RU

Nazirin turboaçıqlaması

Maliyyə naziri Samir müəllimin MM-də büdcə müzakirələri zamanı cərimələr haqda söylədikləri xalqda müəyyən təşvişə səbəb olmuşdur. Deyirlər gələn ildən cərimələr artacaq və sairə. O cümlədən, 900 milyon manata yaxın cərimənin hara yox olması müzakirə edilir. 

Halbuki, sayın maliyyə naziri düzgün anlaşılmamışdır. Gəlin onun cümləsini yada salaq: “Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur”. Sitatın sonu. Məhz burdan çıxış edərək xalq cərimələri kimlərinsə çırpışdırdığını güman edir və üstəlik nazirə qarşı tələb irəli sürürlər: “Ad çək. Pulları oğurlayan məmurları bizə tanıt”. 

Ancaq diqqətlə oxusaq nazirin yığılan deyil, məhz yazılan cərimələrdən bəhs etdiyi aşkara çıxar. Bunlar çox fərqli anlayışlardır. Ona qalsa bizim Konstitusiyada elə şeylər yazılıb, əməl etsək aləm qarışar. 

Kimsə, hansısa şirkətlər və sairə cərimə edilirsə, bu, hələ onların həmin pulu ödəməsini  göstərmir. Məsələn, bir-iki ay qabaq hansısa müharibə qazisindən veriliş hazırlamışdılar, onun dəyəri heç bəlkə 470 manat olmayan sınıq-salxaq maşınına yol polisinin 47 min manat cərimə yazdığı ortaya çıxmışdı. Sayın qazi deyirdi ki, məni saxladılar yolda, dedilər niyə cərimələri ödəmirsən, o zaman məbləğ məlum oldu. Yol polisi də ərinmədən siyahını çıxartmışdı, görünürdü ki, həqiqətən bu yoldaşa illər boyunca cərimələr yazıblar. 

Lakin almayıblar! Əsas məsələ də budur. Bəs indi niyə istəyirlər? Bax, bunu bilmirəm. Ola bilsin bıçaq sümüyə dirənib, hökumətə təcili pul lazımdır. Ta “qorxudub, vurmamaq” sərf eləmir. Xalq yolunu azırmış. Cərimə vermirlər, hələ uşaq pulu da istəyirlər. Sabah gəlib bələdiyyə seçilmək arzusu kimi destruktiv, təxribatçı, ekstremist fikirlərə düşsələr nə olacaq? Rəhmətlik Südabə xanım demişkən, belə şeyləri beşikdə boğmalıyıq. 

Yaxşı xatırladım, lap təzəcə başqa bir yoldaşı Ələt-Astara magistralında yol polisi tutub 20 sutka həbs vermişdi, onun da 7 min manat cəriməsi var imiş. 

Bax, belə şeylər nazirlə xalq arasında anlaşılmazlığa səbəb olur, dövlətçiliyimizi sarsıdır. Sözlərə fikir verməliyik. Ona görə də NK yanında dil monitorinqi komissiyası ləğv olundu. Haqlı qərardır - onsuz heç kim bir-birinin dilini anlamır, komissiya düzəltməyin mənası nədir? 

Ancaq cərimə yığılsa da, yığılmasa da inkişaf davam edir. Noyabr ayında BMT sədri Quterreş müəllim Bakıya düz 2 dəfə səfər etdi! Qutlu olsun. 

Yaxud, yol idarəsi təzə animasiya filmi hazırlayıb və orada Bakıdakı Ukrayna dairəsinin inkişafı, yaxın gələcəkdə necə olacağı bizə nümayiş etdirilmişdir. Bəzən tənqidçilər mırıldaşırlar, deyirlər ölkəmizdə animasiya, multik çəkilişi axsayır, nə qədər sovet vaxtı çəkilən “Tıq-tıq xanım” cizgi filminə baxmalıyıq və sairə... Bunun səbəbi odur ki, multik çəkənlər yol idarəsi kimi yerlərdə çalışır, tunel, keçid, səki və sairə tipli ərazilərin animasiyası üzərində işləyirlər. Sizə nə lazımdır? Yol, yoxsa multik? Əlbəttə, ilk növbədə yolumuz olmalıdır. Yol yaxşı olanda, multik çəkilən yerə aparır. 

Yeni dairənin turbo xarakterli olması xüsusi vurğulanmışdır, yəqin ora girən maşınlar uçacaqdır. Alqışlayıram. Ümid edirəm növbəti addım turbo yeraltı keçidlər olsun. Turbo parklar, turbo skameykalar da lazımdır. 

Lakin idarənin açıqlamasında bir cümlə lap diqqətə layiqdir: “Layihə həyata keçirildikdən sonra  münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq”. Sanki Ukrayna dairəsindən yox, Ukrayna dövlətindən bəhs edilir. Münaqişəli nöqtə nədir yoxsa? 

Belə press-relizlərdə bir az ehtiyatlı olmalıyıq. İndiki zəmanədə özəlliklə. Çünki Şimal tərəfdə bir dəli var, raketin birini də döndərər Əhmədli tərəfə, zibilə düşərik oturduğumuz yerdə. 

Избранный
26
1
musavat.com

5Источники