RU

İranın yeni paytxatı hansı şəhər ola bilər? (ŞƏRH)

"Tehranın həddən artıq yüklənməsi Pezeşkianı paytaxtı cənuba köçürməyə vadar edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə İran prezidenti Məsud Pezeşkianın paytaxtı başqa şəhərə köçürməklə bağlı qərarını şərh edərkən deyib.

Arzuxan Əlizadə bildirib ki, İran paytaxtının köçürülməsi məsələsi uzun illərdir gündəmdədir:

"Bu məsələ Pezeşkiandan əvvəlki dönəmlərdə də gündəmə gətirilib. Amma məsələ bu vaxta qədər həllini tapmayıb. Pezeşkian isə məsələni artıq konkret formada gündəmə gətirib. O paytaxtı cənuba köçürməkdən başqa çıxış yollarının olmadığını söyləyib".

Deputat bildirib ki, paytaxtın köçürülməsinə böyük vəsait və müəyyən illər lazımdır:

"Bu mənada, İranın buna gücünün çatacağı böyük sualdır. Tehran son illər olduqca yüklənib. 17-20 milyona yaxın əhalisi var. Bu qədər əhalinin yaşaması üçün nəzərdə tutulmayan şəhər artıq həmin yükün öhdəsindən gələ bilmir. Şəhərdə çirklənmə də yüksəkdir. İnfrastruktur, kommunikasiya da əhalinin sayına adekvat deyil. Tehran yaxınlığındakı su mənbələrindən o qədər istifadə olunub ki, artıq həmin ərazilərdə torpağın aşağı düşməsi problemilə üzləşiblər. Bu fonda isə həmin ərazilərdən keçən neft və qaz boru xətləri gələcəkdə ciddi zədəyə məruz qala bilər".



Həmsöhbətimizə görə, İranın növbəti paytaxtı İsfahan, ya da Şiraz ola bilər:
 
"Bu şəhərlərdə daha çox farslar yaşayr. Təbii ki, paytaxtın Təbrizə köçürülməsinə imkan verilməz. Bir sıra təhlilçilərə görə, məsələnin gündəmə gətirilməsi sadəcə olaraq, diqqəti yayındırmaq məqsədi güdür. Çünki İranda ciddi iqtisadi və siyasi problemlər var".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının köçürülməsi ilə bağlı qərar verib. Pezeşkian ölkə paytaxtının köçürülməsi ilə bağlı hazırlanan planın araşdırılması prosesini birinci vitse-prezident Məhəmməd Rza Arifə tapşırıb. 

Məhəmməd Rza Arif bu planın nəzərdən keçirilməsinə cavabdehdir. "Dönə-dönə vurğulayıram ki, bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəni ekoloji böhranlar və bir çox başqa problemlərlə üz-üzə qoya bilər", deyə Pezeşkian qeyd edib. 

Rüfət Sultan

Избранный
3
qaynarinfo.az

1Источники