COP29: Fəallar qalıq yanacaqlardan imtinaya və iqlim ədalətinə çağırış etdilər
İctimai təşkilatların nümayəndələri və iqlim fəalları qlobal istiləşmə ilə mübarizə üçün ambisiyalı qərarların olmamasından və ölkələrin qalıq yanacaqlardan imtina üzrə yeni plan hazırlaması tələbindən narazılıqlarını bildiriblər.
aia.az xəbər verir ki, bunu “Earth Island Institute” nümayəndələri COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildiriblər.
İştirakçılar vurğulayıblar ki, əhəmiyyətli maliyyə və qətiyyətli addımlar olmadıqca dünyanı ekoloji fəlakət gözləyir.
Qalıq yanacaqların yayılmaması haqqında müqavilənin qlobal qaşılıqlı fəaliyyət üzrə direktoru Harcit Singh bildirib ki, inkişaf etmiş ölkələr öz öhdəliklərindən yayınırlar.
Botsvanalı iqlim ədaləti fəalı Tato Gubaytsi iqlim böhranının artıq milyonlarla insanın həyatını necə məhv etdiyindən danışıb: "Qlobal Şimalın bir çox ölkələri üçün iqlim böhranı uzaq təhlükə kimi görünə bilər, amma bizim üçün bu reallıqdır. Bizə kreditlər şəklində deyil, icmalarımızı qorumağa imkan verəcək qrantlar şəklində maliyyə lazımdır".
Onun sözlərinə görə, zəngin ölkələrin öhdəliklərini yerinə yetirməkdən imtina etməsi təkcə Afrika ölkələrinə deyil, Paris Sazişinin ruhuna da xəyanətdir.
"Sakit Okean İqlim Döyüşçüləri" hərəkatının nümayəndəsi Cozef Sekulu danışıqlardakı disbalansı qeyd edib: "COP29-da korporasiyaların maraqlarını müdafiə edən 1773 qalıq yanacaq lobbisti görürük. Neft və qaz lobbisinin real gücünü əks etdirən belə rəqəmlər olduğu halda biz necə ambisiyalara ümid edə bilərik? Biz hər il 1 trilyon dollar qrant tələb edirik. Bu, xeyriyyəçilik deyil - bu, varlı ölkələrin qaytarmalı olduğu borcdur".
“Fridays for Future” hərəkatının fəalı Ayşka Nacib alim, fəal və s. tərəfindən imzalanmış açıq məktub təqdim edib. "Biz liderlərə xatırlatmaq üçün məktub kampaniyası başlatdıq: biz uçurumun kənarındayıq. İqlim ədalətsizliyi aradan qaldırılmalıdır".