RU

İqlim dəyişikliyi və kənd təsərrüfatı: Zülfiyyə Nuriyeva ilə MÜSAHİBƏ

Müsahibəmizdə, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bu mötəbər tədbirin kənd təsərrüfatı sahəsinə təsirini, Azərbaycanda ekologiyanın qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı istiqamətindəki yeni yanaşmaları müzakirə edib. Eyni zamanda, vətəndaş cəmiyyətinin bu prosesdəki rolu və gələcəkdə atılacaq addımlar barədə dəyərli fikirlərini bizimlə bölüşüb.

 

QHT.az: Azərbaycanda COP29-a ev sahibliyi etmək, ölkənin beynəlxalq səviyyədə gücünü və təsirini nümayiş etdirdi. Bu hadisə barədə fikirləriniz necədir?

QHT sədri: Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəmizin dünya səhnəsindəki mövqeyini bir daha təsdiqlədi. Bu böyük tədbir, Azərbaycanın həm regional, həm də qlobal məsələlərə yanaşmadakı gücünü göstərdi. Tədbirə 196 ölkədən rəsmi şəxslər qatıldı, bu da Azərbaycanın beynəlxalq diplomatiyadakı uğurlarını bir daha sübut edir. Biz bu tədbirdə, iqlim dəyişikliyinin dünya miqyasında yaratdığı təhdidlərə qarşı birgə mübarizə üçün ciddi addımların atılmasına nail olduq. Burada müzakirə olunan məsələlər yalnız dövlətlərarası münasibətləri deyil, həm də bəşəriyyətin ümumi gələcəyini qorumaq üçün vacib idi.

 

QHT.az: COP29-da müzakirə olunan məsələlər Azərbaycanda kənd təsərrüfatı sahəsinə necə təsir göstərə bilər?

QHT sədri: COP29-da kənd təsərrüfatı ilə bağlı müzakirələr əhəmiyyətli istiqamətləri əhatə etdi. Azərbaycanda kənd təsərrüfatı sahəsi, ölkənin iqtisadiyyatının əsasını təşkil edir. Bu səbəbdən tədbirdə iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri və bu təsirlərlə necə mübarizə aparılması məsələləri mühüm yer tutdu. Azərbaycanda torpaq sahələri böyük potensiala malikdir və bu sahələrdən daha effektiv istifadə üçün yeni texnologiyaların tətbiqi vacibdir. Bu cür tədbirlər kənd təsərrüfatının daha dayanıqlı və ekoloji cəhətdən təmiz şəkildə inkişaf etməsini təmin edəcək.

 

QHT.az: COP29-da təqdim olunan yeni texnologiyalar və dayanıqlı kənd təsərrüfatı sahəsindəki yeniliklər barədə nə düşünürsünüz?

QHT sədri: COP29-da təqdim olunan yeniliklər, kənd təsərrüfatında ətraf mühitin qorunması ilə bağlı çox mühüm addımların atılmasına imkan yaradır. Xüsusilə süni intellekt və təkrar emal proseslərinin kənd təsərrüfatında tətbiqi, məhsuldarlığı artırmaqla yanaşı, ekoloji balansı da qoruyacaq. Külək enerjisi və günəş enerjisi kimi alternativ enerji mənbələrinin istifadəsi kənd təsərrüfatı fəaliyyətlərinin ekoloji təsirini azaltmaq üçün vacibdir. Azərbaycanda da bu texnologiyaların tətbiqi kənd təsərrüfatı sektorunun inkişafına böyük töhfə verəcək, həmçinin ekoloji tarazlığın qorunmasına kömək edəcək.

 

QHT.az: COP29-da vətəndaş cəmiyyətinin rolu necə dəyərləndirildi və bu sahədə hansı addımların atılması lazımdır?

QHT sədri: Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dəstək Agentliyinin, vətəndaş cəmiyyətinin COP29-da iştirakının əhəmiyyəti çox böyükdür. Vətəndaş cəmiyyəti yalnız maarifləndirmə sahəsində deyil, həm də sosial layihələrin həyata keçirilməsində fəal iştirak etməlidir. Bu tədbir, vətəndaşların ekologiya və dayanıqlı inkişaf mövzularında daha çox məlumatlanmalarını təmin etməli və gələcəkdə bu sahədə daha çox layihə həyata keçirilməlidir. Mənim fikrimcə, vətəndaş cəmiyyəti 20 ildən sonra bu işin nəticələrini görəcək və ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. COP -dan sonra da vətəndaş cəmiyyəti bu istiqamətdə çox böyük layihələrə imza atacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
28
qht.az

1Источники