RU

Paşinyan “missiya”nın vaxtını uzatmağa çalışacaq

Bu məsələdə Ermənistan Azərbaycandan daha çox Rusiyanın əsəbləri ilə oynamağa yönəlik addımlar atır


  Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı məsələ yenidən gündəmdədir.
Aİ səfiri Vasilis Maraqosun açıqlamasında deyib ki, missiya bitdikdən sonra 200-dən çox müşahidəçinin Ermənistanda qalıb-qalmayacağı məlum deyil: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.
  Erməni mətbuatının  məlumatına görə, Azərbaycanla yanaşı, Rusiya da Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazıdır. Qeyd olunur ki, İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma vəziyyət başqa cürdür. Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasət yürütdüyü, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Moskva missiyanı Azərbaycan, Rusiya və İrana qarşı casusluq fəaliyyətində ittiham edir. Avropada ehtiyatlanırlar ki, Paşinyan hakimiyyəti Qərbdən üz döndərib, yenidən Rusiyaya qucaq aça bilər. Azərbaycan da müşahidəçilərin yerləşdirilməsinin əleyhinədir. İstisna deyil ki, Bakıdan da müşahidə missiyasının mandatının uzadılmaması tələbi olub və İrəvan həmin tələbi yerinə yetirmək qərarına gəlib. Məlumat üçün deyək ki, Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti gələn ilin fevralında başa çatır.
Ekspertlər isə hesab edir ki, Avropa İttifaqının Ermənistanda yerləşən missiyası bir çox şübhəli işlər ilə məşğul olur və yaranan proseslərə müdaxilə etmir. Şərti sərhəddə atəş səsləri eşidiləndə atəşkəs rejimi pozulanda reaksiya vermir. Baxmayaraq ki, binokllar ilə patrullar həyata keçirirlər, müxtəlif monitorinqlər icra olunur.
  Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a  açıqlamasında deyib ki, bu məsələdə Ermənistan Azərbaycandan daha çox Rusiyanın əsəbləri ilə oynamağa yönəlik addımlar  atır:

“Azərbaycan üçün Avropa İttifaqının müşahidə missiyasının  sərhədin o tayında dayanması, binoklla boylanması heç bir əhəmiyyət kəsb eləmir.  Amma Avropa Müşahidə Missiyasının orada olması və yerini bərkitməsi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədinə xidmət edir. Rusiya da bunun fərqindədir. Mülki missiya adı altında  Avropanın kəşfiyyat xidmətlərinin regiona gəlməsi, Azərbaycanla bağlı məlumatların toplanmasına dair iddialar və bununla bağlı şübhəsiz ki, rəsmi Bakı önləyici tədbirlər görür”. 
  A.Quliyevin sözlərinə görə, Ermənistan Avropanın Müşahidə Missiyasının sərhəddə qalmasında maraqlıdır. Lakin onların buradakı mövcudluğunun hansı adla davam edəcəyi hələlik bəlli deyil. Paşinyan  Missiyanın vaxtını uzatmaq cəsarətini özündə tapmasa da, başqa bir adla  həmin kontingentin ən azı bir hissəsinin burada qalmasına çalışacaq. 

Избранный
14
sherg.az

1Источники