Argentinalı ulduz futbolçu Leonel Messi gələn həftə Barselonanın 125 illiyinə həsr olunacaq qala-konsertdə iştirak etməyəcək.
İdman.biz xəbər verir ki, noyabrın 29-da keçiriləcək təntənəli tədbirə klubun tarixində iz buraxanlar, o cümlədən menecerlər və sabiq futbolçular da qatılacaqlar.
Lakin uzun müddət əvvəl dəvət olunmasına baxmayaraq argentinalı ulduz tədbirə gəlməyəcək. İspaniyanın “Marca” nəşri futbolçunun çoxlu reklam çəkilişlərinin olmasının Barselonaya gəlməməsinə səbəb kimi görmür.
2021-ci ildə Kataloniya klubunu göz yaşları ilə tərk edən Messinin prezident Joan Laporta ilə münasibətlərinin pisləşdiyi də diqqətə çatdırılıb. Onun müsahibələrində gələcəkdə Barselona şəhərinə köçmək istədiyini deməsindən sonra bu tədbirə qatılmaması “Barsa” rəhbəri ilə olan soyuq münasibətləri bir daha təsdiqləyir.
Qeyd edək ki, dünya ulduzunun dekabrın 10-da Azərbaycana gəlməsi gözlənilir. Messinin Bakıya səfərinin təşkilatçısı tanınmış biznesmen Adnan Əhmədzadədir.
İdman.biz