RU

COP29-un Azərbaycanın tədris proqramlarına TƏSİRLƏRİ: ““Yaşıl” mövzular, ekoloji layihələr...”

Azərbaycanda COP29 çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf və “yaşıl” iqtisadiyyatın inkişafı istiqamətində keçirilən tədbirlər yalnız ekoloji deyil, həm də sosial və iqtisadi sahələrə əhatəli təsirlər göstərib. Hətta sözügedən tədbir elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına da təkan verib.

 

Maraqlıdır, COP29-un təhsil sistemi, o cümlədən tədris proqramlarına hansı töhfələri olub?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, COP29 çərçivəsində məktəbəqədər təhsil müəssisələrində ekoloji təhsil xüsusi diqqət mərkəzinə çevrilib.

 

“İqlim dəyişikliyi ilə bağlı erkən yaşlarda maarifləndirmə işləri uşaqlarda ekoloji düşüncə tərzinin formalaşmasına xidmət edir. Ümumi təhsildə isə ekoloji savadlılıq üzrə tədris planlarında dəyişikliklər baş verib. Azərbaycan məktəblərində ekoloji layihələrin, həyətyanı bağçaların və “yaşıl laboratoriyaların” yaradılması təşviq edilib. Statistikaya əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən 30-a yaxın orta məktəbdə şagirdlərin iştirakı ilə ekoloji seminarlar keçirilib, iqlim dəyişikliyi ilə bağlı yeni tədris vəsaitləri təqdim olunub. Müasir texnologiyalardan istifadə edərək “yaşıl” mövzuların oyunlar və layihələr vasitəsilə tədrisi səmərəliliyi artırıb”.

 

Ekspert qeyd edib ki, orta ixtisas və peşə təhsili COP29-un ən ciddi təsir göstərdiyi sahələrdən biridir:

 

“”Yaşıl texnologiyalar”, “ekoloji menecment” və “bərpa olunan enerji mənbələri” üzrə yeni ixtisaslar təqdim edilib. Bu, əmək bazarında “yaşıl” sahələrə olan tələbatı qarşılamaq üçün önəmli addımdır. Peşə təhsili müəssisələrində “yaşıl” peşələr üzrə tələbə sayı son bir il ərzində 25% artıb. 2023-cü ildə 8000-dən çox tələbə bərpa olunan enerji və ekoloji təmiz texnologiyalar üzrə təlimlərdə iştirak edib. COP29 çərçivəsində keçirilən tədbirlərdə vurğulanıb ki, Azərbaycanın regionlarında fəaliyyət göstərən peşə təhsili müəssisələri, xüsusən kənd təsərrüfatı və ekoloji turizm istiqamətində daha çox mütəxəssis hazırlamalıdır. Dünya Bankının hesabatına görə, “yaşıl” iqtisadiyyat üzrə peşəkar kadr hazırlığı Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsinə təkan verəcək”.

 

Müsahibimiz bildirib ki, COP29-un ali təhsil sahəsinə təsiri daha dərindir:

 

“Universitetlərdə iqlim dəyişikliyi ilə bağlı tədqiqat mərkəzləri və yeni ixtisas proqramları yaradılıb. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Bərpa olunan enerji texnologiyaları” və “İqlim dəyişikliklərinin sosial təsirləri” üzrə magistratura proqramlarına start verib. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universiteti dayanıqlı iqtisadiyyat mövzularında xüsusi fənləri tədris etməyə başlayıb. Universitetlərarası əməkdaşlıq da artırılıb. ADA Universiteti və BP şirkəti arasında imzalanan memorandum çərçivəsində “yaşıl biznes modelləri” üzrə tədqiqat layihələri həyata keçirilir”.

 

K.Əsədovun sözlərinə görə, COP29-un təsiri uzunmüddətli perspektivdə təhsil və əmək bazarında yeni tendensiyaların yaranmasına səbəb olacaq:

 

“2030-cu ilə qədər yaşıl ixtisaslar üzrə ali və peşə təhsili alanların sayı ən azı 50% artacaq; təhsildə ekoloji layihələr və texnologiyaların tətbiqi genişlənəcək; Azərbaycanın qeyri-neft sektorunda yeni innovativ iş yerləri yaranacaq. İqtisadiyyatın “yaşıl” transformasiyası Azərbaycan təhsilinə və cəmiyyətinə daha sabit və dayanıqlı bir gələcək təmin etmək üçün vacib təməldir”.

 

Türkan

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Избранный
1
40
sfera.az

10Источники