RU

"Dini paltarları geyinib pis işlərlə məşğul olan fırıldaqçıların sayı artıb" - MÜSAHİBƏ

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik:

- Bugünkü Azərbaycan dəbi Qərbə, yoxsa Şərqə meyillidir?

- Geyim və paltar fərqli anlayışlardır. Geyim ümumi hadisədir, mədəniyyətin bir formasıdır. Hər bir xalqın, cəmiyyətdə olan qrupların özlərinin geyim formaları var. Hətta polislərin, hərbiçilərin, yaşlıların, uşaqların, kəndli və şəhərlilərin öz geyim formaları var. Amma paltar fərdi hadisədir. Hər bir şəxsin öz xarakterinə, bədəninin tələbatına uyğun olaraq geyindiyi müəyyən paltarlar var. Düzdür, tikiş fabrikləri ümumi olaraq hamıya paltar tikir. Əvvəllər qadın və kişi paltarı ayrı-ayrı idi, indi isə qadınlar kişi geyimi, kişilər də qadın geyimi geyinirlər. Hər kəs də buna normal baxır. Amma bu bəzi hallarda mental dəyərlərlə moda sənayesinin bizə verdiyi anlayışlar arasında toqquşma yaradır. Geyim mədəniyyəti ümumiyyətlə, əsrlər boyu formalaşmış mədəniyyətdir. Ona həddindən artıq çox cəhət təsir edir. Məsələn, dağda yaşayanlarla aranda yaşayan, kəndli və şəhərlilər fərqli geyinməyə məcburdurlar. Çünki dağda soyuqdur. Anadoludan Ərdəbilə gələnə kimi qat-qat paltarlar geyiniblər. Qışda və yazda ayrı rənglərdən istifadə ediblər. Toy və yas mərasimlərinin də paltarları ayrı olub. Bəs indi buna riayət edirikmi? Düzdür, indi biz bina evlərində yaşayırıq, maşın, ictimai nəqliyyat var. Çöldə, demək olar ki, az oluruq. Amma nəzərə almalıyıq ki, həm də şüaların qarşısını almaq üçün, həm də bədənin qoxusunu ətrafa saçmamaq, ictimai yerdə xaotik mənzərə, estetik, etik, tibbi baxımdan xaos yaratmamaq üçün geyim mədəniyyəti formalaşdırılıb. Atın üstündə olan insanla əkinçi eyni paltarı geyinməyib, yaxud da rəqqasə ilə dövlət qurumunda çalışan məmurun paltarı da eyni olmayıb. Amma indi hər şey aşa bənzəyir, hər şey bir qabdadır və qarışıb. Bizim geyim mədəniyyəti ilə bağlı maarifçiliyimiz, demək olar ki, sıfırdır. Biz hələ də gəncləri başa sala bilmirik ki, nə qədər dəb də olsa, qışda cırıq paltar geyinmək olmaz. Bədəniniz əgər allergiya verirsə, sintetik paltarlar geyinməməlisiniz. Avropa üçün nəzərdə tutulmuş dəb sənə yararlı deyil. Bütün bunları gənclər bilmirlər və sonsuzluq, nikahların pozulması, qısırlıq hamısı geyimlə bağlıdır. Bəlkə də, 90% yemək və geyimlə bağlıdır.

- Gənc və orta nəslin nümayəndələrinin geyimdə yol verdikləri nöqsanlar nələrdir?

- Bizdə geyim mədəniyyətinin bir hissəsi dəblə bağlıdır. Biz bir şeyi unuduruq. Dəb əslində elit təbəqənin maraqlandığı bir şeydir. Ərəb ölkələrinin statistikasına baxsanız, onlarda sonsuzluq, piylənmə, sağlamlıq problemləri bizdən də çoxdur. Azərbaycanda da bu var. Bizdə insanlar fikirləşmirlər ki, tanınmış adamın pulu çoxdur, telekanallara çıxan zaman paltarını tez-tez dəyişməlidir. Bu adam hər gün verilişlərə gedirsə, eyni geyinsə, göz yorular. Amma bizdə kasıbından tutmuş hamı yeni bir şey çıxan kimi onu tez Sədərəkdən alırlar. Həmin paltarlar orijinalından heç də pis olmur. Orijinal əllə tikildiyinə görə daha qiymətli olur, onun da kopyasını çıxarırlar. Bizdə dəb, geyim mədəniyyəti, çağdaşlığı anlamırlar. Bir ara qızlar cins şalvarlarla toya gedirdilər. Bizim mentalitetimizdə qadınlar, kişilər toyda özlərini bəyəndirirlər. Əgər həmin proses restoranda olsa, deyərlər ki, qız oğlanla restoranda tanış oldu. Bir kişinin kişi paltarı geyinən qadına hansı marağı ola bilər? Mən onunla evlənmək yox, dostluq da etmək istəmərəm. Sizin, bizim apardığımız mübarizə xanımlarımızı bir az dəyişdi. Avropa ölkələrində siz mini yupka ilə hansısa ciddi ofisə gedə bilməzsiniz. Diplomatik görüşlərə saatsız gedə bilməzsiniz. Nobel mükafatı alan zaman akademiklərin yanına cins şalvarla gedə bilməzsiniz. Orada ciddi paltar nümunəsi var. Bir ara tələbələrimiz etiraz etdilər. Düzdür, mən librar azadlığın tərəfdarıyam, amma bu qədər də yox. Tələbə etiraz edirdi ki, məni şort və şəpiklərlə imtahana buraxmırlar. İmtahanlar yayda olur, sən bu geyimdə tərləyib gəlirsən, niyə 50 nəfər bu tələbənin qoxusuna dözməlidir? Bunu ən azından dərk etmək lazımdır. Universitetdə qadağan etdilər, ancaq nə üçün etdiklərinin izahını verə bilmədilər. İstənilən halda insanın sağlamlığı çox önəmlidir. Əgər paltar qızıldandırsa, lakin özünüzü narahat hiss edirsinizsə, atın o qızılı.

- İnzibati Xətalar Məcəlləsində geyimlərlə bağlı hər hansı maddə, yaxud da icazə kimi müddəalar var?

- Əslində İnzibati Xətalar Məcəlləsində müəyyən maddələr var, amma bu geyimlə bağlı deyil, geyimsizliklə bağlıdır. Əgər lüt şəhərə çıxırsınızsa, həbs edilirsiniz. Bir neçə dəfə bu hal yaşanıb. Ümumi normativ qaydalar var ki, onları pozmaq olmaz. Müəllim, şagirdlər məktəbdə həddindən artıq qısa geyinə bilməzlər. Hətta şagirdlər üçün dövlət tərəfindən formalar müəyyən edildi. Paltar fərdi işdir. Fərd də cəmiyyətin ümumi qəbul edilmiş mental dəyərlərinə arxa çevirməməlidir. Bura Azərbaycandır, siz bilməlisiniz ki, Azərbaycanda yaşayırsınız. Məsələn, İngiltərəyə gedib sol tərəfdən maşın sürə bilməzsiniz. Sürsəniz sizi cinayət məsuliyyətinə cəlb edərlər. Azərbaycanda müəyyən dəyişikliklər etməliyik, lakin bu, insanların hüquqlarını pozmamalıdır. Gəlin toyunda sport ayaqqabı gəyinirsə, mən buna normal baxıram. Çünki bu insanın ömründə bir dəfə toyudur, o da əylənmək istəyir. Lakin gəlinin toyda sinəsini yarıya kimi açması normal deyil. Demirəm ki, buna görə cəzalanmalıdır. İnsanlar ictimai qınaq etməyi bacarmalıdır. Həmin toydan çıxıb getməlidirlər. İndi dini toy adı altında dindarlar spirtli içkilər vermirlər, açıq geyinən insanlar olmur, ancaq kişilərdən ibarət olur.

- Belə insanlara kim məsləhət verməlidir? Valideyn sözü eşidən gənclər var?

- Demək olar ki, heç kim valideyn sözü eşitmir. Biz onları döyürük, onlar da evdən qaçırlar, intihar edirlər. Yaxud da, evdən qaçıb sosial şəbəkələrdə müəyyən saytlara, oyunlara qoşulurlar. Xüsusilə də, yeniyetmələr bunu çox edirlər. Necə problemlər yaşandığını bilirsiniz. Burada stilistlərin də günahı var. Əgər onlar açıq-saçıq, dəbli paltarları ortaya qoymasalar, belə hadisələr yaşanmaz. Əgər biz toyda gəlini açıq-saçıq görüb, bəyi də anormal hərəkətlər edən görürüksə, toyu tərk etməliyik. Bir-iki dəfə tərk olunsa, heç kim bir də risk edib ona qayıtmayacaq. Qlobal dünyada yaşayırıq. Əgər etmək istəyirsinizsə, əyləncə mərkəzləri var, gedin nə istəyirsiniz, orada edin. Niyə görə mən xərc çəkib hazırlaşmalıyam, pul atmalıyam, siz məni ailəmin yanında pis etməlisiniz? Bir insan nə qədər daş ürəkli, iradəli də olsa, yenə də onun gözü gəlinin açıq sinəsinə gedəcək. Ona görə də cavanlar toyda yaşlı nəsli görmək istəmirlər. Guya, bu yaxşıdır? Yaşlı olsa, xeyir-dua verəcək. Əvvəl toylarda söz verilirdi, indi heç kimə söz verilmir. Bu problemlər üçün təklif etmək olar ki, şadlıq evlərində zallar çoxdur. Bir neçə zalda toy edilsin, bir zal yaşlı adamlar üçün, bir zal da gənclər üçün olsun. Lazım olduqda yaşlı nəsil gəlib xeyir-duasını versin. Nə qədər ki, bizim ictimai şüurumuzda kopyalama var, belə problemlər də yaşanacaq. Təəssüflər olsun ki, Azərbaycan ictimai şüurunda 90% kopyalama var. Klassik Azərbaycan toylarında geyim mədəniyyətini nümayiş etdirən moda var idi. Filmlərimizdə bu var.

- Açıq geyim əxlaq ölçüsü sayılmamalıdır. Siz bu barədə nə düşünürsünüz?

- Dini paltarları geyinib onun altından pis işlərlə məşğul olan fırıldaqçıların sayı artıb. Ona görə də Avropada baş bağlılıq qadağan ediləndə etiraz edirik ki, müsəlmanların hüquqları pozulur. Amma Avropada başqa, bizdə də başqa işlər görülür. Son vaxtlar cinayət hadisələrinə fikir versəniz, görərsiniz ki, bunları edənlərin çoxu yalandan başını örtən insanlardan qaynaqlanır. Geyim, əlbəttə ki, xarakteri göstərir, amma ölçüsündə olanda heç bir problem olmaz.

- Açıq geyinməklə xanımlar nə demək istəyirlər?

- Vaxtilə beyində heç nə yox idi, onlar bədən satmaq istəyirdilər. Açıqlıq o zaman oldu. Sonra isə feminizm hərəkatı başlayanda qadınlar kişilərə etirazlarını bildirmək üçün paltarlarını soyunmağa başladılar. Moda aləmində isə modelyerlərin çoxu cinsi azlıqların nümayəndələri olur. Onlar da bundan çox süni istifadə etməyə başladılar. Həddindən çox qadınlar və kişilər üçün dəyişiklik etməyə başladılar. SSRİ vaxtında Çin müraciət etdi ki, bizə pambıq lifləri göndərin, əhalinin paltarına çatmır. Xruşov da dedi ki, bir milyard əhali var, hərəsinin ətəyindən on santimetr kəssəniz, özünüz də bu problemi həll edə bilərsiniz. Biz cırıq paltarları çox tənqid edirik. Amma məktəbli olanda valideynlərim mənim cırıq paltarımı yamayırdılar deyə, xoşuma gəlmirdi. İllər keçəndən sonra bu, dəb oldu. Yenilik köhnənin təkrarıdır. Qısa və uzun paltar fərqi yoxdur, insanın xarakteri onun iradəsindən, mədəniyyət və intellektindən asılıdır. Təhsilli insan qısa da geyinsə, o, elə ideyalar, beyin məhsulu verə bilər ki, heç kim onun geyiminə fikir verməz. Biz nə qədər paltarın uzun və qısalığına fikir verəcəyik, bu mübahisələr də davam edəcək.

Müəllif: Söylü Ağazadə
Избранный
19
sia.az

1Источники