RU

Elmar Baxşıyev: “Üzərimdə heç bir təzyiq yoxdur”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun olacağını bilirdik. “Kəpəz” son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq.

Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidən olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Amma layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik”.

Elmar Baxşıyev əsas heyət üzvlərindən olan Ürfan Abbasovun bu matçda oynamamasının səbəbini də açıqlayıb: “Ürfanın zədəsi yoxdur. Sadəcə, bir az narahatlığı var idi deyə, süni meydançada oynatmağa risk etmədik.

Mustafa Əhmədzadə haqda çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan uzaq qalsın. Bir az bərkiməlidir, inkişaf etməlidir.

Mənə gəlincə, üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm”.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Gəncəli azarkeşlərə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan “Kəpəz”in xal qazanması idi.

Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik”.

Избранный
17
arena.az

1Источники