Aydın Xan Əbilov: “Onlara ehtiyac olmadığı üçün bu qurumlar ləğv edilib”
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.
Maraqlıdır, bu qurumlar niyə ləğv edilib? Özlərini doğrultmadılar, yoxsa başqa bir səbəb var? Hətta belə şaiyə var ki, Tərcümə Mərkəzi Yazıçılar Birliyinin, Monitorinq Mərkəzi isə AMEA-nın tərkibinə daxil ediləcək. Bu yöndə ehtimallar var.
“Bu iki qurumun gördüyü işləri AMEA-nın aidiyyatı institutu və yaradıcı birlik də həyata keçirirsə...”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən çoxsaylı rəsmi və yarımrəsmi publik hüququ şəxs kimi qeydiyyatdan keçən təşkilatlar var. A.X.Əbilov qeyd etdi ki, bir çox hallarda bu qurumlar bir-birinin işini təkrarlayır. “Bu baxımdan, Azərbaycan Prezidentinin Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi ilə bağlı sərəncamı başadüşüləndir. Çünki Azərbaycan dövləti son 30 ildə intensiv olaraq dövlətçilik islahatları aparır, yeni təşkilatlar, qurumlar yaradılır, ixtisaslaşdırılmış müəyyən təşkilatların bu və digər dərəcədə ixtisar edilməsi və birləşdirilməsi ilə bağlı proseslər gedir. Prezidentin də bu sərəncamı həmin islahatların tərkib hissəsidir.
Çox maraqlıdır ki, universitetlər, Elm və Təhsil Nazirliyinin, eləcə də AMEA-nın müxtəlif institutları, xüsusən də Dilçilik, Ədəbiyyat, Folklor İnstitutları, o cümlədən də yaradıcılıq birlikləri və QHT-lər əksər hallarda bir-birinin işini təkrarlayır. Bu bir-birini təkrarlama məsələsi tərcümə işi və dil məsələsi ilə də bağlıdır.
Bu qədər təsisatların olduğu bir şəraitdə Azərbaycanda tərcümə sənəti yüksək səviyyədə inkişaf etməyib, bu sahədə ciddi problemlər var. Yaxud da tərcümə işi nəşriyyatların öz səviyyəsinə qədər inkişaf edib. Bildiyim qədər, Azərbaycan Tərcümə Mərkəzi də ildə bir neçə kitab, rüblük jurnal buraxmaqla öz işini bitmiş hesab etdi. Dil üzrə Monitorinq Mərkəzinin isə, demək olar ki, işi görsənmir, yalnız sosial şəbəkələrdə hansısa söz lağ obyektinə çevriləndə Montorinq Mərkəzi işə düşürdü və o zaman ya özünün yaratdığı yeni sözləri gündəmə gətirməyə, ya da lüğətdəki problemlərlə bağlı özünü müdafiə siyasətinə başlayırdı. Bu baxımdan, əgər bu iki qurumun gördüyü işləri AMEA-nın aidiyyəti institutu və yaradıcı birlik də həyata keçirirsə, onların təkrarçı bir qurum kimi fəaliyyətinə ehtiyac varmı? Onlara ehtiyac olmadığı üçün bu qurumlar ləğv edilib.
Düzdür, düşünürəm ki, əslində hər iki sahə vacib sahələr olsa da, burada başqa məqamlar var ki, onlar mütləq şəkildə nəzərə alınmalıdır. Günümüzün reallıqlarına uyğun olaraq alternativ tərcümə vasitələri meydana gəlib. Bu gün avtomatlaşmış tərcümə üsulları var, süni intellekt, müxtəlif elektron tərcümə platformaları vasitəsilə bu proses gedə bilir. Eləcə də elektron lüğətlərin, elektron kitabxanaların yaradılması hər iki təsisatın lüzumsuz bir quruma çevrilməsinə səbəb oldu. Bəli, burada mübahisə yaradan o ola bilər ki, süni intellekt Azərbaycan dilinin incəliklərini bilə bilərmi? Süni intellekt hər üç aydan bir inkişaf etdirilir, dəyişdirilir. İki il ərazində o, insan zəkasını, idrakını da üstələyəcək, yaxud eyni səviyyədə ola bilcək qədər inkişaf edəcək. Tərcümə məsələsinə baxanda, deyə bilərəm ki, tərcümə texnologiyaları, aparatlar günü-gündən inkişaf edir.
Tərcümə Mərkəzi Yazarlar Birliyinə, Monitorinq Mərkəzi isə AMEA-ya veriləcəksə, yaxud hər ikisi eyni qurumda birləşdiriləcəksə, düşünürəm ki, bu qurumların ikisinin potensialını birləşdirib çox sürətlə Azərbaycan dilinin elektron varinatı resurslarının yaradılması, elektron lüğətlərin təkmilləşdirilməsi, leksik fondun elektronlaşdırılması, internetdə ayrıca saytların, tətbiqlərin, eyni zamanda onların Google və digər qlobal axtarış paltformaları, sosial şəbəkələrlə inteqrasiya edilməsi üzərində işləmək lazımdır. İl ərzində milyonlarla vəsait ayırıb bu qurumları saxlamaqdansa həmin qurumların işini görən yeni nəsil internet biliciləri yetişdirmək daha uyğun olardı. Bu, dilçiliyin və bədii tərcümə sənətinin inkişafı ilə yanaşı onun elektron versiyasının yaradılması, durmadan süni intellektə inteqrasiya edilməsi demək olardı. Bu prosesin Azərbaycanda süni intellektlə bağlı həm dilçilik, həm tərcümə proqramlarının yaradılmasına yönəldilməsi daha düzgün olar. Bu baxımdan, cənab Prezidentin verdiyi sərəncamı müsbət qarşılayıram və bu vaxtında verilmiş sərəncamdır. Biz həmişə yaxından müşahidə etmişik ki, Prezidentin sərəncamları, göstərişləri, idoloji çıxışları zamanından beş il əvvəli qabaqlayır”.
A.X.Əbilov qeyd etdi ki, Prezident ana dilimizin, ədəbiyyatımızın qorunması, internetin inkişafı ilə bağlı dəfələrlə çıxış edib, AMEA-da islahatların aparılması da inkişafa yönəlmişdi. “Təəssüflər olsun ki, vəzifələr tutan yaşlı adamlar, xüsusən də hər ay 3-5 min məvacib alan akademiklər, professorlar bu islahatları anlamaq, qəbul etmək istəmirlər. Onlar hələ də tozlu kitabların içində ömür sürməklə məşğuldurlar. Hələ də fikirləşirlər ki, gənclər, tədqiqatçılar kitabxanalarda kağız kitablardan istifadə edirlər. Amma hər şey elektronlaşıb, hər kəsin əlində smartfonlar var, kompüterə sahib olan insanlarımız həddən artıq çoxdur. Onlar internet vasitəsilə dilimizlə, tərcümə ilə ilə bağlı məlumatlar, bədii əsərlər axtarırlar. Elektron iş yerləri və sair yaradılır. Dilin inkişafı düşüncə ilə bağlıdır. Təhsil, elm, zəkamız inkişaf etmirsə, əlbəttə, süni intellektin əsirinə çevriləcəyik və süni intellekt bizim hamımızı, tərcümə sənətimizi də, dilimizi də, dilçiliyimizi də, düşüncə tərzimizi də məhv edə bilər. Ona görə də, biz düşüncəmizi, təhsilimizi, elmimizi, zəkamızı, dilimizi inkişaf etdirməliyik”.
A.X.Əbilov hesab edir ki, şüurumuzu inkişaf etdirməklə süni intellektə qalib gələ, yaxud onunla yarışa bilərik, bunu isə Azərbaycan dilində edə bilərik. O deyir ki, əgər Azərbaycanda dillə, tərcümə ilə bağlı yeni tətbiqlər yaradılmırsa Azərbaycan dili inkişaf edə bilməz, şeirlə, sənətlə dil inkişaf etmir, bununla dilin elmi potensialı inkişaf edə bilməz. O deyir ki, dilimizin bədii və poetik qatı əla inkişaf etsə də, fəlsəfi, riyazi, elmi-texnoloji qatı inkişaf etməyib, yeni texnoloji göstəricilərə cavab verən dil terminlərimiz yoxdur, çünki bunlar dilimizdə yoxdur. “Elə sözlər var ki, biz onların Azərbaycan dilində qarşılığını yarada bilməmişik, bunlar yaradılmalıdır. Prezidentin sərəncamı da bu məsələlərin həllinin sürətləndirilməsi, yeni nəsil kreativ intellektulların formalaşdırılması üçün vaxtında atılan bir addımdır”-deyə A.X.Əbilov bildirdi.
Leyla QARAXANLI