RU

Qərb mediası mənəviyyatsızcasına dezinformasiya yaymaqla məşğuldur

Ən çətin geosiyasi şəraitdə suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına nail olan Azərbaycan praktiki fəaliyyətlərdə strateji düşüncə nümunəsini nümayiş etdirdi. Məhz ölkəmizin bu keyfiyyəti onu iqlim dəyişikliyi ilə bağlı qlobal forumun keçirilməsi üçün düzgün və unikal məkana çevirir. Bu cür irimiqyaslı tədbirin keçirilməsi ev sahibi ölkə üçün təkcə qürurverici hadisə deyil. Həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən böyük məsuliyyətdir. Lakin COP29-un keçirilməsi ilə bağlı vəzifələri həll edərkən Azərbaycan siyasi xarakterli əlavə çağırışlarla üzləşdi. Bu ilin yayından etibarən ölkəmizə qarşı “qara piar” kampaniyası başladıldı. Düşmənçilik fəaliyyətləri müxtəlif üsullarla həyata keçirildi. ABŞ-ın “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, Fransanın “Fiqaro”, “Le Monde” qəzetləri, həmçinin bir sıra digər media orqanları ölkəmizə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Kampaniya, həmçinin “X” sosial şəbəkəsində də aparılırdı. Bu şəbəkədə kampaniya iyun ayından  başlayıb və onun istər erməni əsilli, istərsə də ermənipərəst mövqedə dayanan şəxslər tərəfindən həyata keçirildiyini müşahidə etmək o qədər də çətin deyildi. Onlar qlobal ictimaiyyəti COP29-u boykot etməyə çağırırdılar. Kampaniyanın əsas məqsədi ölkəmizin reputasiyasını ləkələmək, COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, Azərbaycana siyasi təzyiq göstərmək, xüsusən də həbsdə olan erməni hərbi cinayətkarların azad edilməsinə nail olmaq idi. Ölkəmizə qarşı bu cür cirkin kampaniyalar hələ də davam etməkdədir.

Bu günlərdə “Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” başlıqlı dezinformasiya yayılıb. Nəşr iddia edib ki, Avropa hətta COP29 zamanı Azərbaycandan qaz almaqla bağlı danışıqlar aparır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev nəşrə cavab verib: "Bu, çirkin dezinformasiya nümunəsindən başqa bir şey deyil. Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, biabırçılıqdır. Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan heç bir qaz idxal etməyib. Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür. Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz "Politico"dan üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik".

Xatırladaq ki, bir neçə gün öncə COP29-a kölgə salmaq istəyən bir qrup şəxsin adından dünya qurumunun rəhbərliyinə müraciət edilmişdi və müraciətdə həqiqətə uyğun olmayan iddialar səsləndirilmidi. BMİDÇS-in icraçı katibi Saymon Stilə, BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin üzv dövlətlərinə ünvanlanan bu məktubu BMT-nin keçmiş Baş katibi Pan Gi Mun, keçmiş İrlandiya prezidenti Meri Robinson, UNFCCC-nin keçmiş icraçı katibi Kristiana Fiqeres və digər ekspertlər imzalayıb. Onlar sözügedən qurumları COP proseslərinin “əsaslı yenidən qurulmasına” çağırıblar. İddia ediblər ki, BMT-nin iqlim dəyişikliyi konfranslarında çoxlu sayda qalıq yanacaq lobbiçiləri var. Yazıblar ki, kömür, neft və qaz sənayesindən ən azı 1773 lobbiçi COP29-da iştirak etmək üçün rəsmi akkreditasiyadan keçib. Bildiriblər ki, 2003-cü ildən bəri qalıq yanacaq lobbiçiləri COP-a 10 mindən çox akkreditasiya veriblər və keçən il Dubayda keçirilən sammitə “rekord sayda lobbiçi” gəlib. Onların sayının 2500 nəfər olduğunu iddia edirlər. Bu müraciəti imzalayanlar iddia edirlər ki, 2003-cü ildən indiyə kimi COP konfranslarında iştirak edənlərin içində dünyada 2500-dən artıq neftin, qazın istehsalının artırılmasının lobbiçiliyini edən adamlar olub. Yəni, onlar demək istəyirlər ki, biz bu tədbirləri keçiririk ki, neftdən, qazdan imtina edək, amma bu tədbirlərə gizli şəkildə neft və qazın lobbiçiləri gedib-gəlirlər. İddia edirlər ki, guya COP29-da  neft və qazın 1773 lobbiçisi iştirak edir. Təbii ki, bu çox ağır ittihamdır. Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Yəni, Azərbaycan beynəlxalq müstəvidə sözügedən proseslərə öz töhfəsini verir. Bu gün neftdən aslılığın azaldılması istiqamətində addımlar atır. Həm Prezident İlham Əliyevin, həm də digər rəsmilərin çıxışlarında səsləndirdikləri fikirlər də çox önəmli və əsaslandırılmış fikirlərdir. Yəni, söhbət ondan gedir ki, bu gün bütün dünya iqlim dəyişikliyindən əziyyət çəkir və Azərbaycan da daxil olmaqla dünya birliyi istiliyin azaldılması üçün real addımlar atır. Rəqəmlər qorxuncdur. Əgər bu addımlar atılmazsa 2050-ci ildə istiliyin 4 dərəcəyə qalxması və ilin 4 ayının quraqlıq keçməsi ilə bağlı ciddi problem baş verə bilər. Ona görə Azərbaycan da bu proseslərin önündə gedir  və bu proseslərə öz töhfəsini verir. Ölkəmiz çalışır ki, dünyada da bu prosedən əziyyət çəkən ölkələrə dəstək verilsin. Bu gün əslində, dünyamızı, ekologiyamızı çirkəndirən, karbon emissiyasını havaya buraxan ölkələr məhz Qərb ölkələridir, onların faiz nisbəti olduqca böyükdür.

Azərbaycan tərəfi belə qərəzli yanaşmalara özünün etiraz səsini həm media orqanları, həm vətəndaş cəmiyyəti nümayəndələri, həm də dövlət qurumları səviyyəsində dəfələrlə ucaldıb. Prezident İlham Əliyevin 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında dediyi kimi: “Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur – yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Sevinc Azadi, “İki sahil”

Избранный
39
ikisahil.az

1Источники