RU

Blatter FİFA barədə: "Mən bir canavar yaratdım"

FİFA-nın sabiq prezidenti Yozef Blatter müasir futboldan danışıb.

Fanat.Az xəbər verir ki, "Watson" isveçrəli keçmiş futbol funksionerinin etiraflarını belə təqdim edib:  

“Sələfim Joao Avelanj FİFA-nın real pulunu qazandığı ilk vaxtlarda mənə bir canavar yaratdığımı söyləmişdi. O, haqlı idi. Mən həqiqətən bir canavar yaratdım. Mən 1975-ci ildə inkişaf proqramlarının direktoru kimi ona qoşulanda FİFA kasıb idi. "Adidas" kimi sponsorlar pul ödəmirdilər, sadəcə olaraq top və köynək verirdilər. Əslində pul qazanan ilk sponsorluq müqaviləsi 1976-cı ildə "Coca-Cola" ilə olub.

Sonra birdən-birə reklama icazə verən ictimai televiziya gəldi. Futbol televiziya üçün super məhsula, çox pula satıla bilən super şouya çevrildi. Real pul gətirən ilk Dünya Çempionatı 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı olub.

İnfantino 2016-cı ildə prezident olanda özünü pul maşınının işlədiyi yerdə tapdı. İndi o, bunu getdikcə daha da sürətləndirir.

Biz futbol satışlarının şahidi oluruq. Avropanın UEFA-sını götürək. Bir vaxtlar Çempionlar Kuboku, Kuboklar Kuboku və Yarmarka Kuboku olub. İndi 36 komandalı Çempionlar Liqası, 36 komandalı Avropa Liqası, 36 komandalı Konfrans Liqası, üstəlik, Millətlər Liqası var.

Növbəti Dünya Çempionatında isə 2026-cı ildə artıq 48 iştirakçı olacaq ki, bu da FİFA-ya üzv olan bütün ölkələrin demək olar ki, dörddə biri deməkdir. Klublararası dünya çempionatı 2025-ci ildə 32 komandanın iştirakı ilə keçiriləcək.

Pul çox olduğuna görə hamı alqışlayır. Amma həddən artıq doyma futbola marağın itməsinə gətirib çıxarır, mən bunu özümdə görürəm”.

Xatırladaq ki, 88 yaşlı Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib.

Mirağa

Избранный
5
fanat.az

1Источники