RU

"Sanki bütün bəşəriyyətin problemlərinin baiskarı Azərbaycandır kimi görüntü yaratmağa çalışırlar" -AÇIQLAMA

“COP29 həqiqətən də bəşəriyyətin taleyinin həllinə yönəlik çox böyük bir tədbirdir. Burada dünyanın bütün ölkələri istisnasız iştirak edir və bu iştirak da təbiidir. Çünki dünya bir vahid gəmidir. Bizim hamımız o gəminin içərisindəyik, həmin gəmini batmaqdan xilas etmək də bütün dünyanın insanlarının borcudur. Yəni heç bir ölkə bu məsələdə yaxasını kənara çəkə bilməz. O cümlədən də istər qlobal dünya mediası, istərsə də yerli, yaxud milli mediamız da bu prosesdən kənarda deyil. Əslinə biz gözləyirdik ki, COP29 başlayana qədər, başladıqdan sonra, bitdikdən sonra da, özəlliklə də dünyanın ən aparıcı media qurumları diqqəti daha çox burada müzakirə olunan məsələlərə çəkəcəklər. Yəni iqlim dəyişiklikləri, bunun bəşəriyyətə vura biləcəyi zərər, ümumiyyətlə insanlığın xilas edilməsi üçün atılacaq addımlar və s.”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, təəssüf ki, özəlliklə də Qərbin aparıcı media qurumları diqqəti əsas mövzudan yayındırıb.

“Sanki bütün bəşəriyyətin problemlərinin baiskarı Azərbaycandır kimi bir görüntü yaratmağa çalışırlar. Elə davranışlar sərgilənir. Elə yanaşma göstərilir ki, bu boyda COP29 nöqtə və orada müzakirə olunan məsələlər bir kənarda qalıb, Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti əsas müzakirə obyektinə çevrilib. Bu, kökündən yanlışdır. Qərəzin göstəricisidir, eyni zamanda Qərbin bəlli güclərinin dünyanın taleyinə biganəliyinin bir sübutudur. Azərbaycan mediasına gəlincə isə, əlbəttə ki, milli dövlət maraqları xəttində olan mediamız bu məsələnin önəmini yetərincə dərk edir və ona uyğun yanaşma sərgiləyir. Az sayda da olsa, bir qrup var ki, onlar yenə də o Qərbin bəlli gücləri kimi COP29 və müzakirə olunan məsələləri bir kənara buraxıb Azərbaycan dövlətinin hakimiyyətinin dırnaqarası tənqidi ilə məşğuldur. Bir qrup adam da var ki, onlar Azərbaycandan kənarda yaşayır, əslən azərbaycanlıdırlar. Ancaq baxırsan ki, bu məsələlərə diqqət ayırmaqdansa, Azərbaycana hücumları daha da artırıblar. Belə bir yanaşma işığında COP29 Bakıda uğurla keçirilir, möhtəşəm təşkilatçılıq var. Bu mənim sözüm deyil. Şəxsən özüm xarici ölkələrin prezidentlərinin, baş nazirlərinin, yüksək vəzifəli şəxslərinin müsahibələrinə baxmışam”.

“Onlar altını cızaraq qeyd edirlər ki, Azərbaycan çox möhtəşəm təşkilatçılıq nümayiş etdirib. Təbii ki, COP29 Azərbaycanın tədbiri deyil, BMT- nin tədbiridir. Biz sadəcə ev sahibliyi edirik, üzərimizə düşən bu tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaratmaqdır. Azərbaycan bunun öhdəsindən yüzdə-yüz gəlib və gəlməkdədir. Qalan məsələlər isə dövlətlər arasında, ümumiyyətlə, icmalar arasında müzakirələrdir. Onların da keçirilməsinə Azərbaycan birbaşa qarışa bilmir. Bu məsələləri BMT tənzimləyir və orada da hər hansı bir problem müşahidə edilmir. Sadəcə olaraq təəssüfləndirən odur ki, qlobal səviyyədə bir sıra media qurumları əsas məsələdən diqqəti yayındırmaqla məşğuldur. Əfsus ki, onlara Azərbaycandan havadarlıq edənlər də tapılır”.

Rəfiqə NAMAZƏLİYEVA

Избранный
23
aznews.az

1Источники