Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində təşkil olunan “Qlobal liderlərin dəyirmi masası” konfransında innovativ strategiyaların biomüxtəlifliyin qorunması, bərpası və davamlı inkişafında önəmli rol oynadığını, maliyyə və investisiyaların artırılmasına müsbət təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, dövlət–özəl sektor tərəfdaşlığının dərinləşdirilməsi, təbiətə əsaslanan həllərin diqqətdə saxlanılması iqlim dəyişikliyi ilə bağlı məqsədlərin gerçəkləşdirilməsini şərtləndirir. Bu məqsədlər 2030-cu ilə qədər planetin quru ərazisinin və okeanlarının azı 30 faizini qorumağı, biomüxtəlifliyəmənfi təsiri azaltmağı, iqlimə davamlılığı artırmağı və gələcək nəsillər üçün davamlı inkişafı reallaşdırmağı nəzərdə tutur. Təbiətə əsaslanan həllərə investisiya qoymaqla iqtisadi imkanları artırmaq, davamlılığı gücləndirmək və davamlı gələcəyin təməlini qoymaq mümkündür.
Nazir qeyd edib ki, bu gün qarşıya qoyulan 3 vəzifədən birincisi milli siyasətin uyğunlaşdırılmasıdır ki, bura iqlim, biomüxtəliflik təşəbbüslərinin milliləşdirilməsi üçün strategiyaların araşdırılmasıdır. İkincisi, dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir: Hökumət siyasətini və korporativ rəhbərliyi birləşdirərək ekosistemləri qoruyaraq ədalətli nəticələr təmin etməkdir. Nəhayət, mühafizə üçün maliyyə artımını gerçəkləşdirməkdir.