyu bu insanların belə böyük mədəniyyəti necə yarada bildiklərini daha yaxşı dərk edirsən. Mən artıq bu səfərə qədər Çində üç dəfə olmuşdum. Təqribən üç il fasilə ilə baş tutan bu səfərlərin hər birində tamamilə yeni, daha da inkişaf etmiş bir Çin görmüşdüm. İndi də tamamilə fərqli bir Çin görəcəyimdən əmin idim. Doğrudan da belə oldu. Pekin bizi yeni gözəllikləri, xoş əhval-ruhiyyəsi və dost ürəyi ilə qarşıladı.

Nankində baş tutan mühüm hadisə, YAP və ÇKP arasında imzalanan tarixi anlaşma

Dost ölkənin paytaxtında əhatə olunduğumuz səmimi qonaqpərvərlikdən sonra əhalisi təqribən Azərbaycan əhalisinin sayına bərabər olan Nankin şəhərinə yola düşdük. Səfərimiz sürətli qatarla idi. Olduqca qısa müddətdə və az qala təyyarə sürətilə hərəkət edərək təqribən üç saatlıq yoldan sonra Nankinə çatdıq. Pekindən cənuba doğru hərəkət etdikcə get-gedə daha da gözəlləşən coğrafiyanın təbiəti insanı valeh edirdi. Yantszı çayı vadilərinə bir də Şərqi Çin və Sarı Dənizin özünəməxsus iqlimi qarışdıqca bu ərazilərdə elə bir gözəllik əmələ gəlib ki, bu gözəlliyə valeh olmamaq mümkün deyil. Yetər ki, bu gözəllikləri fərq edəcək və qiymətləndirəcək estetik zövqə sahib olasan. Nankin şəhəri bir qədər sonra həm Çin Kommunist Partiyasının, həm də Yeni Azərbaycan Partiyasının siyasi tərcümeyi-halına yazılacaq bir tarixi hadisəyə şahidlik edəcəkdi. İki partiya arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında Memorandum imzalanacaqdı. Doğrusu üzvü olduğum siyasi təşkilatın dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyası ilə belə bir mühüm sənədi imzalayacağı məni həm qürurlandırır, həm də həyəcanlandırırdı. Qürurlandırırdı ona görə ki, gəncliyimdən bəri üzvü olduğum, ölkəmizin tarixində olduqca mühüm hadisələrə, tarixi Zəfərə imza atan partiyam indi bu uğurlarını beynəlxalq münasibətlər sistemində də davam etdirirdi. Həyəcanlanırdım ona görə ki, mən də belə bir hadisənin iştirakçısı və şahidi olacaqdım. Bir qədər sonra təntənəli mərasimlə Çin Kommunist Partiyası tərəfindən bu partiyanın Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, Azərbaycan tərəfindən isə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun imzası ilə səndlərin imzalanma mərasimi baş tutdu.

Qlobal Cənub və yeni dünya nizamı

Bir gün sonra Çin mədəniyyətinin beşiyi sayılan Yantsız çayının sahilində, Nankin şəhərində 100 – dən çox ölkənin analitik mərkəzlərinin nümayəndə heyətlərinin iştirak etdiyi başqa mühüm bir beynəlxalq tədbir baş tutdu. Qlobal Cənub analitik mərkəzlərinin yeni dünya nizamı və bu nizamda Qlobal Cənubun yeri və rolu ilə bağlı olduqca maraqlı çıxışlar, mülahizələr, fikirlər və təkliflər dinlənildi. YAP nümayəndə heyətinin başçısı Tahir Budaqov Qlobal Cənub və Azərbaycan mövzusunda olduqca maraqlı, məzmunlu və empirik siyasət nöqteyi nəzərindən kifayət qədər əsaslandırılmış bir çıxış etdi. Bu çıxış əslində YAP sədri, Prezident İlham Əliyevin yeni dünya nizamına baxışı, daha ədalətli və çoxqütblü dünya nizamı ilə bağlı siyasi baxışlarının məcmusunun təqdimatı idi. Çıxış tədbir iştirakçılarında xüsusi marağa səbəb oldu. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, nazir Lyu Cyançao isə Qlobal Cənubla bağlı Çin Kommunist Partiyasının mövqeyini və baxışlarını konfrans iştirakçılarının diqqətinə təqdim etdi. Yekunda isə bildirdi ki, Çin Qlobal Cənubun yanındadır və onun hərəkətverici qüvvəsidir. ÇXR gücü dünyanı dağıtmaq üçün yox inklüziv qlobal cəmiyyət qurmaq üçün vasitə hesab edir.

Qlobal Cənubla bağlı siyasi-fəlsəfəni və bu mövzuda Çinin mövqeyini daha yaxşı başa düşmək üçün cənab Lyu Cyançaonun çıxışını bir qədər daha detallı izah etməyə ehtiyac var. Ona görə də çıxışın məzmununun ümumi tezisləri belədir. Çin Qlobal Cənubu həmrəylik və qarşılıqlı əməkdaşlıq, ədalət və hüquq, hegemonluqdan çəkinmək, dözümlülük və aşkarlıq, ümumi maraqlar və inklüzivlik, qlobal əlaqələndirmə və koordinasiya, qlobal idarəetmənin ümumi konsepsiyanı tapmaq, sivilizasiyaların qarşıdurmasına qarşı çıxmaq platforması kimi görür. Bu çağırışlar ümumi konsepsiya kimi olduqca cəlbedici və ədalətlidir. Xüsusi qeyd etmək lazımdır ki, həm də yeni dünya nizamı üçün alternativ ideyalar toplusudur. Hazırki beynəlxalq münasibətlər sistemi yeni nizam axtarışını davam etdirdiyi bir vaxtda bu nizamın ən rəngarəng komponentlərinin Çin Kommunist Partiyasının konsepsiyasında tapmaq mümkündür. Yetər ki, ədalətli və inklüziv dünya nizamı qurmaq üçün səmimi məqsəd və cəhdlər olsun.

Avropa güc mərkəzlərinin ekspansionist demokratiyasına qarşı Çinin inklüziv və plüralist qlobal cəmiyyət modeli

Avropalı siyasi düşüncə mərkəzləri yeni dünya nizamını Qlobal dövlət kimi görür və təqdim edirlər. Qloballaşmanı isə bu qlobal dövlətin supkomponenti kimi nəzərdən keçirilər. Yəni qlobal dövlət başda ABŞ olmaqla qərbmərkəzli yeni funksional institutlaşmadır. Struktural baxımdan şaqulidir və bütün supkomponent vahidlər ona tabedir. Dolayısı ilə Qlobal dövlət elə ABŞ və onun yanında olan güclərdir. Onlar bu şaquli institutlaşma ilə dünyaya öz iradələrini diktə etməli tabe olmayanları isə “qeyri-demokratik” təşkilatlanma kimi sıradan çıxarmalıdırlar. Yəni yeni dünya nizamı təkqütblü kollektiv qərb hegemoniyası olmalıdır. Çin isə Qlobal Cənub ideyasında belə yanaşmanı rədd edir. Qlobal dövlət ideyasına qarşı qlobal cəmiyyət ideyasını təklif edir. Dövlətdən fərqli olaraq cəmiyyət şaquli deyil, üfüqidir. Yəni hamı üçün bərabər və əlçatandır. Elə yeni dünya nizamı da bu ideya və hüquqi-siyasi əsaslarda formalaşmalıdır. Başqa sözlə yeni beynəlxalq münasibətlər sistemi çoxqütblü, bərabər hüquqlu və qarşılıqlı inteqrativ əsaslarda formalaşmaldır ki, həm də inklüziv olsun. Bu iki fərqli mövqeni müqayisə etdikdə çox aydın görünür ki, Qərbin demokratiyası əslində Qərbin əzici hegemoniyası üçün bir alətdir. Çinin təklifləri və ideyaları isə həqiqi demokratik əsaslarda yenidən təşkilatlanmadır. Bu mövqe Azərbaycanının rəsmi baxışları ilə tamamilə üst-üstə düşür.

Gücün demokratiyası və ədaləti, yoxsa demokratiyanın gücü və ədaləti?

Güc və onun mümkün bütün komponentləri olduqca mühüm vasitədir. O vaxta qədər ki, ölçülü, ədalətli və hüquqi olsun. Bundan kənara çıxdıqda güc və onun tətbiqi qorxunc bir vasitəyə çevrilir. Azərbaycan öz regionunda özünəməxsus güc sahibidir. Ancaq gücü hüquqa uyğun və ədalətin bərpası üçün tətbiq edir. Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etsə də onun beynəlxalq hüquqla tanınan sərhədlərini keçmədi. Torpaqları işğala məruz qoymadı. Ordusunu son əsgərinə qədər məhv etmədi. Halbuki edə bilərdi. Ancaq tam əksinə ona sülh təklif etdi. Gücün hüquqa uyğun, ədalətli və ölçülü tətbiqi budur. Bu gün Çinin də gücü və haqqı var ki, Vahid Çin naminə güc tətbiq etsin. Ancaq bunu ölçüsüz və ədalətsiz etmək istəmir. Daha çox yumşaq güc vasitələri ilə ağrısız etmək istəyir. Göründüyü kimi hər iki dost ölkə beynəlxalq hüquqa və ədalətə münasibətdə eyni cür davranır. Bu baxışlar yeni dünya nizamı üçün də ortaq mövqedə birləşir. Ədalətli, üfüqi, çoxqütblü və inklüziv qlobal cəmiyyət hər iki ölkənin siyasi baxışlarını özündə ehtiva edir. Ona görə də Çin-Azərbaycan münasibətlərinin gələcəyi daha perspektivli, inteqrativ görünür.

Nizami Gəncəvinin utopik baxışları, Çin qızının hekayəti və xeyirlə şərin mübarizəsi

Avropada Anri Sen Simon və Şarl Furye utopik sosializm nəzəriyyəsini irəli sürməmişdən altı yüz il əvvəl Azərbaycan xalqının böyük mütəfəkkiri Nizami Gəncəvi ədalətli cəmiyyətin ya da lap elə ədalətli qlobal cəmiyyətin yaranması üçün xeyirin və xeyirxahlığın qalib gəlməsini zəruri hesab edirdi. Ancaq nədənsə xeyirin qalib gəldiyi hekayəti də “Yedi Gözəl” poemasında Çin qızının adından nəql edirdi.                

Çin qızı söylədi iki növcavan

Başqa bir şəhərə oldular rəvan

Gəncin biri xeyir birisi şərdi

Onlar adları tək işlər görərdi

Mənə elə gəlir ki, hələ 12-ci əsrdə xeyirin qalibiyyəti ilə başa çatacaq bu hekayəti böyük Nizami təsadüfən Çin qızının adından nəql etməmişdi. Mən Nizaminin hikmətinə inanıram.

Çin mətbəxinin zənginliyi və özəllikləri

Səfər çərçivəsində Çinin beş şəhərində olduq. Hər şəhərin özünəməxus gözəlliyi, arxitekturası, təbii coğrafiyası olduğu kimi həm də özünəməxsus mətbəx ləzzətləri var idi. Ancaq şəhərlərin hamısının ortaq özəlliyi, hamısını eyni dərəcədə qonaqpərvərliyi və gülərüzlülüyü idi. Doğrudur Çin mətbəxi bəlkə də hamının damaq zövqünə uyğun olmaya bilər. Ancaq faydalılıq və sağlamlıq baxımından dünyanın ən zəngin mətbəxləri sırasında birincilərdəndir. Müxtəlif yeməklərdə qida komponentləri heyrətamiz dərəcədə zövqlə kombinasiya edilir. Hər hansı təamı dadarkən insan damağında dadların harmoniyasını hiss edirsən. Daha çox dəniz məhsulları və müxtəlif bitki növlərindən hazırlanan yeməklər həzm və sağlamlıq üçün sanki xüsusi olaraq assosiasiya edilir. Bütün şəhərlərdə bizə hörmət əlaməti olaraq xüsusi “halal” resepti ilə hazırlanmış yeməklər ayrıca təqdim edilirdi. Yəni kim istəsə sadəcə bu mətbəx nümunələri ilə qidalana bilərdi. Çinin şimal qapısı hesab edilən Urumçi şəhərində isə bizi yerli mətbəxin təamları ilə tanış etdilər. Yemək masasının ortası yerli xalqın yurdlarının, musiqi alətlərinin və kəndlərinin maketləri ilə bəzədilmişdi. Yerli xalqa hörmət əlaməti olaraq bizə onların mətbəxləri, həyat tərzləri və inancları barədə də məlumat verdilər. Aydın oldu ki, Çində ən ucqar əyalətlər də ən mərkəzi şəhərlər də eyni dərəcədə inkişaf edir, böyüyür və gözəlləşir.

Hikmət BABAOĞLU,
Bakı-Pekin-Nankin-Nantun-Şanxay-Urumçi-Bakı

Избранный
28
ikisahil.az

1Источники