NOCOMMENT.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 2024-cü ilin oktyabr ayı üçün istehlak bazarında qiymət artımları ilə bağlı monitorinq nəticələri bunu deməyə əsas verir.

Əvvəlki aylardan fərqli olaraq oktyabr ayında istehlak bazarında ən yüksək qiymət artımları ərzaq məhsullarında və xidmətdə qeydə alınıb. Qeyri-ərzaq məhsullarının qiyməti də əvvəlki aya nisbətən yüksəlib. İllik inflyasiya 5.9 faiz olub.

Dövlət Statistika Komitəsindən isə İqtisadiyyat.az-a verilən məlumata görə, cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətində baş verib.

Ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xidmət sektorunda da artım müşahidə edilib. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 faiz artaraq 10192,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 7687,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 104,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.