RU

Avro niyə ucuzlaşır?

Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycanda aparıcı valyutalardan olan avronun ucuzlaşması müşahidə edilir. Avronun manata qarşı məzənnəsi 1,79 səviyyəsinə enib. Halbuki, noyabrın əvvəlində 1 avro 1,85 manata satılırdı.

Ekspertlər hesab edirlər ki, ölkəmizdə avronun ucuzlaşmasına səbəb bu valyutanın dollarla olan məzənnəsinin dəyişməsi ilə bağlıdır. Son günlərdə dolların məzənnə dəyərində ciddi artım baş verir. Bu artımla əlaqədar olaraq avro dollar qarşısında ucuzlaşır. Belə ki, ABŞ dollarında son 3 ayda müşahidə edilən bahalaşma hələ də davam edir. Dolların bahalaşmasını avro ilə olan məzənnədən də görmək olar. Sentyabrda bir avro 1,12 dollara dəyişdirilirdisə, hazırda bir avronun məzənnəsi 1,06 dollardır.

Mütəxəssislərə görə, dolların bahalaşmasına FED-in addımları təsir edib. FED gözlənilənlərin əksinə olaraq faiz dərəcələrini sürətlə deyil, tədricən endirəcəyini açıqlayıb. ABŞ mərkəzi bankının yumşaq pul siyasətinə tədricən və ehtiyatla keçmək siyasəti dolları bahalaşdırır. Dolların bahalaşmasına ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri də təsir edir. Yenidən prezident seçilən Donald Tramp idxalı azaltmaq üçün təsirli tədbirlər görəcəyini bildirib. O, bu məqsədlə idxal vergi və rüsumlarını artıracağına dair açıqlama verib. Trampın bu ifadələri Avropada narahatçılıq yaradıb. Əgər Tramp idxal vergi və rüsumlarını artırarsa bundan ən çox avropalı ixracatçılar ziyan görəcək ki, bu da “qoca qitə”də iqtisadi vəziyyəti pisləşdirəcək, avronun gücünü zəiflədəcək. Buna görə də son həftə ərzində avro dollar qarşısında xeyli ucuzlaşıb. Mövcud vəziyyətin təhlili göstərir ki, dollar hələ bir müddət də dəyər qazana bilər. Ümumilikdə, Trampın öz vəzifəsinin icrasına qədər beynəlxalq birjalarda narahatçılıq qalacaq və bu, dolları bir qədər də dəyərləndirəcək.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əlirzayev də deyib ki, 2024-cü ildə avronun ucuzlaşmasının əsas səbəbləri arasında ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini artırması, Avropanın enerji böhranı, geosiyasi qeyri-sabitlik və iqtisadi zəifləmə durur: “FED-in faiz artımları dolların güclənməsinə səbəb olduğu üçün avro digər valyutalar qarşısında dəyər itirir. Eyni zamanda, Avropa Birliyi ölkələrində iqtisadi geriləmələr və yüksək inflyasiya təzyiqi avronun zəifləməsinə əlavə təsir edir​​​​​​. Təbii ki, bu vəziyyət Azərbaycan kimi ölkələr üçün müsbət və mənfi nəticələrə gətirib çıxarır. Müsbət tərəfdən, idxal olunan Avropa mallarının və turizm xərclərinin ucuzlaşması qeyd edilə bilər. Mənfi təsirlər isə Avropaya ixrac olunan məhsullardan əldə edilən gəlirlərin azalması ilə bağlıdır. Biz Avropaya əsasən, enerji məhsulları ixrac edirik və bu halda əldə etdiyimiz gəlir ötən dövrlərlə müqayisədə azala bilər”​​​.

Onun fikrincə, avronun gələcək dinamikası Avropanın iqtisadi siyasətlərindən və qlobal bazarların gedişatından asılıdır: “Hazırkı tendensiya avronun zəifləməsini davam etdirə bilər, lakin enerji qiymətlərində və iqtisadi inkişaf göstəricilərindəki dəyişikliklər bu vəziyyəti təsirləndirə bilər​​​​”.

Избранный
23
hafta.az

1Источники