RU

COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

Image

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. 

Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb.

Bütün bunlar ölkə xəzinəsinə ayrılan diqqətdir

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılanması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir. 

Ən çox diqqət çəkən və ziyarət olunan Azərbaycan pavilyonu olub 

Məlum olduğu kimi, hazırda dünyanın nəzərləri Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində çoxsaylı mühüm tədbirlər böyük uğurla baş tutub. COP-29 konfransında 60-a yaxın dövlət öz pavilyonunu təqdim edib. Bunların arasında ən çox diqqətçəkən və ziyarət olunan isə Azərbaycan pavilyonudur. Burada nümayiş olunan xalqımızın milli adət-ənənələrinə aid sənətkarlıq nümunələri - toxuculuq, yundan ip əyirmək, misgərlik, habelə musiqi, rəqslər və müxtəlif şirniyyatların təqdimatı ziyarətçilərdə böyük maraq doğurub. O baxımdan sözügedən mötəbər tədbir eyni zamanda Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsinin təbliği baxımından əlamətdardır. Paytaxtımızın ən böyük kütləvi tədbir məkanı olan Bakı Stadionunda gerçəkləşən tədbir çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə mədəni tədbir və təqdimatlar keçirilir. Tədbirin keçirildiyi məkanlarda əsrlərlə yaşı olan unikal xalça və digər toxuculuq nümunələrimiz, təsviri və dekorativ sənət örnəkləri, milli geyimlər və sənətkarlıq məmulatları nümayiş olunur. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri tərəfindən yaradılmış və ölkəmizin əsrarəngiz təbiətini, zəngin florasını, faunasını əks etdirən əl işləri xüsusilə maraq doğurur. Bununla yanaşı, Azərbaycan pavilyonunda ölkəmizin qədim sənət növü olan şəbəkə və həsir sənətinin nümayişi isə, gələn qonaqların marağına səbəb olub. Tədbirdə iştirak edən xarici qonaqlar nümayiş olunan əl işləri ilə tanış olublar. Məsələn, şəbəkə sənəti incəsənətin yüksək məharət, vərdiş, incə zövq, peşəkarlıq, təcrübə və texnoloji hazırlıq tələb edən mühüm sahələrdən biridir. Şəbəkənin özünəməxsus cəhəti odur ki, hazırlanarkən yapışkan və mismardan istifadə edilmir. Bu da sənət növünü daha dəyərli edir. Digər sənət növü olan həsir Azərbaycanda əsas məişət atributlarından və dekorativ tətbiqi sənətin növlərindən biridir. Azərbaycan qədim zamanlardan bu günə qədər hörmə sənətinin inkişafı üçün müxtəlif bitkilərdən ibarət zəngin xammal bazası olub. COP29 çərçivəsində keçirilən sərgilərdə məlum oldu ki, şəbəkə və həsir sənətinə, bunlardan hazırlanan məmulatlara böyük maraq var. 

COP29 mədəniyyət nümunələrinin dünyaya təbliği baxımından unikal bir platforma oldu

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, COP29 Azərbaycan mədəniyyət nümunələrinin dünyaya təbliği baxımından unikal bir platforma oldu: “Məsələ ondadır ki, 200-ə yaxın ölkədən 70 mindən çox iştirakçı Azərbaycana təşrif buyurmuşdu. Onlar təkcə tədbir çərçivəsində müzakirə edilən görüşlərdə iştirak etmirdilər, gələn iştirakçılar həm də Azərbaycanın zəngin mədəniyyət nümunələri ilə tanış olmaq imkanı əldə etdilər. Ölkədəki qədim mədəniyyət nümunələri ilə tanış oldular. Azərbaycan incəsənətinin janırları ilə, onların qədim tarixə malik olmasının şahidi oldular. Muğam və digər yaradıcı sahələrin fərqli və özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmağın əhəmiyyəti çox böyükdür. Gələnlərin müxtəlif tarixi abidələri yerindəcə görməsi, onların Azərbaycan haqqında təsəvvürlərini birnöv daha da zənginləşdirmiş oldu. O baxımdan hesab edirəm ki, bütün bunların Azərbaycanın təbliğində rolu böyük olacaq”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
48
baki-xeber.com

1Источники