RU

Sahil Babayev insanların əsəbləri ilə oynayır  - RƏY

Azərbaycandakı pensiya sistemi ilə bağlı köklü islahatlar aparılmalıdır 

“Təqaüdçülərə heç bir güzəşt verilmir. Nə kommunal sahədə, nə ictimai nəqliyyatda. Təqaüdə çıxan valideyn, sadəcə, övladlarına əlavə yük olur”

  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2025-ci il büdcəsinin müzakirələri zamanı çıxışında “bizim pensiya sistemimiz çox humanistdir”, deyib. Bunu da onunla əsaslandırıb ki, ömrü boyunca heç bir yerdə işləməyən, heç vaxt sosial sığorta ödəməmiş şəxslər pensiya sisteminə daxil ola bilməz. Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya verilsəydi, bu məbləğ 110 manatdan yuxarı olmazdı. Minimum pensiyanın artımı sayəsində bu şəxslər 2-3 dəfə artıq pensiya alır. Yəni cənab nazir dövlətin verdiyi sosial sığorta, təqaüd pulunu bir növ vətəndaşın başına qaxınc edir. Və deyir ki, əgər sığortanın prinsipləri birə-bir tətbiq edilsə, şərtlər qat-qat ağır olar. Yəni ay camaat, şadlığınıza şitlik etməyin. Şükür edin ki, hələ sizə pensiya, müavinət ödənir?!. Ölkəmizdə pensiya yaşı artan xətt üzrə gedir. Hazırda küçədə rastımıza çıxan tanımadığımız bir xanımdan soruşsaq ki, ay xanım, neçə yaşında pensiyaya çıxacaqsan, söyləyə bilməyəcək. Çünki illəri, ayları toplayıb yaşının üzərinə gəlməli olacaq, həm də nazir Sahil Babayevin metoduyla. 2026-cı ilin iyun ayınadək 64 yaşı tamam olmuş qadın pensiyaya çıxa biləcək, ondan sonra isə müsibət başlayır. Hər il 6 ay pensiya yaşına əlavə ediləcək. Nə vaxta qədər bilinmir. Qadınlara heç bir güzəşt-filan yoxdur. Və bu, humanist pensiya sistemi hesab edilir. Pensiya məbləği barədə danışmaq istəmirik. Nazir deyir ki, işləməyən insan niyə pensiya almalıdır, bu, ədalətli deyil. Eyni zamanda da bildirir ki, məşğulluqla bağlı çağırışlar bitməyəcək, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik var. O zaman hamını işlə təmin etmək mümkündürmü? Əlbəttə, yox. Xüsusən, texnologiyaların bunca inkişaf etdiyi dövrdə. Ötən əsr deyil ki, fabrik, zavodlarda işçi qüvvəsinə ehtiyac olsun. Nazirin arqumentləri biri digərini təkzib edir. Yenilənən pensiya, sığorta stajı sistemi ötən əsrdə hər hansı müəssisədə çalışmış insanları çətin vəziyyətdə qoyur. İnsanlar illərlə hər hansı idarədə, müəssisədə çalışıb, o zaman da dövlətə (Azərbaycan SSR - M.R.) sosial ödənişlər edilib, lakin indi bildirilir ki, sizin sığorta stajınız yoxdur, yəni milli valyuta ilə 1 manat da toplamamasınız. Ona görə də pensiya məbləğiniz az hesablanır. Budur, ədalətli sistem?!
  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Azərbaycandakı pensiya sistemi ilə bağlı köklü islahatlar aparılmalıdır: 

- Sahil Babayevin hər çıxışı zamanı insanların əsəbləri ilə oynayır. Hamıya məlumdur ki, ölkədə işlə təminat, məşğulluqla bağlı vəziyyət yaxşı deyil. Bu, heç mümkün də görünmür ki, əhalinin böyük hissəsi işlə təmin edilsin.  Bunun üçün imkanlar yetərli deyil. Belə olan halda vətəndaşdan mütləq haradasa işləməsini tələb etmək absurddur. İnkişaf etmiş ölkələrdə məhz işsizlik nəzərə alınaraq işsizlərə sosial müavinət təyin edilir. Pensiya isə dünyanın bir çox ölkələrində yüksək məbləğdədir. Bunu görmək üçün xüsusi araşdırmaya, tədqiqata ehtiyac da yoxdur. Hər şey göz önündədir. Çıxın şəhərə, baxın, xaricdən gələn turistlərin kontingentinə. Görün aralarında nə qədər qoca, yaşlı insanlar var. Xaricdə pensiya yaşına çatan insanlar sevinir, həyatlarını istədikləri kimi yaşayacaqlar deyə. Ölkələrə səyahətə çıxırlar. Gəzirlər, istədikləri kimi istirahət edirlər. Onlara verilən güzəştlərdən yararlanırlar. Çexiyada təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə edir. Xüsusi mağazaları var, harada ki ərzaq, geyim, başqa məhsulları endirimlə əldə edirlər. Hətta ölkəyə gələn, paytaxt Praqaya gələn xarici ölkə vətəndaşına da, əgər yaşlıdırsa, təqaüdçüdürsə, o da ictimai nəqliyyatdan pulsuz istifadə edir. Bunu şəxsi təcrübəmdən, gördüklərimdən çıxış edərək deyirəm. Bizdə isə pensiyaya çıxan çalışır, özünə başqa haradasa əlavə iş tapsın, günəmuzd da işləməyə razıdır, təki dolanışıq üçün qazancı artıq olsun. Çünki aldığı minimum pensiya ilə aylıq məsrəflərini ödəyə bilmir. Ümumiyyətlə, 2006-cı ildən sonra əmək pensiyalarının təyini ilə əlaqədar çox pis vəziyyyət yaranıb. Mən 2006-cı ildən sonra təqaüdə çıxmışam. İşlədiyim müddətdə ən yüksək əməkhaqqı almışam. Lakin bunun müqabilində mənə təyin edilən pensiya məbləği çox aşağı idi. Mən bu təqaüdlə normal yaşaya bilməzdim.  Əgər mərhum həyat yoldaşımın təqaüdündən istifadə etməsəydim. Bu təqaüdü 5 il sonra istifadə etməyə başladım, ürəyim gəlmirdi istifadə edim. 7-8 il əvvəl mənə 150 manat pensiya təyin edilmişdi. Həyat yoldaşımın təqaüdüdür məni bu gün normal yaşadan. 
  M.Qəhrəmanlı qeyd etdi ki, pensiya yaşı və pensiya məbləğinə yenidən baxılmalıdır: 
- Pensiya yaşını 65-ə qaldırıblar. Həm kişilər, həm qadınlar üçün. Nəinki inkişaf etmiş, orta səviyyəli ölkələrdə də belə bir sistem yoxdur. Qonşu dövlətlərdə qadınların pensiya yaşı 55-60 arasıdır. Təqaüqdçülərə heç bir güzəşt verilmir. Nə kommunal sahədə, nə ictimai nəqliyyatda. Təqaüdə çıxan valideyn sadəcə, övladlarına əlavə yük olur. Bizim pensiya siyasətində köklü islahatlar tələb olunur.  Qanunvericiliyə dəyişiklik edilməli, pensiya yaşı azaldılmalı, pensiya məbləği isə istehlak bazarının tələblərinə cavab verməlidir. Ətin kiloqramı 18-20 manat, kərə yağı 18-25 manatdırsa, 280-300 manat pensiya alan vətəndaş necə dolanacaq? 

Избранный
18
sherg.az

1Источники