Müsahibimiz tanınmış iş adamı, xeyriyyəçi “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovdur. Onunla müsahibəni təqdim edirik.
- İsfəndiyar müəllim, hazırda ölkəmizdə BMT-nin COP29 iqlim konfransı keçirilir. İstərdik ki, sizin bu konfransla bağlı fikirlərinizi öyrənək.
-Bilirsiniz ki, bütün dünyada tikinti şirkətləri ekoloji faktorlarla daim üz-üzə gəlirlər. Binalar tikilərkən istər-istəməz ətraf aləmə müəyyən təsirləri olur. Biz də tikinti şirkəti olaraq öz fəaliyyətimizdə daim ətraf aləmin qorunmasına önəm veririk. Binalar tikiləndən sonra onun ətrafında yaşıllıq salırıq, ağaclar əkirik, ekoloji təmizliyə xüsusi diqqət yetiririk. COP29 sammitinə gəlincə, bu tək Azərbaycan üçün deyil, dünya üçün əhəmiyyətə malik qlobal iqlim sammitidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmiz bu sammitə yüksək səviyyədə hazırlaşıb. Bütün iştirakçılar da etiraf edirlər ki, Bakıda keçirilən COP29 sammiti bu günə qədər keçirilmiş COP konfranslarının ən möhtəşəmidir. Bu sammitdə Azərbaycanın müxtəlif sektorlarından – dövlət və özəl qurumlardan nümayəndələr də iştirak edirlər. Qlobal iqlim böhranını ayrı-ayrı ölkələr, dövlət qurumları təkbaşına həll edə bilməzlər. Bütün dünyanın dövlət və özəl qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları problemin həlli üçün səfərbər olunmalıdırlar. Bu mənada Azərbaycan dövləti yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək həm ölkə daxilində, həm də xaricdəki bütün tərəflərin diqqətini qlobal iqlim böhranı və onun doğurduğu təhlükələrə yönəldə bildi. COP29 sammitində iştirak üçün bütün dövlətlərə, hətta bizi istəməyən qüvvələrə də dəvət göndərdik. Ermənistan və Fransa kimi ölkələr Bakıya rəsmi dəvət aldılar. COP29 BMT-nin tədbiridir və hesab edirəm ki, Azərbaycan çox doğru olaraq hər bir ölkənin bu sammitdə iştirakına şərait yaratdı. Yaxşı olardı ki, Ermənistan rəsmiləri də Bakıdakı iqlim müzakirələrində iştirak edəydilər və görəydilər ki, 30 il ərzində işğal altında saxladıqları Qarabağ və Şərqi Zəngəzurun təbiətini nə hala salıblar. Düşünürəm ki, təbiət düşməni olan Ermənistan qlobal iqlim böhranının dərinləşməsinə özünün “töhfələr”ini verib. Bu gün Azərbaycan işğal etdiyi Qarabağ və Şərqi Zəngəzurda “yaşıl zonalar” yaradıb. Ağıllı kəndlər, su və günəş enerjisi ilə işləyə elektrik stansiyaları qurulub, böyük parklar, göllər salınıb, ağaclar əkilib. Hətta 44 günlük Vətən Müharibəsində də Ordumuz elə bir hərbi əməliyyatlar həyata keçirdi ki, nə meşələr, çaylar, göllər, nə də mülki ermənilər heç bir zərər görmədilər. Ordumuz yalnız legitim hədəfləri sıradan çıxarmaqla Zəfər qazandı. Ermənilər isə Qarabağı tərk edərkən evləri yandırırdılar, meşələrdəki qiymətli, nadir ağacları qırıb özləri ilə Ermənistana daşıyırdılar. Onlar Qarabağı işğal edəndə hansı barbarlıqları həyata keçirmişdilərsə, oranı tərk edəndə də eyni eybəcərlikləri təkrarladılar. Neft və qazla zəngin olan ölkəmizin “yaşıl enerji” siyasətti bütün dünya tərəfindən bəyənilir, dəstəklənir. Bəzən bədxah qüvvələr bizə irad tuturlar ki, neft və qaz ölkəsi olan Azərbaycan nə üçün COP29-a ev sahibliyi etməlidir? Onlar başa düşmürlər ki, neft və qaz Tanrının bizə bəxş etdiyi ruzidir, məhsuldur. Bu günə qədər heç bir dövlət Tanrının ona bəxş etdiyi sərvətlərdən imtina etməyib.
- COP29 sammiti ərəfəsində ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası bu gün də davam edir. Sizcə, bu kampaniyanı aparanların məqsədləri nədir?
- Bir müsəlman, gənc Şərq dövlətinin, müharibədən yenidən çıxmış bir ölkəninin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi bir çoxlarını qıcıqlandırır. Onların gözü bizim uğurlarımızı götürmür. Ermənistan və onun himayədarı olan Fransa, Hollandiya kimi ölkələr hər vəchlə çalışırları ki, Azərbaycanı gözdən salsınlar. Amma bacarmayacaqlar. Sonunda bizimlə razılaşmağa məcburdurlar. Biz necə ki, döyüş meydanında qələbə qazandıq, öz taleyimizi həll etdik, diplomatiyada da, siyasi meydanda da qələbə əldə edəcəyik. Biz cənab İlham Əliyev kimi müzəffər Ali Baş Komandana xidmət etməyə borcluyuq. Bəzi xarici qüvvələr, eləcə də xaricdə oturan sapı özümüzdən olan baltalar öz məqsədlərinə nail ola bilməyəcəklər. Xalqın qeyrətli oğullarını söymək, təhqir etmək siyasi mübarizə üsulu deyil, kişiliyə yaraşmayan hərəkətdir. Özünə hörmət edən azərbaycanlı belə çirkin oyunlarda yer almamalıdır. Görünür, bəzilərinin qanında qarışıqlıq, xarablıq var.
- Qeyd etdiniz ki, şirkətiniz ekoloji məsələlərə xüsusi önəm verir. Bu günə qədər MTK olaraq hansı ekoloji layihələriniz olub?
- Əslində bina tikməyin özü həm də ekoloji layihədir. Köhnə, təhlükəli vəziyyətdə olan evləri, tikililəri alıb yerində sağlam, möhkəm bina tikmək və həmin binaların ətrafında yaşıllıq, park salmaq, su, kanalizasiya xətləri çəkmək ekoloji layihə deyil? Mənim Göygöldə istirahət mərkəzim var. Hər tərəfində yaşıllıq salmışam, gözəllik yaratmışam. Tikdiyim şadlıq evlərində ilk dəfə olaraq mən müasir texnoloji avadanlıqdan istifadə edərək havaya buraxılan tüstünün ekoloji təsirlərini minimuma endirmişəm. Araşdırmalar zamanı bəlli oldu ki, o şadlıq evindən havaya buraxılan tullantı normdan xeyli aşağıdır. Mən bir işi görəndə onun ekoloji tərəflərinə çox diqqət yetirirəm. 74 yaşım var. Elə yaşamalıyam ki, heç kəs barəmdə pis söz deməsin. Elə etməliyik ki, nəsillərimiz sağlam, savadlı böysün.
- Qarabağda aparılan tikinti-quruculuq işlərində iştirak edirsiniz?
- Bizim şirkət Qarabağda aparılan quruculuq işlərndə iştirak etmir. Orada iştirak bizim imkanlarımız xaricindədir. Bizim daha vacib işlərimiz var. Dövlət mənə bir sıra işlər həvalə edib, onları yerinə yetirməliyəm. Türkiyədə də işlərimiz var. Buradakı işlərimizi yüksək səviyyədə icra edirəm.
- Qeyd etdiniz ki, 74 yaşınız var. Bəs bu qədər işlərin öhdəsindən necə gəlirsiniz?
- Mən uşaqlığımdan əziyyət çəkmişəm, zəhmətkeş olmuşam. İndi də hər gün işləyirəm, amma sağlamlığımın da qeydinə qalıram. Çörək, yağlı yeməklər yemirəm. Axşam yeməyini saat 16.00-da yeyirəm. Saat 8-ə qədər heç nə yemirəm. Yediyim isə baldı, xurmadı, ərikdir. Şirniyyat, kabab, konservləşdirilmiş heç nə yemirəm. Vaxtında yatıb, vaxtında duruam. Üzürəm, piyada gəzirəm. Əvvəldən təzyiq xəstəsi olmuşam. Özümə fikir verməliyəm. 74 yaşım var. Hədəfim 100 il yaşamaqdır. Daim çalışmışam, mübarizədə olmuşam. Məni ölümlə hədələyiblər, reketlərlə qarşılaşmışam. Bəzi adamlar vəzifəyə gələndən sonrda elə bilirlər ki, kreslo əbədidir. Dövlət başçısı özü çıxışında bəyan edib ki, məmurları vəzifəyə o təyin edir və istədiyi zaman çıxara bilər. Xalqa xidmət etmək lazımdır. Bu gün vergi sistemimiz idealdır, onlardan razıyıq. Daha heç bir məmur bizdən puı tələb etmir. Təəssüf ki, indi də bəzi dövlət adamları hələ də əvvəlki fikilərdə qalırlar.
- Tikinti sahəsində hansı çətinliklər var?
- Çətinliklər var və onların həlli üçün dövlət səviyyəsində addım atılmalıdır. Məsələn, Türkiyədə belə qanun var ki, əgər sakinlərin 51 faizi razıdırsa, tikinti şirkəti ərazidə bina tikə bilər. Qanunun icrasını dövlət özü həyata keçirir. Azərbaycanda isə sonuncu nəfərə qədər hamını MTK özü razı salmalıdır. Bu da çox çətin məsələdir və vaxt, əlavə xərc aparır. Müvafiq qanuna dəyişiklik edirlməsi üçün Milli Məclisə müraciət etmişəm, hələ nəticəsi yoxdur. Bundan başqa Türkiyədə hər yoldan keçən gedib torpaq zəbt edib, bina tikə bilməz. Bizdə isə kartof satan gedib yer götürür və başlayır bina tikməyə. Bina tikən şirkətin təcrübəsi, əvvəli işləri olmalıdır.
- Tikdiyiniz binalar zəlzələyə nə qədərəcə davamlıdır?
- Azərbaycanda binaların zəlzələyə davamlılığına FHN tam nəzarət edir. Armatura, betona ciddi nəzarət olunur. Belə deyək, binanın möhkəmliyinin məsuliyyətinin 10 faizi bizim boynumuzadırsa, 90 faizi FHN-in üzərindədir. Türkiyədə zəlzələyə qədər binaların tikintisində böyük səhvlərə yol verilmişdi. Orada bu işlərə FHN yox, bələdiyyələr nəzarət edirdi. Ona görə də belə oldu. Bizdə bir binanın tikintisində 100 ton armatur gedirdisə, onarda 20-30 ton istifadə olunur. Bu gün isə Türkiyədə tikilən binalar bizimkindən daha möhkəmdir. Yaponiya sistemi üzrə tikirlər. Bu, çox baha başa gəlir. Hələ gəlib bizə çıxmayıb.
- Kadrlarla bağlı hansı çətinlikləriniz var?
- Bizim Hövsanda, Qobuda və digər yerlərdə tikinti işlərimiz var, amma mən bu gün işçi tapa bilmirəm. Mənə hazırda 500-ə yaxın işçi lazımdır. Ayda 600-700 manat verəcəm onlara. Tapa bilmirəm. İş üçün müracət edənlər isə deyirlər ki, ali təhsilliyəm, xaricdə oxumuşam və s. Vəziyyət fəlakətli həddədir. Dövlətə müraciət edirəm ki, xaricdə oxuyanların diplomlarına baxılsın, araşdırılsın. Hamı oturaq iş istəyir, heç kəs armatura, betona əl vurmaq istəmir. İşləmək istəyən yoxdur.
- Ən böyük arzunuz...
- Azərbaycanı Dubay kimi görmək istəyirəm.