RU

"İran azərbaycanlı prezident seçməklə müəyyən manevr etmiş oldu" - siyasi şərhçi

“Bir müddət öncə İranda Güney Azərbaycan əsilli Məsud Pezeşkianın hakimiyyətə gəlməsi Türk dünyasında müsbət hadisə kimi qiymətləndirildi. Türk kökənli birinin İrandakı soydaşlarının problemlərinə çarə tapacağı, həmçinin Azərbaycanla da gərginliyin aradan qaldırılacağı gözlənilirdi.Hətta bəzi ekspertlərin fikrincə, Pezeşkianın hakimiyyətə gəlməsi Bakıya İranla bağlı bir sıra məsələləri həyata keçirmək fürsəti verib. Lakin vəzifəsinin ilk günlərində İran prezidentinin Bakıya qarşı çağırışlar etdiyi barədə iddialar yayıldı. Daha sonra Tehran hökuməti bunları təkzib etdi. Son olaraq isə Pezeşkianın COP29 sammitində iştirak üçün Azərbaycana gəlməsi gözlənilsə də, bu, baş tutmadı”.

“İranda prezident seçilən siyasətçinin kimliyindən asılı olmayaraq, mövcud dövlət sisteminə bağlı olması, xidmət etməsi qaçılmaz bir şeydir. Yəni hazırki İran prezidentinin azərbaycanlı olması İranın xarici siyasətində elə bir dəyişiklik vəd eləmir. Çünki İranın xarici siyasətini İranın prezidentləri yox, İranın mövcud dövlət sistemi müəyyənləşdirir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, İran prezidenti əslində İranın dövlət başçısı sayılmır. İranın dövlət başçısı ali dini rəhbəri sayılır. Bu baxım İranda əsas qərarverici şəxs İran prezidentidir. İran prezidenti dövlət sisteminin ümumi siyasi kursunun icraçısı rolunda çıxış edən önəmli bir siyasi xadimdir. Yəni bütün bunları nəzərə alanda İranda bir azərbaycanlının prezident seçilməsinin doğurduğu ümidlər əslində sadəlövhlükdən başqa bir şey deyildi”

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, sonrakı proseslərdə də sübut olundu ki, əslində azərbaycanlının prezident seçilməsi İran- Azərbaycan münasibətlərinə, eləcə də İranın xarici siyasətinə elə bir ciddi dəyişiklik gətirməyib.

“Əksinə, həmin mövcud siyasət bir qədər fərqli şəkildə davam etdirilir. Ona görə də İranda azərbaycanlının və yaxud da hər hansı bir başqa millətdən olan şəxsin prezident seçilməsinə yanaşma tərzinin yanlış olduğu növbəti dəfə ortaya çıxıb və gələcəkdə də yəqin ki, bu, nəzərə alınmalıdır. Əslində İranda azərbaycanlını prezident seçməklə İranın dövlət sistemi müəyyən manevrlər etmiş oldu. Bununla İranda azərbaycanlılara və digər millətlərə aid olan şəxslərə, yəni əhaliyə bir mesaj verildi ki, ölkənin ərazisində yaşayan etnik qruplara elə bir ciddi fərq qoymur. Hər kəs bu ölkədə guya prezident seçilə, ölkənin idarəçiliyində iştirak edə bilər. Əslində isə bu, İranın daxilində baş qaldırmaqda olan kəskin etiraz dalğasının qarşısını almaq məqsədi güdən manevrlərdən biri idi. Digər tərəfdən də İranın indiki prezidentinin hakimiyyətə gətirilməsi ABŞ və Qərbə də bir mesaj idi. Yəni daha islahatçı və mötədil bir siyasətçinin İrana rəhbərlik edəcəyini qabartmağa çalışırlar. İranın ABŞ və Qərblə konstruktiv dialoqa, mövcud problemlərin müzakirə yolu ilə aradan qaldırılmasına hazır olması ilə bağlı bir mesaj verməyə çalışdılar. Ancaq son proseslər onu göstərir ki, bu mesajlar hələ ki, ABŞ və Qərbdə İranın ümid etdiyi səviyyədə qəbul olunmayıb. Bundan sonrakı proseslərin hansı istiqamətə yönələcəyi də hələlik kifayət qədər qeyri-müəyyən olaraq qalmaqdadır”.

Rəfiqə NAMAZƏLİYEVA

Избранный
22
aznews.az

1Источники