RU

100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

Image

Nadir İsrafilov: “Hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər”

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. 

Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: “Bu o deməkdir ki, hər sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti – 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.

Danılmaz faktdır ki, bu gün bəzi məktəblərdə şagird sayı azdır. Məlum problem necə həll olunmalıdır? 

“Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, şagird sayı az olan məktəblər və siniflərin, habelə, şagird sıxlığı müşahidə olunan məktəblər və siniflərin mövcudluğu, bəzi regionlarda müəllim çatışmazlığının, bəzi regionlarda isə müəllim artıqlığının müşahidə olunması nə dünənin, nə də bugünün problemdir: “Bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb. Baxmayaraq ki, bu məsələnin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülüb, hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalmaqdadır. Kiçik bir xatırlatma yerinə düşər ki, hələ 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində rasionallaşdırma tədbirlərinə başlanılsa da, şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi - məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, məktəblərin birləşdirilməsi, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı. Nəticədə proses təxirə salındı. Hətta az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə olunurdu. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı. Belə hesab edildi ki, gələcəkdə rasionallaşdırma tədbirləri ilə bağlı daha yüksək səviyyədə sənədlər qəbul edildikdən sonra prosesə başlanıla bilər.  Ovaxtkı rəsmi statistikaya əsasən, ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var idi. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcud idi. Belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyi bildirildi.  “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada fəaliyyət göstərə bilər. Artıq yalnız ucqar kənd yerlərində, şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq. Qanun layihəsi  Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edildi. Ucqar kənd yerlərində, şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək”.

Ekspert hesab edir ki, şagird azlığı təhsilin strukturuna nə dərəcədə təsir etsə belə, hansısa məktəbin və ya sinfin ləğv edilməsi düzgün mövqe sayıla bilməz. Hazırda regionların inkişafı ilə əlaqədar prezidentin sərəncamları var: “Regionların sosial vəziyyətini yaxşılaşdırmaq, mədəni, məişət obyektlərinin  tikintisini gücləndirməklə, müəyyən stimullaşdırıcı qərarlar qəbul etməklə yeni iş yerləri açmaq, təyinat yolu ilə gənc müəllimlərin kənd yerlərinə axınını artırmaq olar.  Bu istiqamətdə müəyyən işlər görülür, modul tipli məktəblərin şəbəkəsi getdikcə daha da genişləndirilir. Hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər. Çünki hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət evi olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi tarixdən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq. Bu gün təhsilin keyfiyyətindən danışırıqsa, bu heç də təhsilin əhatəliliyini və davamlılığını arxa plana keçirmək anlamına gəlmir. 2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılması və bunun 2024-cü illə müqayisədə 395,7 milyon manat (8,7%) artması təhsilin inkişafına dövlətin prioritet yanaşmasını göstərir. Həmin vəsaitdən rasional istifadə etməklə vəziyyətdən optimal çıxış yolu tapmaq olar”.

Günel CƏLİLOVA





Избранный
52
baki-xeber.com

1Источники